Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvan Bölməsində Azərbaycanın dövlət müstəqilliyi günü qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi konfrans keçirilib.

18 Oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqil Azərbaycan dövlətinin bərpası, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Akademik bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, bu çox mühüm siyasi aksiya tarixi qərar sayılsa da, hələ müstəqilliyin özü deyildi. “Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onu qoruyub saxlamaq ondan da çətin idi. Müstəqilliyin reallığa çevrilib möhkəmlənməsi üçün gərgin mübarizə aparıldı. Çünki həmin dövrdə məkrli qonşularımız Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək silahlı yola əl atdı. Xalq qazandığı azadlığı və müstəqilliyi qoruyub saxlamaq və məhv olmaqdan xilas etmək üçün üzünü Naxçıvana, dahi lider Heydər Əliyevə tutdu”.

Qeyd olunub ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə qısa müddətdə dəyişikliklər özünü göstərdi, böhran aradan qaldırıldı, milli ordu yaradıldı, atəşkəsə nail olundu. Ümummilli liderin qətiyyətli qərarları ilə vətəndaş qarşıdurmasına son qoyuldu, ölkənin parçalanmasına yönəldilmiş təhdidlərin qarşısı alındı. Düzgün daxili və xarici siyasət həyata keçirildi, əsaslı iqtisadi islahatlar inkişafa səbəb oldu. Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası və sosial siyasəti müəyyən edildi və müvəffəqiyyətlə yerinə yetirilməyə başlandı.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt

Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir. Ölkəmizin hərtərəfli və sürətlə inkişafı, əsaslı dəyişiklər, xarici siyasətimizdəki uğurlar, əhalinin rahatlığı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

İsmayıl Hacıyev Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin zəfər salnaməsi adlandırdığı Aprel döyüşlərini, bu gün Naxçıvanı qoruyan, təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun uğurlu hərbi Günnüt əməliyyatını xatırladıb. O, Milli Ordumuzun 30 ildən sonra silahı ilə Qarabağda zəfər tarixini yazdığını deyərək, milli tariximizin gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində ziyalıların, o cümlədən də bölmə əməkdaşlarının üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Müstəqillik ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “Azərbaycanın müstəqilliyinin bərpa olunması” və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Naxçıvan Muxtar Respublikasında müstəqilliyin bəhrələri” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda ölkəmizdə müstəqillik illərində həyata keçirilən tədbirlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu davam etdirən Prezident cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyətləri ilə sıx bağlı olduğu vurğulanıb.

Konfrans çərçivəsində, həmçinin bölmənin Elmi Kitabxanasının “18 Oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü”nə həsr olunan virtual sərgi nümayiş etdirilib.

Naxçıvan Bölməsinin mətbuat xidməti

Boyukmillet.com

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …