Çərşənbə , 8 May 2024
Drone Cameras

Mübariz Mənsimov şər əməllərindən əl çəkmir

Vaxtilə okeanın o tayında erməni ilə işbirliyi yapmış Mübariz Mənsimov şər əməllərindən əl çəkmir. Guya təhsilə qayğı göstərir. Amma birinin əli ilə o birini vurmaq istəyir.

Özü də işini kişiyə yaraşmayan şəkildə edir. Yəni arxadan zərbə vurmaqla məşğuldur. Keçən il onun sərgüzəştlərindən yazmışdım. Bu adam İstanbulda fəaliyyət göstərən iki Azərbaycan məktəbini bir-birinə qarşı qoyub. Mübariz İbrahimovun adını daşıyan məktəbi Mübariz Mənsimov himayəsinə götürüb. Lap yaxşı. Ancaq eyni işlə məşğul olan başqalarına maneə olmasın. Başa düşmək olmur ki, bu adam Hüseyn Cavid adına məktəbə nə verib və nəyi ala bilmir? Bu məktəbi Şərqiyyə xanım Məmmədova öz vəsaiti, öz zəhməti hesabına qurub bu səviyyəyə çatdırıb. Sovet İttifaqı dağılan dövrdə,müstəqilliyjn ilk illərində Türkiyəyə getmiş həmvətənlərimizə orada dayaq olub.

Təhsil verməkdən başqa nüfuzundan, əlaqələrindən istifadə edərək soydaşlarımızın sənədləşmə işlərinə hər zaman köməklik göstərib, onları çətin zamanlarda ümidsizlikdən qurtarıb.

Bu məktəbdə şagirdlərə hər cür şərait yaradılıb. Lakin hər addımda işə badalaq gəlirlər. Nə yazıq ki adını azərbaycanlı qoyanlar tərəfindən. Deyəsən Mübariz bəy Palmali şirkətinin uğursuzluğunun heyfini təhsil ocağından çıxmaq istəyir. Dayanmadan Hüseyn Cavid adına məktəbdən Türkiyənin dövlət orqanlarına şikayətlər yönəldir. Görəsən bununla nə əldə etmək istəyir? Başa düşmür ki ortada uşaqlar əziyyət çəkir. Bir az pulun var deyə hamı sənə baş əyməlidir? Kömək etmək əvəzinə intriqa yaratma. İmkan ver camaat işini görsün. Pulun çox ola bilər, amma xeyriyyəçi olmaq hər kişinin başı üçün deyil. Millətini düşünən iş adamlarımız olub. Hacı Zeynalabdini yada salsaq bəs edər. İndi də elələri var. Amma etdiklərini ictimailəşdirməyi sevmirlər.

Mənə bir məqam da maraqlı gəldi. Mübarizin “mübarizə”si bir müddət qismən səngimişdi. İndi birdən-birə yenə hərəkətə keçdi. Şikayətlər, anonim ərizələr və s. Biz düşməni qovmağımıza sevinirik, bu adam düşmən xisləti göstərir. Biz prezident seçkilərinə hazırlaşırıq, bu adam isə qardaş Türkiyənin, dünyanın ən böyük şəhərlərindən biri olan İstanbulda yaşayan vətəndaşlarımızın fikrini yayındırır, insanlarda dövlətə qarşı süni narazılıq yaratmağa çalışır. Artıq bu iş adamının, onun əlaltılarının hoqqalarına son qoymaq lazımdır. Türkiyədəki səfirliyimiz, İstanbuldakı baş konsulluğumuz, Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi, Elm və Təhsil Nazirliyi Hüseyn Cavid məktəbi və rəhbəri Şərqiyyə Məmmədovanı Mübariz Məndimovun şərindən qorumalıdır. Şagirdlər, valideynlər təlaş içində nə edəcəklərini bilmirlər. Narahat olurlar ki, birdən məktəb bağlanar. Qışın ortasında uşaqlarını hara aparacaqlar? Heç nədən gərginlik yaradan bu qüvvələrin cavabı nə vaxt veriləcək?

Ümidvarıq ki, cənab Prezident İlham Əliyev, hörmətli Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva doğma Türkiyəmizdə Hüseyn Cavidin adını daşıyan məktəbi təhlükədən qoruyacaq, müəllimləri, şagirdlərin, valideynlərin narahatlığına son qoyacaqlar.

Sima Babayeva

Check Also

Qürbətdə, Vətən həsrəti

Laçın babalarımızın, əcdadlarımızın yurdudur. Şəlvə dərəsinin nadir gözəlliyinə, Qırxqız yaylağının səfalı havasına, uca qayaların qoynundan …