Ay camaat, muştululuğumu verin. Həsrətindən burnumuzun ucu göynədiyi dünya şöhrətli müğənni Ququş, nəhayət…nəhayət Qafqaza gəlir bu il. 31 avqust 2017-ci ildə o, Yerevanda konsert verəcək. 3 sentyabr tarixində isə bu konsert turu öz coğrafi ərazisinə Tiflisi də qatacaq. Ancaq əfsus, turnenin növbəti mənzili kimi bizim Bakı göstərilmir. Qastrol səfəri barədə qısa məlumatları müğənninin İnstaqram səhifəsindən öyrənə bilərsiz.
67 yaşlı müğənni bu səfərinə deyəsən ciddi yanaşır. Belə olmasa o, səfər barədəki sosial şəbəkələrdəki məlumatlarını #finally (nəhayət ki), #historyinthemaking (tarix öz qərarını verir), #armenia (Ermənistan) #yerevan (Yerevan), #staytuned (hadisələri izləyin) heşteqləri ilə bəzəməzdi.
Ququşun Ermənistanda olacaq konsertinin afişası
Yaxşı, nə baş verib bizim bu həmvətənimizin qafasında? Niyə, bu şıltaq xanım öz millətinə, milli coğrafiyasına bu qədər nifrət bəsləyir indi? İran İslam Cümhuriyyəti ilə anlaşa bilmədiyi hamıya bəllidi. Bəs bizlə niyə cur gəlmir Şərq estrada musiqisinin bu dəli afəti? Nə olub axı?
Mövzu üzrə suallara cavab verməzdən öncə Ququşun bioqrafiyasına müraciətimiz, məncə, daha məsləhətdi.
DOSYE: Müğənni Ququş.
ADI, SOY ADI: Faiqə Atəşin.
DOĞUM TARİXİ: 5 may 1950.
***
QORXULU TEHRAN: O, ötən əsrin otuzuncu illərində Bakıdan Tehrana sürgün edilmiş kasıb azərbaycanlı ailəsində dünyaya gözünü açıb. Valideynləri – anası Nəsrin, atası Sabir Atəşin səyyar akrobat, müğənni kimi tanınırdılar Tehranın Sarıçeşmə məhəlləsində. Bir başqa adı “Qorxulu Tehran” olan bu məhəllədə Bakıdan gəlmələr bir qismət çörəkdən ötrü uzun müddət dəridən-qabıqdan çıxırdılar. Kimi oğurluq edirdi burda, kimi əxlaqsızlıq. Kimi şeytana papış tikirdi, kimi Tehran bazarında reketliklə məşğul olurdu. Axşamlar isə, bütün bu niskilli, qərib adamlar çayxanalara yığılıb Bakını, Gəncəni xatırlayıb dərindən uzun bir “ahhhh…” çəkərdilər.
Balaca Faiqə özünün “Ququş” ləqəbini ilk dəfə məhz belə tüstülü, dumanlı çayxanaların birində qazanır. Kim pıçıldayır ilk dəfə bu ləqəbi üç yaşlı Faiqənin incə qulağına? İndi biz bu suala dəqiq cavab verə bilmərik. Ququşun qız uşağı olduğunu valideynləri əvvəllər hamıdan, xüsusən ətrafda daim vurnuxan şah ajanlarından gizlədərmişlər. Saçlarını qısa kəsərmişlər ki, ətrafındakı oğlan uşaqlarından bir o qədər seçilməsin. Bu saç düzümünə Ququş son zamanlara qədər həmişə sədaqət nümayiş etdirib. Səhnədə bu cür tanınıb həmişə.
Qısası, Ququşun kim olduğunu, hansı ünvanlarda doğulub boya-başa çatdığını öyrənmək istəyirsinizsə, əvvəlcə Mürtəza Kazıminin “Qorxulu Tehran” ikicildliyini vərəqləyin. O vaxtkı həlləm-qəlləm Tehranda cazibədar qız uşağı böyütmək, razılaşın, valideynlərdən şir ürəyi tələb edirdi. Valideynlər qərara gəlirlər Ququşun saçlarını qısa kəsdirib, oğlan uşağı kimi qələmə versinlər ətrafdakılara.
Ancaq… Bu fənd sonralar öz konspiroloji məzmununu itirərək yeni estetik dəyər qazanır özünə. Küçə tamaşaçıları Ququşu ilk dəfə səsinə görə deyil…məhz qısa saçlarına görə sevirlər. Sonra diqqət edirlər bu qızın təmiz, saf səsinə.
ULDUZ FALI: Ququşun rəsmi ulduz falına aldanmayın. Onu vaxtilə, hələ 50-ci illərin ilk rübündə məşhur səyyar Tehran falçısı Fəriştə saxtalaşdırıb.
Hadisələr aşağıdakı kimi cərayan edib – 1952-ci ildə Ququşun valideynləri gözü yaşlı uşaqlarına fikir verməyib birdəfəlik ayrılırlar. İki qardaş qalır anası Nəzrinin böynunda. Ququş isə bir başqa qardaşı ilə birgə atasına verilir. Ququşun atası Sabir, deyilənə görə, çox şanssız, bəxtsiz adam olub. Misal üçün, çox uğurlu, gəlirli konsert proqramı zamanı qəfil ürəyi sanca bilərmiş. Bunun növbəti təkrarı kazinoların birində böyük narazılıqla qarşılanır. Səhnə sahibi məcbur qalır atanı xəstəxanaya göndərsin. Əvəzinə qızını səhnəyə çıxarıb ona bir-iki fars, Azərbaycan nəğməsi oxutsun.
Həyatında ilk alovlu alqışları Ququş məhz bu zaman qazanır. O vaxt da kimsə bu qızın qısa saçlarına aldanaraq, oğlan uşaqlarına məxsus “Ququş” kəlməsini havada səsləndirir. Sonra, kazinonun qaranlıq küncündən bir qocaman falçı qalxır. Astaca deyir: “Qızım, ulduz falını şəxsən özüm dəyişəcəm. Bəxtində üç 5 rəqəmi var. Sən, 1950-ci ildə doğulubsan guya. Beşinci ayın beşində”.
Əslində isə, Ququş 1949-cu ilin 7 may, yaxud 5 fevral tarixində dünyaya göz açıb.
Həmin falçı Fəriştə xanım bir müddət Ququşa analıq edir hətta. Bir ara dönür Ququşun boz kölgəsinə. Müğənni, karyerasının ilk pilələrində falçının bir sözünü iki eləmir. Şah sarayına getdimi, yaxud dərziyə – bütün bunları öz Fəriştəsiylə bölüşüb məsləhətləşir. Fəriştənin öldüyü 1979-cu ildən üzü bəri Ququşun qara günləri başlayır.
İLK QAZANCI: Bu ilk konsertindən 500 tümən qazanan Ququş, bir də görür ayda güc-bəlayla 200 tümən qazanan atası qapıdadır. İçəri girməyə qorxub ehtiyatlanır: “Həkimlər 500 tümən pul istəyir məndən. Batdıq”.
Ortadakı ağır sükutu kağız əskinazların xışıltısı pozur bu vaxt. Ququş ilk halal qazancını atasının sallaq, cırıq cibinə basaraq xəfifcə gülümsəyir. O andan etibarən atası da öz qızına başqaları kimi Ququş deməyə alışır.
SONRAKI QAZANCLARI: Siftəsini 500 tümən ilə başlayan Ququş tezliklə (cəmi-cümlətanı 4 yaşında!) çönür İranın ən bahalı, ən varlı-imkanlı müğənnisinə. Girişir sağına-soluna pul səpələməyə. Müğənninin son qonorar şkalası da çox yüksəkdi. Qonorarları çox saylı sıfırlarla ölçülür. Kaliforniyanın ən zəngin Beverli-Hilz şəhərciyindəki gözqamaşdırıcı malikanəsinə Ququş 1,37 milyon dollar pul müqabilində yiyələnib. Mülkün dörd yataq odası, dörd hamamı mövcuddu. Alqı-satqının 2011-ci ilin 13 aprelində, çox tərs bir gündə sənədləşdirilməyi Ququşu qorxutmayıb. Jurnalistlərin “Amerikada ayın 13-nə etibar yoxdu” sualını o, eşidin, necə cavablandırıb: “Xurafatçılar qaldı İranda. Mənə başqa suallar verin”.
Ququşun Los-Anjeles stadionundakı son konsertinə giriş haqqı 400-500 dollar imiş. Vurun bu rəqəmi 50 min azarkeşin sayına. Görün bu məbləğ nə qədər pul edir. Ancaq mən inanmıram ac ermənilər, yoxsul gürcülər indi Ququş sənətinə bu qədər pul ödəsin.
ORİJİNAL MUSİQİÇİ, YOXSAMI ARANJMANÇI?: Sonuncu İran şahı Məhəmməd Raza Pəhləvi Azərbaycana, türklərə patoloji nifrət hissi ilə həmişə başqalarından, hətta ən yaxın ətrafından belə seçilib. O, Pişəvəri hərəkatı üzərindəki qələbəsini hər il dekabr ayında xüsusi hərbi parad ilə qeyd edirdi. Minirdi ağ atının belinə. Bütün növ ordu hissələri önündə ayaqlarını üzəngiyə basır, atını şahə qaldırırdı…
Tehrandakı Azərbaycan qəhvəxanalarında bu zaman ancaq milçək vızıltısı eşidilərdi. Müştərilər cınqırlarını belə çıxarmaz, qaçıb künc-bucaqlarda gizlənərdilər. Öz dövrünün bu siyasi sifarişindən Ququş hələ o vaxtlar lazımınca istifadə edib axır gedib çıxır şah sarayına. Şahın növbəti arvadı Fərəh Diba bir gün hiss edir ki, bu qızla musiqi zövqləri eynidi. Ququş, başqaları kimi muğamat-filan oxumurdu o zaman. Fransız müğənnisi Dalidanı yamsılayar, özünü İranın ilk estrada musiqiçisi sayırdı. Vesternləşməkdən, avropalaşmaqdan ikiəlli yapışmış Pəhləvi rejiminin “Ağ inqilab” modelinə isə bu cür müğənni hava-su qədər lazımdı.
Şəxsən mən Ququş pərəstişkarlarından deyiləm. Güney həsrəti beynimə vuranda qulaqlarımda Ququşun səsini yox… mərhum Rübabə Muradovaya aid xalq təranələrini eşidirəm. Ququşun yaxşı avazı var, razıyam. Amma onda Rübabə yanğısı, ahəngləri, zirvəsi yoxdu. O, heç vaxt muğamat ifa edə bilməz. Onunku oğurluq Avropa tarənələridi. Onunku yaradıcılıq deyil, aranjmançılıqdı. Vəssalam! Misal üçün, o, məşhur “Jesus Christ Superstar” rok-operasının anasını ağladıb. Populyar təranələrini İran sayağı aranjiman edərək bütün bu plagiatı öz xalqına yedirdib…
ŞAHIN HƏDİYYƏSİ: Şimali Tehranın o zamankı kosmopolit musiqiçiləri, ermənilər, aysorlar, daha kimlər Ququşu özününkü bilib, bərk sevinirlər. Şahın Ququşa hədiyyə etdiyi “Gilan” yaxtasına doluşub Xəzər sahillərində eyş-işrətə qurşanırlar. Müğənninin Rəştdəki bağ evi dönür musiqi studiyasına. Növbəti belə kef məclisi zamanı Ququşun “Gilan” yaxtası Xəzərdə ciddi zədələnir. Ququşpərəstlər əli şamlı bütün İranı gəzsələr də, yaxtanı təmir edə biləcək ustanı tapmırlar ki, tapmırlar. Axır, qərara gəlirlər, yaxtanı Ququşun vətəninə – Bakıya sürüb gətirsinlər.
“Paris kommunası” tərsanələrində, indiki kimi yadımdadı, bu yaxta bir müddət (bütün 1977-ci il boyu) lövbərdə qalıb öz ağ rəngiylə tamaşaçılarını təəccübləndirirdi. Qısası, Ququş qoy yaxşı bilsin. Vaxtilə onun çulunu…bağışlayın yaxtasını sudan məhz Bakı fəhlələri çıxarıb. Yaxtanı təmir edib yenidən hədiyyə kimi Ququşa göndəriblər. Yəni…
Yəni, Ququşun o vaxtdan Bakıya borcu var. Qoy Bakıya öz konsert proqramı ilə gəlib indi bu təmirin haqqını ödəsin.
“AĞ İNQİLABIN QIRMIZI SONU”
Hə…1977-ci ildə bax bu “Gilan” yaxtasının zədələnməyi ilə Ququşun həyatında bir növ “qara zolaq” dövrü start götürür. İranda islam inqilabı başlayır. Səbəb? Hə…səbəblərdən biri kimi İranda indi hamı barmağını irəli uzadıb Ququşu nişan verir: “Bu qızın plagiatları, Avropasayağı ifası, kefcil həyatı o zaman çoxlarını, ilk növbədə ölkə əhalisinin tən yarısın təşkil edən Azərbaycan türklərini bərk əsəbləşdirirdi. Yaşadığımız canlı həyat Rübabə Muradova ifası, muğamat tələb edirdi bizlərdən. Ancaq o, buna dodaq büzür, şahın çətiri altında öz avropapərəst ifasını davam etdirirdi. Nəticədə, xalq bir gün bu çılğın Ququşu, Rübabə kədəri ilə əvəzlədi. Rübabəni, Rübabə kimiləri, muğamatı seçib, Ququşa yox dedi”.
İnqilab marafonu İranda start götürdüyü zaman Ququş özü Amerikada idi, oğlu Kambiz isə İsveçrədə. Bütün inqilab boyu ağzına su alıb susmuş Ququş 1980-ci ildə ürəklənib Tehrana qayıdır. Bəhanə gətirir, guya əziz şəxsi əşyaları Tehranda qalıb və sair və ilaxır. Müəmmanın əsl cavabını bu gün ancaq Tehran çayxanalarında eşitmək olar: “Ququşa elə gəlirdi istəsə Xomeyninin də saqqızını oğurlayar. İstəyirdi bir-iki mahnı ilə rejimə yarınsın. Alınmadı. Onu ev dustağına döndərdilər. 2000-ci ildə o, İranı tərk etdi. Düşdü şahpərəstlərin quyruğuna”.
NO KOMMENT: Azərbaycan türklərinin İrandakı mübarizəsinə həmişə dodaq büzən Ququş, növbə seksual azlıqlar mövzusuna çatanda dilini dinc saxlamır. Misal üçün, 2014-cü ildə efirə buraxdığı “Music Video of Song “Behesht”” videolentində o, İrandakı seksual azlıqları ikiəlli müdafiə edir.
Ancaq arada görünür bizim də günahımız az deyil. Vaxtında bu qızla münasibətlər yaratmadıq. Nəticə göz önündədir.
AİLƏSİ: Dörd dəfə ərini dəyişib. Deyilənə görə, sonuncu sevgilisi ermənidir. Ququşun Yerevan, Tiflis səfərlərini də belə çıxır məhz o təşkil edib. Qafqaz turnesindən sonra o, sentyabrın 7-də Quzey Kiprin məşhur “Kaya Artemis” kazinosunda çıxış edəcək.
Qəribədir, heç bu kazino qədər də olmadıq Ququş üçün. Bizi buraxıb, ermənilərin ətəyindən yapışdı o.
Əfsus. Əfsus. Əfsus.