Moldova prezidenti İqor Dodonun səlahiyyətlərini parlamentin spikeri Andrian Kandu icra edəcək. O, həmçinin dövlət başçısı kimi müdafiə nazirini təyin etmək səlahiyyətinə malikdir. Qeyd edək ki, oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin iddiasına baxıb. İddiaya əsasən prezident öz vəzifəsini yerinə yetirməkdən imtina etdikdə, onun başqa vəzifəli şəxslə əvəz edilməsini nəzərdə tutur. Məhkəmə isə prezident Dodonun öz vəzifəsini icra edə bilmədiyini nəzərə alaraq, onun səlahiyyətlərinin parlamentin spikerinə, ya da baş nazirə verilməsi barədə qərar çıxarıb.
Hakimiyyət dəyişikliyinə səbəb kimi prezident Dodonun Yeudje Sturzanı baş nazirin təqdimatı əsasında müdafiə naziri təyin etməkdən iki dəfə imtina etməsi olub. Ona görə də hökumət başçısı prezident Dodonu öz vəzifəsinin öhdəsindən gələ bilməməkdə ittiham edərək dövlət başçısı postundan kənarlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Beləliklə, Moldovada xeyli müddətdir gözlənilən hakimiyyət dəyişikliyi baş tutub. Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd edilir ki, İqor Dodon Sturzanı müdafiə naziri təyin etməyə məcbur olsa da, dövlətin ali vəzifəli şəxslərindən hansının-baş nazirin, yoxsa spikerin bu sərəncamı icra etməli olduğunu göstərməyib.
Artıq prezident Dodon növbədənkənar seçkilərin keçirilməsi barədə parlamentə sorğu ilə müraciət edib. O, təmsil etdiyi partiyanın üzvlərini dəstək almaq üçün kütləvi aksiyalara başlamağa çağırıb.“Moldovanın prezident üsul-idarəsini keçməsi üçün növbədənkənar parlament seçkilərindən başqa yolu yoxdur. Prezident üsul-idarəsinə keçmək məqsədi ilə dövlət səviyyəsində fəaliyyətə başladığımızı bəyan edirəm”-deyə İ.Dodon bildirib.
Müdafiə nazirinin təyinatı ilə bağlı fikir ayrılığı bu prosesdə sadəcə olaraq, prezidenti istefaya göndərmək üçün siyasi açar rolunu oynayıb. Bir ildir ki, Moldovanın Rusiyapərəst prezidenti İqor Dodonla Qərbyönümlü hökumət arasında siyasi gərginlik artan xətt üzrə gedirdi. Avropa Birliyi və ABŞ-ın müttəfiqi sayılan baş nazir Pavel Filip sosialistlərin lideri İqor Dodonun Moldovanı Avrasiya İqtisadi Birliyinə üzv etmək siyasətinə qarşı çıxır. Bu prosesdə Qərb baş nazirə dəstəyini gizlətmirdi.
Yaranmış vəziyyətə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi İqor Peskov isə baş verənləri Moldovanın daxili işi adlandırıb. Maraqlıdır ki, Kremlin sözçüsü İqor Dodonu müdafiə etməyib. O, Rusiyanın Moldova ilə münasibətlərinin inkişafında maraqlı olduğunu deyib. Peskovun fikirlərinə rəğmən, Moldovada Rusiya ilə Qərb arasında getdikcə artan geosiyasi qarşıdurmanın hakimiyyət böhranına gətirib çıxaracağı gözlənilən idi. Moskva İ.Dodonun prezident seçilməsindən istifadə edərək Şərqi Avropada və Dnestryanı bölgədə geosiyasi mövqeyini möhkəmlətmək planını işə saldı. Xüsusilə də Dodonun Moldovanı AİB-nə məşvərətçi qismində üzv etmək niyyəti Rusiya üçün tutarlı arqument idi. Bu, Rusiyaya həm də Moldovanın Rumıniyaya birləşməsinin və NATO-ya inteqrasiyasının qarşısını almaq üçün çox lazımdır.
Ancaq Şərqi Avropada Rusiya ilə geosiyasi qarşıdurmanın baş verdiyi və NATO-nun əsas hərbi-strateji planlaşdırma mərkəzinin Rumıniyaya köçürüldüyü bir vaxtda Qərbin Dodona güzəştə gedəcəyi inandırıcı görünmürdü. Bu, Ukraynanın təhlükəsizliyi üçün də ciddi əhəmiyyət daşıyır. (Cebhe.info)
Boyukmillet.com