Cümə , 22 Noyabr 2024
Drone Cameras

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

Milli Məclisə keçiriləcək seçkilərdə namizədlərdən biri də 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovdur.

O, 1970-ci il aprel ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. Bakı Dövlət Universitetində “Jurnalistika” və Taras Şevçenko adına Kiyev Milli Universitetində “Dövlət qulluğu” ixtisasları üzrə ali təhsil alıb. 1997-ci ildən 2002-ci ilədək “Azərbaycan Dövlət Teleradio Verilişləri” QSC-nin xəbərlər redaksiyasında redaktor vəzifəsində fəaliyyət göstərib. 2002-ci ildən 2019-cu ilədək həmin qurumun mərkəzi Kiyev şəhərində olmaqla Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. Ukraynanın “Qızıl Pero”, Moldova Respublikasının “Dostluq Medalı“, Belarus Jurnalistlər İttifaqının “Fəxri Diplomu“ mükafatlarına layiq görülüb. Azərbaycan və Ukraynanın Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

APA 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovla müsahibəni təqdim edir:

-Ukraynadakı fəaliyyətiniz dövründə bir çox uğurlara imza atmısınız. Bu da hamı tərəfindən birmənalı qarşılanmayıb, haqqınızda müxtəlif fikirlər formalaşıb. Necə düşünürsünüz, yanlışlıqlar olubmu?

– Təşəkkür edirəm ki, bəzi fikirlərimi paylaşmağa imkan yaradırsız. Hər şeyi danışmaq olmur, bu, təkcə konyuktura ilə bağlı deyil. Valideynlərim mənə elə tərbiyə verməyib ki, yaxşılıqlarımı gözə soxum, mənə olunan pisliklərə müqabil cavab verim. Bəzi şeyləri zamana buraxmağı xoşlayıram. O qədər özünü bəyənmiş də deyiləm, qüsuru olmayan tək Allahdır. Bir də ki, hamıya yaxşı olmaq anormallıqdır, situasiyaya uyğun ədalətli olmaq daha vacibdir. Həyat sel kimi axıb gedir, hər kəsə diqqət göstərmək də çətindir. Bəzən sənin yaxşı bildiyin hərəkət kiminsə mənafeyinə uyğun gəlmir, bəzən də əksinə. Mənim alnım dövlətimin, valideynlərimin və Allahımın qarşısında açıqdır.

Baxın, Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışanda tək xidməti vəzifəmi yerinə yetirməmişəm. Ulu Öndər Heydər Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq diaspor fəaliyyətinin canlanması üçün əmək qoymuşam. Bu, özfəaliyyət deyildi, Ümummilli liderimizin o vaxtlar prezident kimi Ukraynaya səfəri zamanı diaspor nümayəndələri ilə görüşlərində birbaşa söylədiyi və tapşırdığı planlar üzrə hərəkət etmişəm. Sonrakı dövrlərdə də bu və digər formada həmin sahəyə cavabdehlik daşıyan çox yüksək vəzifəli insanlarla məsləhətlər aparmışam, məlumat vermişəm. Bəzilərində bu, qısqanclıq hissi oyatdığından mənə qarşı şər-böhtan kampaniyasına start verdilər. Onların destruktiv fəaliyyətləri o zaman diasporumuz tərəfindən qəbul edilmədi, sonralar onlar faş olundu, iflasa uğradılar.

Sual edə bilərsiniz ki, hansı fəaliyyətim bəzi adamlarda belə qısqanclıq yaratdı? Ukraynada Ukrayna Azərbaycanlıları Konqresinin, Belarus Respublikasında Belarus Azərbaycan İcmaları Konqresinin , Moldova Respublikasında Moldova Azərbaycanlıları Konqresinin qurulmasında və formalaşmasında, o cümlədən sözügedən ölkələrdə Azərbaycan Gənclər Birliyinin yaradılmasında yaxından iştirak etmişəm. Diasporumuzun yumruq kimi birləşməsində böyük əməyim olub. 2003-cü ildən başlayaraq “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin, BMT-nin və ATƏT–in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının əsas təşkilatçılarından biri olmuşam. Bununla bağlı Ermənistan hökuməti Ukrayna Xarici İşlər Nazirliyinə nota verib. Ukrayna və Şərqi Avropa ölkələrində fəaliyyət göstərdiyim illərdə ssenarilərim əsasında Ukraynada və Moldovada “Heydər Əliyev: İki Əsrin Fenomeni” sənədli filmi (1-ci və 2-ci hissə), Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev – İnsanlığa Bağışlanan Ömür”, “Oddan Doğulan Xalq”,  “Azərbaycan – Minilliklərin tarixinə yeddi günlük səyahət” , ”Qarabağ tarixin burulğanında ” və bir sıra sənədli filmlər çəkilərək Azərbaycan, Ukrayna və Moldovanın dövlət televiziyalarında efirə verilib. Ermənistan televiziyalarının bizim filmlərə müqabil olaraq Ukrayna televiziyaları üçün hazırladığı yalan-hədyan dolu veriliş və filmlərin getməsinə operativ müdaxilə edərək rəsmi səviyyədə qarşısını almışıq. Çox şeyi demək olmur. Sizcə, mənim fəaliyyətim erməniləri və bəzi məmurlarımızı eyni dərəcədə qıcıqlandırıbsa, kimdən şübhələnək? Günah obyekti niyə mən olmalıyam? Kiminsə biznes maraqları dövlət maraqlarımızla uyğun gəlməyibsə, mən niyə suçlu olum ki? Şükür Tanrıya ki, prezident İlham Əliyevin apardığı islahatların küləyi belələrini saralmış yarpaq kimi xəzəlliklərə qovuşdurdu. 

– Aydındır. Möhsüm müəllim, 30 ilə yaxın çalışdığınız Azərbaycan Televiziyasından uzaqlaşdırılmağınızı da bu məsələnin tərkib hissəsi saymaq olar?

– Yeni rəhbərliyə heç bir iradım yoxdur, baxmayaraq ki, Rövşən Məmmədovun imzaladığı birinci əmr mənim haqqımda oldu. Məni heç tanımırdı da, cavandır, bəzi basqılara duruş gətirə bilməzdi. Televiziyamızda apardığı islahatları, yenilikləri dəstəkləyirəm və buna çox şadam. Düzdür, 30 ilə yaxın çalışdığım bir iş yerini tərk etmək o qədər də asan deyildi, amma ömür boyu orda işləməliydim deyə, bir şey də yoxdur. Mənim ordan uzaqlaşdırılmağım konkret göstəriş idi, kəmfürsətin fürsəti əldən verməmək cəhdi kimi baxaq. Amma Tanrı ədalətlidir, mənə qarşı sürülən ittihamların eynisi ilə indi özləri cavab verir.

– 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizədliyinizi irəli sürmüsünüz. Buna revanş kimi baxaq, yoxsa bu da konkret təklifdir?  

– Mən islahatları sevən, daim yenilənməyi vacib sayan bir adamam. Cənab Prezidentin son zamanlar apardığı islahatlar mənə bu cəsarəti verdi, heç bir təklifdən söhbət gedə bilməz. Bu, mənim konstitusiya hüququmdur və ondan istifadə edirəm. Eyni zamanda illərlə təcrübə toplamış yetkin bir insan xidmətini xalqından əsirgəməməlidir. Dövlət başçısının da dediyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub və bu islahatlar uğurlu nəticələr verməkdədir. Həmçinin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması da bu islahatların tərkib hissəsidir. Azərbaycan prezidenti hər zaman xalqı düşünüb, vəd etdiyi kimi, hər bir vətəndaşın prezidenti olub. Dövlət başçımızın vətəndaşına göstərdiyi xidmətin kiçik bir hissəsinə çevrilmək niyyəti ilə bu yola çıxmışam.

– Deputatlığa namizəd kimi, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsini seçməniz nəylə bağlıdır?

– Göygöl-Daşkəsən mənə doğulduğum Göyçə qədər doğma və əzizdir. Birincisi, dağların o tayı elə Göyçədir. İkincisi, 1988-ci ildə mənfur düşmənin xain siyasətinin qurbanına çevrilib doğma yurd-yuvamızdan didərgin düşəndə ilk gəldiyimiz yer elə Göygölün Şəhriyar kəndi oldu. Göygöllülər bizə isti qucaq açdılar, son tikələrini paylaşdılar. Neçə qohum-əqrabamız Göygölün, Daşkəsənin kəndlərinə yerləşdilər. Göygöl-Daşkəsən rayonlarında hələ 1948-ci il deportasiyası nəticəsində məskunlaşmış xeyli göyçəli vardı. Biz, Şəhriyara nənəli-babalı, atalı-analı gəlmişdik. Yaşadığımız illər ərzində neçə doğmamız yurd həsrəti ilə dünyadan köçdülər və Göygöl-Daşkəsən torpağına gömüldülər. Yurdlaşdı bu yerlər bizə, isinişdik bu camaata. İllərlə elədikləri yaxşılığı bir an belə unutmadım. O kənddən həyata vəsiqə alıb ali məktəbə qəbul olundum. Azərbaycan televiziyasında jurnalist kimi fəaliyyət göstərməyə başladım. O zaman Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə televiziyamızın Ukrayna və Şərqi Avropa üzrə xüsusi nümayəndəliyinin rəhbəri təyin olundum. Ümummilli Liderimizin Ukraynaya səfərləri zamanı onu müşayiət elədim. Bir an belə onun tövsiyələrini unutmadım. Ukraynada və Şərqi Avropa ölkələrində Azərbaycan həqiqətlərini yaymaq üçün var-gücümlə çalışmışam. Sonralar da Ulu Öndərimizin layiqli davamçısı prezident İlham Əliyevin sıravi bir əsgəri kimi tapşırıqlarına, çağırışlarına sadiq olmuşam. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyirxah missiyası bir azərbaycanlı kimi də məndə rəğbət hissi oyadıb. Bu tendensiyaları seyrçi qalmağı qəbul edə bilməzdim. Əgər bu işə zərrə qədər bir qatqım olarsa, özümü xoşbəxt sayaram. Artıq özümü siyasətlə məşğul ola biləcək yetkin, hazırlıqlı, təcrübəli bir insan hesab edirəm. Ölkə başçısının islahatlarından qüvvət alaraq, Göygölə, göygöllülərə və daşkəsənlilərə öz mənəvi borcumu xidmətimlə qaytarmaq istəyirəm.

– Təbliğat-təşviqat kampaniyanız necə davam edir? Bu istiqamətdə hansı işləri planlaşdırırsınız?

– Çalışıram ki, daha çox görüşlər keçirim. Bu kampaniyada əsas işimiz seçicilərimlə görüşərək, onları tanımaq, seçki platformamı açıqlamaq və əlbəttə ki, onları narahat edən məsələləri öyrənməkdir. Səmimi görüşlərimiz olur, lazım gələndə bir kəndə bir neçə dəfə gedirəm. Sizi əmin edim ki, bəzən yolda maşınlarımızı görəndə əl edib ayaq saxlamağımızı istəyirlər. Sual verirlər, açıq, bəzən də çətin. Amma bizim alnımız açıq, üzümüz ağdır, dövlətimizə də arxalanırıq. Sözümüzü, vədimizi, seçilmək istəyimizi bütün sevgimizlə açıq çatdırırıq.

– Sizin dairədə 12 deputatlığa namizəd qeydə alınıb. Seçki prosesləri zamanı çoxlu söz-söhbət yaranır. Belə deyək, qara piar işə düşür. Sizin, eləcə də dairənizdən olan namizədlər haqda da belə məlumatlar dolaşır. Necə düşünürsüz, buna müvəqqəti xarakterli bir kampaniya kimi baxmaq olar?

– Bilirsiniz, piar, ağ və ya qara olmasından asılı olmayaraq, müxtəlif yazılar və məlumatların asan yayılması demokratiyanın, söz azadlığının göstəricisidir. Plüralizm pis hadisə deyil. Hər kəs öz fikrini bildirməkdə sərbəstdir. Bu, qalır onun ədalətinə, vicdanına və intellektinə. Yəni, milli-mənəvi dəyərləri, dəyərlər sistemini, mənəvi ekosistemi korlamamaq şərti ilə mübarizə qəbul ediləndir. Yəni, heç olmasa, oxuduğun dua hürkütdüyün qurbağaya dəysin. Mən opponentlərimin hamısına hörmətlə yanaşıram. Təbii ki, hər kəs bu marafonun qalibi olmağa çalışır. Mənim mübarizə yolum siyasi mədəniyyət çərçivəsindədir. Ancaq öz təmiz tərcümeyi-halım və görə biləcəyim işlərin vədi ilə bu yarışa qoşulmuşam. Bundan başqa, birinci, seçicilərimiz kifayət qədər ayıqdırlar. Namizəd olduğum dairədə bayaq ərz etdiyim kimi, məni kifayət qədər yaxşı tanıyırlar. İkincisi, biz də deyirik ki, gəl, gör, tanı, seç!

– Opponentlərinizin də öz platforması, seçicilərə vədləri var. Maraqlıdır, nəyə görə seçici məhz sizə səs verməlidir? Sizi başqa namizədlərdən fərqləndirən cəhət nədir?

– Təcrübəm yetərincədir, xalqımı çox sevirəm, dövlətçiliyin nə olduğunu yaxşı bilirəm, islahatlara tam meylli adamam. Ulu Öndərimiz Heydər Əliyevin irsinin, amallarının vurğunuyam. Cənab Prezidentin çağırışlarına çevik reaksiya verməyi bacaracağıma əminəm. İşləmək üçün də kifayət qədər enerjim və əzmim var. Göygöl, Daşkəsən rayonları həm aqrar sahə, həm istehsal müəssisələri, həm də turizm üçün çox əlverişli bölgədir. Avropadan çoxlu təcrübə qazanmışam, region üçün öz planlarım, konsepsiyam var. Ölkəmə, dövlətimə, yerli camaatıma xeyirli olacağıma tam əminəm. Bundan sonra qalanı seçicinin hüququdur.

– Möhsüm müəllim, təbii ki, bunu seçici seçkilərdə özü müəyyənləşdirəcək. Öz seçicilərinizə nə kimi tövsiyələriniz var?

– Güclü Azərbaycan naminə seçicilərimi bu seçkilərdə aktiv iştirak etməyə çağırıram. Yaxşı bilirəm, hansı məsuliyyətin altına çiyinlərimi vermişəm. Şuarım bundan ibarətdir : “Parlamentdə sözünüz və özünüz olacağam!”  Seçicilərim mənə səs verdikləri halda, əmin ola bilərlər ki, mən onları layiqincə təmsil edəcəyəm. Qoy, Tanrı bu seçkiləri dövlətimiz, xalqımız üçün xeyirli eləsin.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …