Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrində qışa hazırlıq işlərinin plana əsasən tamamlanmasını tapşırıb.
Nazir tapşırığını iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb.
Müdafiə naziri bölmələrdə xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması, gənc əsgərlərin qəbulu, müvafiq bölmələrdə yerləşdirilməsi, həmçinin Hərbi Andiçmə mərasimlərinə hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.
Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına riayət olunmasını təhlil edən general-polkovnik Z.Həsənov bu qaydaların şəxsi heyətə mütəmadi olaraq çatdırılması və onlar tərəfindən ciddi əməl olunmasına daim nəzarət edilməsinin vacibliyini xüsusi vurğulayıb.