Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib.
Teatrdan “Report”a verilən məlumata görə, İmre Kalmanın məşhur ikihissəli “Silva” operettası tamaşaçılara təqdim olunub.
Premyerada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, mədəniyyət və sənət adamları iştirak ediblər.
Əsərin süjet xəttinin əsasında böyük bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini başqası ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada yeni mərhələ başlayır.
Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.
Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa ediblər.