Onlar rüşvət, külli miqdarda mənimsəmədə ittiham olunurlar
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin keçmiş rəisi, polkovnik Elmar Məmmədov, bu idarənin əsaslı və cari təmir bölməsinin rəhbəri Rəhim Laçınov 660 min manatlıq mənimsəmədə ittiham olunur.
Rəhim Laçınov iyulun 30-da həbs olunub, polkovnik Məmmədov haqqında isə avqustun 9-da eyni qərar verilib. Onların hər ikisinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Elmar Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.
Rəhim Laçınov isə Cinayət Məcəlləsinin 179.4 maddəsilə yanaşı, 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə də təqsirləndirilir.
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin daha bir sabiq rəisi Fikrət Mirzəyev də həbsdədir. O, Müdafiə Nazirliyi və tabe qurumlarda 143 milyon manat mənimsəmə ilə bağlı həbs olunanlardan biridir. Həmin işin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. Bir ildən çoxdur onun məhkəməsi gedir. Onun işinə Bakı Hərbi Məhkəməsində baxılır. Ona verilən ittiham 2016-2019-cu illəri əhatə edir.
Elmar Məmmədov və Rəhim Laçınovun işi üzrə istintaq isə Hərbi Prokurorluqda gedir. Onlara verilən mənimsəmə ittihamı isə 2020-ci ilə aiddir.