Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Müxalifət uzun illərdir ki, nəticəsizlik sindromundan əziyyət çəkir” – İqbal Ağazadədən heyrətamiz açıqlamalar

Ümid Partiyasının sədri: “Müxalifət liderlərin eqolarının qurbanına çevrilən bir proses yaşayır”

“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə Ümid Partiyasının sədri İqbal Ağazadə qonaqdır. İqbal bəylə ölkə iqtisadiyyatından tutmuş, turizmə, eləcə də zamanında Milli Məclisdə etdiyi kəskin çıxışlara qədər bir çox mövzulara toxunduq. Sərt tənqidi ilə diqqət çəkən İ.Ağazadə idarəetmə məsələsində də hakimiyyətə xeyli tövsiyələr verdi.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, onun birinci müavini Azər Ayxan və “Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanovun iştirakı ilə baş tutan söhbətdə sadaladığımız bütün mövzular incəliyinə qədər və bizim kontr – suallarımızın müşayiəti ilə təhlil olundu.

R.Arifoğlu:

– Mən sizi niyə geriyə qaytardım? Bir sualım var. Bu müddət ərzində hakimiyyətin etdiyi bir dənə də olsun düzgün, dürüst addım yoxdumu?

– Mənim mandatım hakimiyyətin dürüst addımlarını qeyd etmək üçün deyil. Mən bunu hakimiyyət nümayəndələrinin özünə də demişəm.

Hakimiyyətin çox dürüst addımları ola bilər və var. Amma müxalifətçi olaraq, mənim vəzifəm o dürüst addımların üzərində taxılmaq deyil. Heç sizin də vəzifəniz o deyil. Niyə? Çünki o adamlar o dürüst addımları atmaq üçün seçiliblər, maaş alıblar, o yerdə oturublar. O adamları vəzifədə oturarkən vəzifə borclarını yerinə yetirdiyinə görə yox, yerinə yetirmədiyi məqamlara görə qınayırlar. Vəzifə borcunu zatən yerinə yetirməlidir.

R.Arifoğlu:

– Sizin də təhlil və təftiş borcunuz var. Və obyektivlik naminə təhlili hərtərəfli aparmaq lazımdır. Şəxsən mənim üçün də maraqlıdır. Bu müddət ərzində ölkə iqtidarının atdığı addımlar, həyata keçirdiyi layihələr arasında heç müsbət olanı yoxdumu? İsrarla deməyəcəksizmi?

– Niyə deməyəcəm? Deyəcəm. Azərbaycan iqtisadiyyatının ən azı infrastruktur hissəsinin yenidən təşkili bu hökumətin uğurudur. Amma onun özünün qüsuru var. Məsələn, infrastruktur layihələri şişirdilib. Azərbaycanda çəkilən yolların miqyasına, kanalizasiya, su xətlərinə, hava limanlarına, avtovağzal kompleksinə baxsanız, bütün sovet dönəmində olunanlardan üç dəfə artıqdır.

S.Telmanqızı:

– Amma büdcəyə də baxın ki, bütün bunlar üçün nə qədər vəsait sərf olunub.

– Bəli, o sərf olunan büdcə ilə nələr etmək olardı. Bunu da nəzərə almaq lazımdır. Bir dəfə Milli Məclisdə zarafatla demişəm ki, heç kim Azərbaycana “Çelsi” futbol klubu kimi baxmasın, özlərini də Abramoviç hesab etməsinlər. Xalqın puludur, heç kim cibindən o pulu çıxarıb qoymur. Büdcənin pulunu doğru-dürüst, şəffaf xərcləməlidirlər.

“Heç kim Azərbaycana “Çelsi” futbol klubu kimi baxmasın, özünü də Abramoviç hesab etməsin”

A.Ayxan:

– Üstəlik, o obyektləri saxlamaq da xərc tələb edir…

Foto TБrkm_n (1 of 11).jpg (1.09 MB)

– Bəli, amortizasiya xərclərindən tutmuş, yenidənqurmaya sərf olunan xərclərə qədər ciddi vəsait tələb edir. Ona görə də bizim müxalifət olaraq vəzifəmiz hakimiyyəti tərifləmək yox, onun gördüyü işləri hərtərəfli təhlil etməkdir. Bizim işimiz odur ki, hesablayaq və deyək ki, bu vəsaitə bunu etmək mümkün idi, bu vəsaitə fərqli Azərbaycan qurmaq mümkün idi. Bütün bunların cavabları bundadır. Ona görə də hesab edirəm ki, iqtidarın etdikləri göz önündədir. Amma bu da onların görəvidir.

R.Arifoğlu:

– İqbal bəy, müxalifət nümayəndələri, o cümlədən də siz Azərbaycanla bağlı təsvirləri çəkəndə daha çox iqtidar nümayəndələrinin ünvanına qara rənglərdən istifadə edirsiniz. Vəziyyətin ağır, xalqın da narazı olmasını daha çox qeyd edirsiniz. Xalq narazıdırmı hakimiyyətdən?

– Narazıdır…

R.Arifoğlu:

– Bəs niyə o narazı xalq yanınızda deyil? Nə ən radikal, nə radikal, nə də sizin timsalınızda mötədil müxalifətin yanındadır. Yəni xalq siyasətdə yoxdur. Bundan həm xarici, həm də yerli analitiklər istifadə edərək deyirlər ki, xalq razıdır, ona görə də müxalifətin yanında deyil.

– Azərbaycan tipli ölkələrdə, hətta dünənin Gürcüstanında, Saakaşvili dönəminə qədər xalq müxalifətin yanında deyildi. Bu, o demək deyildi ki, o, razıdır. Müxalifətin yanında olub-olmamaq iki fundamental səbəblə ölçülür. Əvvəla, xalqı müxalifətin yanına getməyə qoyurlar, ya yox?

Azərbaycan iqtidarı uzun müddət elə bir siyasət aparıb ki, xalq siyasətə qarışmasın. Ritorikalara diqqət etsəz görəcəksiz: “Mənim nə işimə qalıb”, “Az aşım, ağrımaz başım”, “Başını aşağı sal, işini gör”… Bu məsələlər bu gün Azərbaycan siyasətinin də iliklərinə qədər işləyib. Azərbaycanda hətta bizim ən yaxşı hesab etdiyimiz gənclər belə valideynlərinin məsləhəti ilə universitetlərdən tutmuş iş yerlərinə qədər bu proseslərə qarışmırlar. Çünki onun arxasında güvənli dönəm, həyat dayanmır. Onun arxasında həbs də, repressiya da, sonda mühacirət də ola bilər. İnsanlar buna görə sığortalanır. Hakimiyyət maraqlı idi ki, siyasətdə iki qrup olsun: hakimiyyət və müxalifət qrupu. Və bu qrupların içərisində mübarizədə hakimiyyət rahat udur. Çünki resurslarına, imkanlarına görə müxalifət qrupu hakimiyyət qrupundan qat-qat zəifdir. Amma ikinci məqam budur ki, Azərbaycan müxalifəti uzun illərdir ki, nəticəsizlik sindromundan əziyyət çəkir.

R.Arifoğlu:

– Bəli, siz də daxil olmaqla, Azərbaycan müxalifətinin heç nə əldə etməmək kimi bir bəlası var.

“Müxalifətin resursları azaldıqca, birləşmə ehtimalları daha da çoxalır”

 

Foto TБrkm_n (2 of 2).jpg (977 KB)

– Azərbaycan müxalifəti bütün postsovet ölkələrinin müxalifətindən fərqli olaraq köhnə müxalifətdir. Bugünkü müxalifət qalmış olsaydı, əslində müxalifət iki hissəyə ayrılmalı idi: 1.Ənənəvi olaraq 88-92-cı il proseslərində iştirak edənlər. Onların dəyərləri, mübarizə metodları, hakimiyyətdə, bölgülərdə iştirakı olan qruplar; 2. Yeni qüvvələr. Hətta biz Azərbaycanda bu təsnifata da rast gələ bilmədik.

R.Arifoğlu:

– Xoşbəxtçilikdən, ya bədbəxtçilikdən?

– Bədbəxtçilikdən. Azərbaycanda müxalifətin birliyinə də rast gələ bilmədik ki, bu da bədbəxtçilikdən idi. Bilirsiz, Azərbaycan müxalifəti liderlərin eqolarının qurbanına çevrilən bir proses yaşayır. Bu da bir müddətdən sonra keçib gedəcək.

R.Arifoğlu:

– Yəni bu, 20-30 il çəkərmi? Çünki daha öncəki 24 il çəkdi…

– 24 il çəkəndə… onun içərisində təbliğat vasitələrindən tutmuş hər bir şeyə qədər onların lider olması üçün xeyli əziyyət çəkdi. Amma mətbu orqanları dəyişəndən sonra, artıq o adamların liderliyinə inanmayandan sonra yavaş-yavaş dövr dəyişir.

R.Arifoğlu:

– Bu “yavaş-yavaş” dediyiniz çox yavaş deyilmi?

– Çox yavaşdır. Amma bizim üçün yavaş olan tarixə görə çox kiçik zamandır. Tarixdə bizim yerimiz, rolumuz o zamanla ölçülmür.

S.Telmanqızı:

– Bəs fikrinizcə, son işartılar nə zaman söndü? Gənclərdən danışdız bayaq. Halbuki onlar 2013-cü ilə qədər xeyli fəal idilər. “NİDA”çıları, onların aksiyalarını xatırlayaq. Eləcə də müxalifət az da olsa aksiyalar keçirirdi, nisbi də olsa hərəkətlilik vardı. Son zərbə, bu işığı söndürən son addım nə zaman oldu?

– 1993-cü ildən oldu. Sadəcə, müxalifətin insan resursu o qədər çox idi ki, o, hər dönəmdə bir az-bir az xərcləndi və gəlib çıxdı 2013-cü ilə. O mərhələdə sanki son akkordlar vuruldu. Baxın, müxalifət düşərgəsindən nə qədər adam mühacirətdədir, nə qədəri siyasətdən gedib, hakimiyyət düşərgələrinə və ona yaxın cəbhələrə gedib. Ona görə də proses 1993-cü ildən başlanıb deyə bilərik. Sadəcə, o vaxt insan resursu çox idi və gözə görünmürdü. İndi isə resurs zəiflədilib. Belinskinin bir məşhur sözü var ki, məişət təfəkkürü formalaşdırır. 2005-2010-cu illərdə Azərbaycan məişətini dəyişmə halları qabarıq şəkildə özünü göstərdi. Əksər adamlar ölkəyə gələn kapitaldan yararlanaraq orta, kiçik biznes sahəsinə daha çox meyl etdilər. Tanıdığınız onlarla adamın adları var bu siyahıda. Bu bəzi məqamlarda dəyişikliyə gətirib çıxardı. İndi yenə siyasətə qayıdış var. Çünki məişət köhnə halına qayıdır. Hiss edirsizsə, sosial şəbəkələrdə, status yazanlar arasında aktivlik edənlərin sırası dəyişib. Bu gün bu sferada elə adamlar aktivdilər ki, onlar dünənə qədər heç nə etmirdi, heç nə yazmırdı.

“Əgər biz real olaraq xalqın yanına gedə bilsək, o da real yanımızda dayanar”

 

Foto TБrkm_n (3 of 11).jpg (900 KB)

S.Telmanqızı:

– Bəlkə əksinə? İndi facebookda insanlar daha ehtiyatlıdır. Azərbaycan dilinin leksikonuna “Facebook məhbusları” anlayışı gəlib. İnsanları yazdığı statusa görə polisə çağırırlar, xəbərdarlıq edirlər…

– Əla… Amma köhnələrdən qorxanlar varsa belə, onun sıralarına elə adamlar daxil olur ki, heç ömründə gözləməzdin ki, bu hər hansı narazılıqla bağlı fikir bildirə. Devalvasiya olanda, qiymət artımı olanda kimlər-kimlər yazdı. Hərdən soruşurlar ki, xalq razıdır, ya narazı? Xalqın razı olması üçün əsas çox azdır. Ümumiyyətlə, heç bir hakimiyyətdən xalq razı olmur. O ki qala, bu qədər problemlər içərisində kimsə razı qala. Amma yenə də deyirəm ki, ifadə etmək imkanlarının nə qədər çox, nə qədər az olması məsələsi var. Bizdə isə o imkanlar azdır.

S.Telmanqızı:

– Bayaq dediniz ki, 93-cü ildən bəri resurslar tükənə-tükənə gedir. Amma mən iki il öncə Ümidin timsalında misli görünməmiş bir aktivliyi xatırlayıram. “125-lər”, sizin keçirdiyiniz aksiyalar, fəallıq… Sizdə nə baş verdi ki, proses birdən-birə dayandı? Yoxsa hər şey seçkilərə hesablanmışdı?

– Seçki siyasətin əsas göstəricisidir. Çünki bütün proses, dinamika seçkidə yekunlaşır. Ya qalibiyyət, ya məğlubiyyətlə. 2015-ci ilə qədər fərqli bir müstəvidə mübarizə gedirdi. Hər axırıncı parlament seçkilərindən sonra 3 il Azərbaycanda böyük seçki fasiləsi yaranır. Fikir vermişdizsə, 2005-2006-2007-2008-ci illərin əvvəllərinə qədər Azərbaycanda siyasət çox ölgün vəziyyətdə idi. 2010-2011-2012-ci illəri demək mümkün deyil. Çünki ərəb baharı var idi. Və bu, istər-istəməz Azərbaycana bir dinamika gətirmişdi. 1998-ci ilin prezident seçkilərindən sonra 2000-ci ilin parlament seçkiləri oldu. 2001-2002-ci illər yenə də Azərbaycanda çox sakit bir dövr oldu. 2003-cü il dinamik dönəm oldu. Kənar təsirlər olmadan biz Azərbaycanda bu dönəmləri müxtəlif cür müşahidə etmişik. Gələn il Azərbaycanda prezident seçkiləridir. Amma seçki olmaya da bilər.

R.Arifoğlu:

– Niyə olmaya bilər? Çox maraqlı bir replika verdiniz.

– Çünki Azərbaycan Konstitusiyasına sentyabr ayında referendumla dəyişiklik edilib. Orda keçid dövrü yoxdur. Prezidentliyin 7 illiyi ilə bağlı məsələ qüvvəyə minib.

Foto TБrkm_n (4 of 11).jpg (879 KB)

R.Arifoğlu:

– Bu, bundan əvvəlki seçkiyə aid olurmu?

– Onun ağırlaşdırıcı halda geriyə qüvvəsi olmur. Yüngülləşdirici halda olur. Bugünlərdə Türkiyə Konstitusiyasında da dəyişikliklər oldu. Orda yazıldı ki, bu, 2019-cu ilin martından qüvvəyə minir. Tutaq ki, 1995-ci ildə qəbul olunan konstitusiyada prezidentin iki dəfə seçilməsi məsələsi vardı. Orda qeyd olunmuşdu ki, bu, növbəti prezidentə şamil olunur. Azərbaycanın bu dəfə etdiyi dəyişikliklərdə bunların heç biri yoxdur.

R.Arifoğlu:

– Bu məsələyə yenidən qayıdarıq. Amma Sevinc xanımın sualının cavabı yarımçıq qaldı. Yəni siz partiya olaraq hər şeyi seçkilərə hesablayırsız?

– Bəli. Çünki bizim o qədər resursumuz, imkanlarımız yoxdur ki, o dinamikanı bütün dönəmlərdə saxlaya bilək. Bu, bizim zəifliyimiz olsa da, reallıq budur.

R.Arifoğlu:

– O zaman hesab edək ki, 2018-ci il seçkiləri baş tutacaq. Bu, müxalifəti toparlayıb, bir araya gətirə biləcəkmi?

– Hər halda, yeni bir situasiya yaradacaq.

R.Arifoğlu:

– 2013-cü il modeli kimi olmasa da, müxalifətin vahid namizəd modeli ilə çıxış etməsi mümkündürmü? Müxalifət komponentlərinin indiki vəziyyətdə, dağılımı şəraitində bunu real hesab edirsinizmi?

– İndi daha çox mümkündür.

R.Arifoğlu:

– Yəni hesab edirsizmi ki, İsa Qəmbər, Əli Kərimli və siz ortaq bir mövqeyə gələ bilərsiniz?

– Mümkündür. Əvvəllər hər kəs öz-özlüyündə daha güclü idi deyə o birliyin bir arada olmaması üçün hər kəs bir az təkəbbürlü və təşəxxüslü çıxış edirdi. Hər kəs iddia ilə çıxış edirdi ki, partiyam böyükdür, iddiam böyükdür, resursum böyükdür. Müxalifətin resursları azaldıqca birləşmə ehtimalları daha da çoxalır, çünki iddiaları kiçilir.

R.Arifoğlu:

– Bunun faydası olacaqmı?

Foto TБrkm_n (10 of 11).jpg (1.13 MB)

– Olacaq, ya olmayacaq, bunu zaman göstərər. Bunu indidən demək çətindir. Bu, müxalifəti bir araya gətirmək üçün vasitələrdən biridir.

R.Arifoğlu:

– Maraqlıdır ki, illərdir müxalifət nümayəndələri hakimiyyətin yanlış siyasət aparması barədə çıxışlar edirlər. Hətta bəzi hallarda bizim kimi təcrübəli insanlara elə gəlir ki, onların dediklərində həqiqət var. Amma bununla paralel özləri kiçilir, uğursuzluq elementləri artır.

“Sosial şəbəkələrdə, status yazanlar arasında aktivlik edənlərin sırası dəyişib”

– Yox, kiçilmənin səbəbləri var.

R.Arifoğlu:

– Siz siyasətdə ona görə varsınız ki, bu kiçilmələr olmasın, siz bu maneələri aşasız.

– Heç birimizin bu gün o qədər böyük resurs və imkanlarımız yoxdur ki, Azərbaycan seçicisi ilə təmasa çıxa bilək. Sosial şəbəkədən kənar.

R.Arifoğlu:

– Sosial şəbəkədə çıxmaq imkanı var, küçədə var, rayonlarda var. Məsələ budur ki, xalq sizə doğru gəlmir.

– Sosial şəbəkədə isə bizi dəstəkləyirlər. Biz nə zaman virtual müraciət edirik, virtual şəkildə də dəstəkləyirlər. Nə zaman yanlarında olacağıqsa, o zaman da yanımızda olacaqlar. Yazdiğımız statusları 7-8 min bəyənən olur, yüzlərlə paylaşmalar olur.

R.Arifoğlu:

– Sizdə də Əli Kərimli sindromu hiss olunur…

S.Telmanqızı:

– Müxalifət sanki sosial şəbəkədən çıxa bilmir.

– Xeyr, siz yanlış anlayırsız. Mən deyirəm ki, əgər biz real olaraq xalqın yanına gedə bilsək, o da real yanımızda durar.

R.Arifoğlu:

– Gedin də, niyə gedə bilmirsiz? Maşına oturun və xalqa gedin.

Söhbəti qələmə aldı:
Sevinc TELMANQIZI

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir