Prezident İlham Əliyevin bu il iyunun 3-də imzaladığı “Azərbaycan vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq, iyulun 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, xidmət tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşdırılıb.
Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları iyulun 1-dən 30-dək ehtiyata buraxılıblar.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, ölkə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.