Cümə , 29 Mart 2024
Drone Cameras

Naxçıvanın dillərdə əzbər olan dadlı meyvəsi: GÖYCƏ…

Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan qədim diyarımız görünüşü və dadı ilə seçilən meyvələri ilə də fərqlənir.
 
Bunlardan biri də alçanın yalnız muxtar respublikada yetişən göycə növüdür. Bu gün Naxçıvanda yetişən göycə ilə ölkəmizin digər bölgələrindəki eyni meyvələr arasında çox böyük fərq var. Naxçıvan göycəsi dadı və tamı ilə seçilir, görünüşü ilə insanı cəlb edir.
 
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quli­yevin sözlərinə görə, Naxçıvan göycəsi hazırda Azərbaycanın digər bölgələrində, xüsusilə Abşeron və Gəncə-Qazax bölgələrində yayılsa da, həmin məhsulun biomorfoloji xüsusiyyətləri Naxçıvan düzənliyi ərazisində becərilən sort ilə eyni deyil. 
Naxçıvan göycəsi becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılıb. “Göycə” sözü göyümtül mənasında olmaqla bərabər, yeni, təzə mənasını da ifadə edir. Bu meyvə yazda ilk yeyilən meyvə sortlarından biridir. Onu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aiddir. Yəni göycənin vətəni Naxçıvan olduğu üçün bu söz bu bölgədən başqa heç bir yerdə işlədilmir və ədəbi dildə də rast gəlinmir. Hələ VII əsrə aid səyyahların xatirələrində Naxçıvan göycəsi haqqında məlumatlar vardır. 
Göycə, adətən, calaq üsulu ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin ting­lərindən istifadə edilir. Calaqetmədə almaxara (albuxara) ağacından istifadə etdikdə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə ağacları uzunömürlü olur.
Naxçıvan göycəsinin ən çox düzənlik və orta dağlıq ərazilərdə becərildiyini vurğu­layan AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi qeyd edir ki, bu meyvə Naxçıvan şəhərində, Babək qəsəbəsində, Qaraçuq, Tumbul, Zeynəddin, Şıxmahmud və digər kəndlərdə daha tez ərsəyə gəlir. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Meyvələri kürəşəkilli, üst və alt hissələrdən basıqdır, həmin nahiyələri bir şırım birləşdirir. Meyvələrinin qabığı qalındır, rəngi ilk vaxtlar göyümtül olur. Lətli hissə qalındır. Hər meyvədə bir ədəd kiçik çəyirdək olur. Məhsulu tam yetişdikdə isə lətli hissə daha çox sulanır, şirinləşir və rəngi saralır. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar 35 dərəcəyə qədər şaxtaya dözümlüdür.
Göycə toxumla çoxaldıla bilməz, çünki bu sortun toxumları təbii hibrid genotipinə malikdir. Toxumla çoxaldıqda genotipdəki irsi əlamətlər də parçalanma verir və nəticədə, yerli alça formaları meydana çıxır.
“Naxçıvan göycəsi çox məhsuldar sortdur. Məhsulu çox olanda meyvələri normal ölçüyə çata bilmir və parametrləri kiçilir. Ona görə də hər il ağaclar üzərində normal bar yükü saxlanılması məqsədəuyğundur”, – deyən Varis Quliyev bildirdi ki, Naxçıvan göycəsi normal aqrotexniki becərilmə şəraitində hər il yüksək məhsul vermək xüsusiyyətinə malikdir. Ən tez yeyilən meyvə sortudur. Məhsulu, adətən, meyvələri yumşalmağa başlayan dövrdən növrəst məhsul kimi yeyilməyə başlanılır. Meyvələri avqust ayının əvvəllərində tam yetişkənliyə çatanda daha çox sulanır, şirinləşir. Belə meyvələrdən göycə qurusu məhsulunun alınması üçün istifadə edilir. Xüsusi qaydada hazırlanan göycə qurusu xoşagələn əmtəə görünüşünə malik olmaqla, nisbətən şirindir. Qış dövrü xüsusi yeməklərin hazırlanmasında, kulinariya sahəsində qiymətli məhsul kimi göycə qurusundan geniş istifadə olunur.
Yuxarıda qeyd olunduğu kimi, bu meyvə Naxçıvanda qədimdən becərildiyindən ərazidə çoxlu variasiyaları meydana gəlib. Bu baxımdan göycə aborigen çəyirdəkli meyvə növlərinə aid edilir.
Bu meyvənin bioloji xüsusiyyətləri, becərilmə texnologiyası haqqında maraqlı məqamlara toxunan Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fito­sanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənov qeyd etdi ki, vaxtilə əcdadlarımız meyvələrin tez yetişməsi üçün müxtəlif calaqlar ediblər və nəticədə, göycə yaranıb: “Göycə çox çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir. Belə torpaqlarda göycə alçaya calanmalıdır. Yaxşı məhsul verməsi üçün göycə qüvvətli və yumşaq torpaqlara əkilməlidir. Torpaq qatı nazik olan, alt qatı çox bərk və hava keçirməyən torpaqlarda tez tələf olur. Şoran torpaqlarda müstəsna hallarda alça əmələ gəlir. Göycə, gavalı, alça və göyəm bitkilərinin yaxşı inkişaf etməsi üçün torpaqda 3-8 faizə qədər kirəcin (əhəngin) olması əhəmiyyətlidir. Belə torpaqlarda bitkinin inkişafı yüksək olmaqla bərabər, məhsul da çox olur. Göycə tinglərinin sayını çoxaltmaq üçün yalnız calaqlanmış pöhrələrdən və calaq üsulu ilə artırılmış ağaclardan istifadə edilir. Göycə bağlarının salınması üçün torpağın dərindən şumlanıb hazırlanması vacibdir. Çınqıllı yumşaq torpaqlarda dərin şuma ehtiyac yoxdur. Göycənin kökləri dayazda olduğundan, onlar torpağın üst qatlarından qidalanırlar. Bağlarda əsas diqqət torpağın üzvi gübrələrlə zənginləşdirilməsinə ayrılmalıdır”. 
Bu gün Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan ötən il keçirilən “Göycə” festivalı xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, həmin tədbir respublikamızın bir sıra nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı, sosial şəbəkələrdə çoxsaylı videogörüntülər, şəkillər paylaşıldı, respublikamızdan və xarici ölkələrdən olan sosial şəbəkə istifadəçiləri festivalda iştirak etmək arzularını ifadə etdilər. Bu, bir daha göstərir ki, ötən il keçirilən “Göycə” festivalı ictimaiyyətin böyük marağına səbəb oldu. Ona görə də bir çoxları bu gün keçiriləcək ənənəvi festivala həvəslə qatılacaqlar. Budəfəki tədbirdə ölkəmizin müxtəlif bölgələrindən və xaricdən gələcək çoxsaylı turistlərin də iştirak edəcəyi gözlənilir. Bu cür festivalların keçirilməsi regionda meyvəçiliyin inkişaf etdirilməsinin, genişləndirilməsinin, ümumiyyətlə, bağçılıq mədəniyyətinin dünya standartları səviyyəsinə yüksəldilməsinin bariz nümunəsidir.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir