Martın 15-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Nizami Məmmədovla yanaşı hakim qarşısına Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.
Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, şahidlərin dindirilməsi mərhələsidir. İş üzrə çoxsaylı şahidlər var. Sonuncu prosesdə şahid Fəraim Sərkərov ifadə vermişdi. O daiş üzrə bir çox şahidlər kimi hazırda həmç də təqsirləndirilən şəxslərdir. Onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi ayrıca icraata verilib. Fəraim Sərkərov 2010-cu ildən Müdafiə Nazirliyində zabit kimi işə başlayıb.
Onun sözlərinə görə ilk iş yeri 3-cü ordu korpusunda, Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində maliyyə xidməti rəisinin köməkçisi olub. 2018-ci ildən 2022-ci ilin fevralına qədər Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. 2022-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Fəraim Sərkərov deyib ki, dövlətə vurduğu ziyanı tam ödəyib, bu səbəbdən barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Prokurorun suallarını cavablandıran Fəraim Sərkərov deyib ki, işlədiyi dövrdə maliyyə pozuntularına yol verib: “Əlavə sifarişlər yazırdıq. Həmin məbləğin 30 faizini təftişə, 20 faizini də maliyyələşməyə vermişəm. İşlədiyim dövrdə ümumilikdə 594 min manat ziyan vurulub. Həmin məbləğdən də 208 min 94 manat mənə çatıb. Həmin ziyanı da tam ödəmişəm”.
Fəraim Sərkərov deyib ki, işlədiyi dövrdə rəisləri Cəlal Kazımov və Rasim İbrahimov olub: “Bütün pulları onların vasitəsilə təftişə vermişəm. İşlədiyim vaxt Maliyyə Büdcə İdarəsinin təftişindən başqa nazirlik tərəfindən iki dəfə inspeksiya gəlib. Həmin vaxtda əlavə olaraq 25 min manat pulu Cəlal Kazımova vermişəm”.
Daha sonra təqsirləndirilən Cəlal Kazımov da buna münasibət bildirib. O qeyd edib ki, Fəraim Sərkərovu maliyyə xidmətinin rəisi təyin olunması üçün təqdimatı o verib: “Fəraimdə yalan yoxdur. O vaxt artıq olan məbləğin 20 faizini maliyyələşmənin rəisinə, 30 faizi isə təftişin rəisi Rafael Xələfova çatıb. Həmin məbləğləri maliyyə xidmətinin rəisləri mənə verib. Mən də onlara vermişəm. Heç kimdən əlavə pul alınmayıb, əlavə tapşırıqlar verilməyib. İnspeksiya pullarına gəlincə isə deyim ki, nazirlik tərəfindən bizim yoxlamadan başqa inspeksiyalar göndərilirdi. İnspeksiyalar yalnız nazirin əmri olurdu, onlar birbaşa nazirə tabedir. Yoxlamalar gələn zaman tabeliyində olan maliyyə xidmət rəisləri məlumat verirdi. Onlar pulları göndərirdi, mən də həmin məbləğləri Rafail Xələfova verirdim. O da məsələri inspeksiyanın rəisi Namiq Poladovla həll edirdi, beləcə problem aradan qalxırdı”.
Vəkillərin suallarına cavablandıran Fəraim Sərkərov qeyd edib ki, artıq məbləğləri nağd şəkildə, ya da “ölü canlar” adlandırılan kartlar vasitəsi ilə çıxarıb: “Müxtəlif dövrlərdə ümumilikdə 14 kart açılıb, həmin məbləğlər çıxarılaraq nağdılaşdırılıb. Həmin pullar da təftiş zamanı hesablanıb”. Daha sonra Fərid Abdullayev ifadə verib. O, “N” saylı hərbi hissənin maliyyə xidmət rəisi işləyib. Bildirib ki, 2021-2022- ci illər arasında maliyyə xidməti rəisi olduğu hərbi hissədə artıq sifarişlər yazılaraq pullar mənimsənilib: “Həmin dövr ərzində ümumlikdə 67 min manat yeyinti aşkar edilib. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar da iştirak etmişəm. Həmin yoxlama ilə razıyam. Dövlətə dəymiş ziyan tam olaraq ödənilib”.
Şahid ödənişin qəbzlərini məhkəməyə təqdim edib. Digər şahid, hazırda Mərkəzi Ərzaq Anbarının maliyyə xidmətinin rəisi Səftər Əmirov bildirib ki, hərbi hissədə çalışdığı dövrdə artıq şifarişlər yazılaraq pullar mənimsənilib: “Həmin məbləğlərin təftiş zamanı 50 faizi geri qaytarılıb. İşlədiyi hərbi hissədə mənimsənilən ümumi məbləğ 153 min manat olub. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak etmişəm və yoxlamanın nəticəsi ilə razılaşmışam. Həmin puldan 67 min 512 manat mənə çatıb. Dövlətə vurduğum ziyandan 52min 800 manat ödəmişən. Qalan məbləği yaxın zamanlarda ödəcəyəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.