Cümə , 19 Aprel 2024
Drone Cameras

Nabran: ərəb turist qıtlığı, inəkli sahillər və kasıb istirahəti -FOTOLAR

Əməkdaşımız Nabranda istirahət şərtləri və seçimlər haqda yazır 

Azərbaycan insanı istirahət etməyi sevir. Seçimlərdən və lüks istirahət anlayışından da xəbəri var. Amma təbii ki, əksəriyyət cibinə uyğun olanı seçir. İldə bir dəfə Bodruma, Antalyaya gedib, 10-12 ay boyu o istirahətin kreditini ödəyənlərdən danışmıram, təbii ki.

GÜNÜ 6 MANATLIQ EVDƏ İSTİRAHƏT – ƏGƏR BUNA İSTİRAHƏT DEMƏK OLARSA…

Azərbaycan daxilində istirahət edənlərin seçimlərindən danışacağıq bu dəfə.

Bakıdan təxminən 230 kilometr uzaqlıqda yerləşən Nabran istirahət zonası bir çox üstünlükləri ilə başqalarından fərqlənir. Çünki burda həm meşə, həm dəniz, həm də hovuzlu istirahət mərkəzlərini bir arada tapmaq mümkündür. Bir sözlə, seçim bolluğu var. Sovet dövründən etibarən burada həmkarlar ittifaqları nəzdində olan istirahət bazaları vətəndaşların istifadəsinə verilib. Onlar bu gün də fəaliyyət göstərir. Dövlət büdcəsində çalışanlar “həmkarların xətti ilə”, nisbətən ucuz qiymətlərə burda istirahət edirlər. Qeyri-dövlət sektorunda çalışanlar üçünsə istirahət mərkəzi seçimi bəs deyincədir.

Amma öncə mənzərə haqda. Rayon ərazisində düz sahilədək bitən sıx meşəlik sahələrdə 8 çay, 3 süni göl, şirin su ehtiyatları, o cümlədən termal və mineral bulaqlar var. Çoxsaylı mineral bulaqların içərisində ən məşhuru fəvvarə vuran İstisudur.

İndi seçimlər barədə danışaq. Öncədən onun anonsunu verim ki, bütün məkanlarda olduğu kimi, burda da hər cibə uyğun istirahət imkanı var. Yəni, Nabranda bir günlük istirahəti 10 manata da başa gətirmək olar, 100 manata da.

Məsələn, başlayaq ən ucuzundan. Nabrandakı bir çox istirahət mərkəzlərində, xüsusən də sovet dövründə tikilmiş, insanların daha çox putyovka vasitəsilə gəldiyi istirahət mərkəzlərində yerli işbazlar otaqları ucuz qiymətə kirayəyə verir. Bu tip yerlərdə adambaşına 6-7 manata olan otaqlar var. Amma tam şəraitsiz və təbii ki, yemək servisi olmadan. Quru çarpayı və dörd divar. Evindən yemək, qaz plitəsi, ərzaq gətirənlər… 3 dəfə yemək ehtiyaclarını bu cür ödəyə bilirlər. Amma sutkası 15-20 manatdan başlanan kotteclər də var ki, orda şərait nisbətən normal sayılır: hamam-ayaqyolu, fasiləsiz su… Burada da yemək məsələsi ailənin öz öhdəsindədir. İstəyənlər üçün Nabrandakı bəzi ev sahibləri öz evlərini gündəlik 20-25 manata kirayə verir, təbii ki, içindəki bütün əşyaları ilə. Bu halda 10 gün istirahət etmək istəyən vətəndaş minimum 200 manatını ev kirayəsinə verir. Bu, istirahətin ən ucuz versiyası sayılır.

ƏN UCUZ İSTİRAHƏT GÜNDƏLİK 30 MANATLIQ OLANDIR, BƏS ƏN BAHASI?

İndi keçək istirahət mərkəzlərindəki seçimlərə. Xaçmazda yerləşən “Çoban bulaq” istirahət mərkəzindən öyrənirik ki, burada 1 günlük istirahət 60 və 80 manata təklif olunur. Mərkəzdən bildirdilər ki, qiymət fərqi otaqların genişliyinə görədir. Bu qiymətlərə yemək daxil deyil. Mərkəzin lüks otaqları 2 nəfər üçün 150 manat, 4 nəfər üçün 250 manatdır. Bu qiymətlərə səhər yeməyi daxildir.

“Green Line” otelində isə bir nəfərlik qiymət 30 manat məbləğindədir. Bu məbləğə isə hər şey daxildir. Həm yataq, həm də gündə üç dəfə yemək.

Amma daha baha qiymətə olanlar da var. Məsələn, “Ober-lux” otel – 129 manat,

“Nabran Atlant hotel” – 129 AZN, “Caspian Sea Resort” – 119 AZN, “El Faro hotel” – 149 AZN, “River İnn Boutique hotel” – 205 AZN. Bu qiymətə 1 gecə oteldə gecələmə, gündə 3 dəfə qidalanma, hovuzdan və akvaparkdan istifadə, oteldaxili uşaqlar və böyüklər üçün əyləncələrdən istifadə, uşaqlar üçün əyləncə proqramları, eləcə də diskotekaya giriş nəzərdə tutulub.

Amma ayrı-ayrı turizm şirkətləri tərəfindən daha sərfəli tətil paketləri də elan edilir. Məsələn, 70 AZN-lik tətil paketi var. Bu, cəmi iki günü əhatə edir. Belə ki, iyulun 29-30 tarixlərində “Sun Set Beach” otelində gecələmək üçün bu qədər ödəməlisiniz. Bura 2 dəfə səhər, 2 dəfə nahar və 1 dəfə axşam yeməyi daxildir.

Nabrandakı “Ober Lux” otelində 2 nəfərlik otaq 70 AZN-dir. Amma gündə 3 dəfə qidalanma ilə bir nəfərlik qiymət isə 65 AZN-dir.

“Saman Yolu” istirahət mərkəzi – kotteclər 2 otaqlı 4 nəfərlik – 60 manat
1 otaqlı 2 nəfərlik – 40 manat

“Jalə” istirahət mərkəzi – standart kotteclər adambaşı – 25 manat gün ərzində 3 dəfə qidalanma

“Lüks” kotteclər adambaşı – 35 manat gün ərzində 3 dəfə qidalanma

“Orman” istirahət mərkəzi – kotteclər adambaşı – 45 manat gün ərzində 3 dəfə qidalanma

“Elay” istirahət mərkəzi – iki mərtəbəli evlər adambaşı 25 manat gün ərzində 3 dəfə qidalanma

“Venesiya” istirahət mərkəzi – kotteclər adambaşı – 30 manat gün ərzində 3 dəfə qidalanma

“Turist” istirahət mərkəzi – kotteclər adambaşı 25 manat gün ərzində 3 dəfə qidalanma

“Qoşa Çinar” – kotteclər adambaşı 35 manat gün ərzində 3 dəfə qidalanma

ƏGƏR SİZƏ GÜNDƏ 3 DƏFƏ YEMƏK VƏD EDİBLƏRSƏ…

Dediyimiz kimi, Nabrandakı əksər istirahət mərkəzlərində qiymətlər aşağı-yuxarı bu cürdür. Amma bir turisti maraqlandıran bir neçə maraqlı məqam var. Bunlardan birincisi və ən önəmlisi yemək məsələsidir. Məsələn, “gündə 3 dəfə yemək” deyə anons edilən əksər istirahət mərkəzlərində yemək olduqca kasaddır. Siz Türkiyənin istirahət mərkəzlərində görməyə öyrəşdiyiniz açıq bufet (yüzlərlə çeşid soyuq, isti yemək, şirniyyat, limitsiz içki) şansına sahib olmayacaqsız. Düşünməyin ki, masanıza növ-növ yeməklər gətiriləcək və siz onların arasından seçim edəcəksiz. Ən yaxşı halda sizi lülə, tikə, basdırma üçlüyünə qonaq edəcəklər, ümumilikdə isə qreçka-qulyaş, makaron-kotlet, mərci supu, küftə… tipli yeməklərlə doyuzdurmağa çalışacaqlar. Evdə yemək istəmədiyiniz dadsız südlü sıyıqlar, yağ-bal cütlüyü səhər masanızı bəzəyəcək. Ofisiantların müştəri ilə davranış mədəniyyəti, xidmət qabiliyyətindən isə heç danışmağa dəyməz. Müştəriyə “nə deyirsən?”, “bizdə bunlar komplektə daxildir, istəmirsən, götürmə”… tipli cavablar verən personalla isə əsəbsiz bir istirahətdən söhbət gedə bilməz.

NABRANDA ƏRƏB YOXDU, AMMA İNƏKLƏR SAHİLİ ZƏBT EDİB

Bakını bürüyən ərəb bumu isə hələ Nabrana gəlib çatmayıb. Ən azı burada olduğum 10 gündə qarşıma bir ərəb çıxmadı. İstirahət yerlərinin sahibləri danışırlar ki, ərəblər üçün Nabran uzaq sayılır. Onlar dəniz, hovuz ehtiyaclarını ən yaxşı halda Abşeron sahillərində ödəyirlər. Çox nadir hallarda istirahət mərkəzlərinə iki bir-üç bir ərəb turist gəlir. Onlar da qısa müddət istirahət edib qayıdırlar.

Amma Nabran sahilləri hər zamankı kimi inək işğalına uğrayıb. Çoxları üçün bu, əyləncə sayılsa da, əksəriyyət bu mənzərədən diksinir. Ona görə də dənizi tərcih etməyənlərin yeganə arqumenti budur: inəklərlə eyni yerdə üzəcəm?

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir