Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Nəcməddin Sadıkov və mərhum nazirlə bağlı 42 milyonluq mənimsəmə ittihamı: “Nəcməddin gəlib danışsın…”

Zahid Niftəliyev deyir ki, bankdan götürülmüş puldan da ona 1 manat çatmayıb

4 il əvvəl lisenziyası ləğv olunmuş “AtaBank” ASC-yə böyük məbləğdə kredit borcu olanlardan biri də Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun yaxın adamı sayılan, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevdir.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti olmuş Zahid Niftəliyev “AtaBank”ın 42 milyon 470 min 885 manat pulunu mənimsəməkdə ittiham olunur.

Bu cinayət işi ilə əlaqədar mühakimə edilən Zahid Niftəliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bu işin məhkəmə araşdırması Novruz Kərimovun sədrliyilə, Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyasına həvalə olunub.

Baxmayaraq ki, “AtaBank”ın lisenziyası illərdir ləğv olunub, bank zərərçəkmiş qismində tanınıb və nümayəndəsi də məhkəmədə iştirak edir.

Budəfəki məhkəmə iclasında Zahid Niftəliyev ifadə verib.

O bildirib ki, Müdafiə Nazirliyində mülki işçi kimi xidmət edib.

“AtaBank”dan götürülmüş kredit də rəsmi sənədlərdə onun adına olsa da, əslində, ona aidiyyəti yoxdur və götürülmüş puldan da ona 1 manat çatmayıb.

Onun sözlərinə görə, adına kredit götürülməsi də Nəcməddin Sadıkovun tapşırığı və göstərişi ilə baş tutub.

Zahid Niftəliyev ifadəsində bu haqda ətraflı danışaraq bildirib ki, 2016-cı ildə Nəcməddin Sadıkov onu yanına çağırıb, o zamankı Vergilər naziri Fazil Məmmədovun dövlət üçün müəyyən işlər görmək istədiyini, bu məqsədlə kredit lazım olduğunu deyib:

Dedi ki, kredit götürmək üçün şirkətə ehtiyac var. Mən də dedim ki, adıma şirkət var, amma uzun müddətdir fəaliyyəti yoxdur. Oradan çıxıb Vergilər Nazirliyinə getdim, orada Mahir Rəfiyevlə görüşdüm. Ona şirkətimlə bağlı məlumat verdim. Dedilər ki, bu şirkət çoxdan açılıb, ona görə istifadə eləmək mümkün deyil, təzəsi lazımdır. Elə onların köməyilə təcili qaydada təzəsi açıldı. Yenə Mahir Rəfiyevin yanına gəldim. Şirkətin sənədlərini verdim. Vəssalam. Başqa heç nədən xəbərim yoxdur”.

Zahid Niftəliyev təsdiqləyib ki, bankdan kredit götürüləndə sənədlərə özü imza atıb.

Onun sözlərinə görə, götürülmüş vəsaitdən isə ona çatmayıb.

O pulu kimin götürdüyünü, hara xərclədiyini də bilmir.

Fazil Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra isə onu çağırıb, banka olan kredit borcunu tələb etməyə başlayıblar.

“Mənə demişdi ki, Fazil Məmmədov ordumuz üçün humanistlik eləmək istəyir. Mən də bu işə qoşulanda fəxr eləyirdim ki, belə bir iş görürəm. Sonradan bilmişəm ki, başımın üstündən işlər görüblər. Mən bilmirəm ki, bu pulu Nəcməddin yeyib, yoxsa Fazil yeyib. Xahiş edirəm, Nəcməddin gəlsin, desin”, – Zahid Niftəliyev əlavə edib.

O vurğulayıb ki, Mahir Rəfiyevin xidməti otağında bu işlə bağlı toplantı keçirilərkən orada müxtəlif vəzifəli şəxsləri görüb. Amma həmin şəxslərin adlarını açıqlamayıb

Mən bəzi şeyləri burada danışmaq istəmirəm”.

Zahid Niftəliyevin rahat danışa bilməsi üçün hakimlər məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar qəbul edib.

Bu cinayət işi üzrə araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılıb.

Zahid Niftəliyev bundan əvvəlki cinayət işi üzrə rüşvət almaqda ittiham olunaraq, 1 ildən artıq həbsdə saxlanmış, Tərtər Rayon Məhkəməsində keçirilən prosesin sonunda rüşvət ittihamına xitam verilmişdi.

Hakim hesab etmişdi ki, onun əməlində rüşvət alma yox, rüşvət verməyə təhrik cinayətinin tərkibi var. Ona görə də Zahid Niftəliyevə Cinayət Məcəlləsinin 32.312.1 (rüşvət verməyə təhrik) maddəsilə 10 min manat cərimə cəzası kəsilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı.

İyulun 4-də Tərtər Hərbi Məhkəməsində Zahid Niftəliyevlə yanaşı, onunla birlikdə mühakimə olunan N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevə də hökm oxunmuşdu.

Onun haqqında bəraət hökmü çıxarılmışdı.

Zahid Niftəliyev azadlığa buraxılandan az sonra DTX əməkdaşları tərəfindən 42 milyon manat mənimsəmə ittihamı ilə saxlanılıb.

Bu işin istintaqı gedə-gedə digər cinayət işi üzrə prokurorun protesti əsasında cərimə cəzası ləğv edilib və 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.

68 yaşlı Nəcməddin Sadıqov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Milli Ordunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb, 2022-ci ildə 58 yaşında vəfat edib.

Check Also

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib …