Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Türkiyəli iş adamı: Azərbaycandakı mövcud işgüzar mühit sağlam və şəffaf olduğu üçün cəlbedicidir

Xarici sərmayədarların Azərbaycana cəlb edilməsi istiqamətindəki tədbirlər dünyanın bütün böyük şirkətlərinin baxışlarını ölkəmizə yönəldib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya üzrə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı neft və qaz şirkətləri Azərbaycana yön aldıqları kimi, indi də qeyri-neft sektorunu təmsil edən şirkətlərin ölkəmizə axını başlanıb. Əlbəttə ki, bu məsələdə də qardaş Türkiyə təmsilçiləri birinci yerdədir. Azərbaycan-Türkiyə münasibətlərindəki hərtərəfli inkişaf iqtisadiyyat sahəsində də özünü göstərməkdədir. Mövzu ilə bağlı Türkiyənin aparıcı şirkətlərindən olan “TÜRKCELL”in İstanbuldakı təmsilçiliyinin rəhbəri Əli Şayir AZƏRTAC-ın suallarını cavablandırıb:

– Azərbaycanın iqtisadi mühiti Türkiyədən necə görünür?

-İqtisadiyyatın inkişafı üçün sağlam rəqabət mühitinin formalaşması başlıca amildir. Azərbaycandakı mövcud işgüzar mühit sağlam və şəffaf olduğu üçün cəlbedicidir. Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi mühüm qərarlar, qanunvericilik bazasının sürətlə təkmilləşdirilməsi və s. tədbirlər Türkiyədə diqqətlə izlənilir. Proseslər göstərir ki, Azərbaycan ən yaxın zamanlarda xarici sərmayəyə görə lider ölkələrdən birinə çevriləcək. Ən son rəsmi məlumatlara görə, hazırda Azərbaycandan Türkiyəyə yatırılan investisiyanın məbləği 8 milyard dollar, Türkiyənin Azərbaycana yatırdığı investisiyanın həcmi isə 10 milyard dollar təşkil edir. 2020-ci ilədək Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 18 milyard dollara çatacaq. Təsəvvür edin ki, qardaş ölkə coğrafi baxımdan özündən təxminən 10 dəfə böyük olan bir dövlətlə iqtisadi tarazlıq saxlayır. Dağlıq Qarabağ probleminin Azərbaycanın hərtərəfli inkişafı üçün ciddi əngəl olmasına baxmayaraq, ölkə rəhbərliyi müasir dünyanın siyasi düzəninə uyğun olaraq inkişaf istiqamətlərini çox dəqiqliklə qura bilib.

-Dağlıq Qarabağ probleminə toxundunuz. Sizcə Azərbaycanın haqq işində beynəlxalq ədalətə nail olmaq üçün daha hansı işlər görülməlidir?

– Böyük güclərin Dağlıq Qarabağ probleminin həllinə biganə yanaşması əsl ikili standartlardır. Təəssüf ki, Dağlıq Qarabağ problemi Azərbaycana, terror kabusu isə Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib. Belə olan şəraitdə Azərbaycan və Türkiyə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərində daha çevik metodlar axtarılmalıdır. Təbii ki, bu prosesdə özəl sektorun da üzərinə böyük məsuliyyət düşür.

-Təmsil etdiyiniz şirkətin idarəetmə prinsipləri barədə nə deyə bilərsiniz?

-“TÜRKCELL” dünyada öz fəaliyyət dəst-xətti ilə seçilən bir şirkətdir. İnkişafımızın əsasını insan resursları təşkil edir. İstehsal sahəsindəki yeniliklərə, rəqabətədavamlı məhsulların bazara çıxarılmasına, o cümlədən sağlam biznes mühitinə nail olmaq üçün insan intellektinə güvənirik. Türkiyənin mobil telefon operator yükünün əsas ağırlığını “TÜRKCELL” daşıyır. Müştəriyə ucuz, sərfəli və keyfiyyətli fəaliyyət şirkətimizin devizidir.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir