Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvan Dövlət Universitetində ilk onlayn respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu” mövzusunda ilk onlayn respublika elmi konfransı keçirilib.
Onlayn konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA Naxçıvan Bölməsinin, Azərbaycan Dillər Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları da iştirak ediblər.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tərcümə sənətinin tarixindən, xalqların tərcümə tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, tərcümə tarixinin tədqiqi müvafiq ölkənin digər dövlətlərlə və millətlərlə mədəni, iqtisadi, siyasi əlaqələrinin səviyyəsini müəyyənləşdirməyə imkan yaradır. Muxtar respublikada bu sahəyə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən rektor universitetdə də yaradılan tərcümə mərkəzinin fəaliyyətinə toxunub, perspektivləri dəyərləndirib.
Baba Nemətullah Naxçıvaninin elmi və tərcüməçilik fəaliyyəti haqqında danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ədəbiyyatın mühüm bir qolu olan tərcümə sənətinin tarixinə nəzər salıb, Azərbaycanda tərcümə tarixinin “Qurani-Kərim”lə bağlı olduğunu bildirib. Vurğulanıb ki, Oğuzların ana kitabı “Kitabi-Dədə Qorqud”da “Qurani-Kərim”in İxlas surəsinin bədii tərcüməsi var. 1999-cu ildə 1300 illiyinin qeyd edildiyini nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var.
Akademik elm, mədəniyyət, ədəbiyyat və dillə bağlı olan tərcümə sənətinin sərbəst və hərfi növlərindən söz açıb. Orta əsrlərdə yaşamış türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan ilk tərcüməçi alimlərdən Hinduşah Naxçıvaninin adı xüsusilə qeyd olunub. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Naxçıvanda keçirilən Hinduşah Naxçıvaniyə həsr edilmiş konfransı alimin irsinə verilən yüksək qiymət kimi dəyərləndirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimli “Naxçıvan ədəbi mühitinin yetirməsi olan iki tərcüməçi haqda” adlı çıxışında indiyədək tərcüməçilik fəaliyyəti araşdırılmayan Rzaqulu Nəcəfov və Rüfət paşa Səfərov barədə məlumat verib. Qeyd edilib ki, mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun fəaliyyətinin xeyli hissəsi Tiflis mühiti ilə bağlı olub. Tiflisdə azərbaycandilli mətbuat nümunələri – “Yeni fikir” qəzeti və “Dan yıldızı” jurnalının nəşrində müəllifin birbaşa əməyi olduğu vurğulanıb. Rus ədəbiyyatına yaxından bələdçilik tərcüməçini bir sıra yazıçıların əsərlərini dilimizə çevirməyə şərait yaradıb. Müəllif Anton Pavlov Çexovun “Kəndlilər”, “Vişnə bağı” əsərlərini 1930-cu ildə Azərbaycan dilinə çevirib, müxtəlif əsərlər barədə yazdığı resenziyalarla da mətbuat aləmində çıxış edib.
Məhəmməd Tağı Sidqinin kiçik oğlu, tərcüməçi Rüfət Paşa Səfərov ixtisasca həkim olsa da, tərcüməçilik sahəsində də bir sıra uğurlara imza atıb. XIX əsr Mixail Saltıkov Şedrinin “Azad Mavruşah”, İvan İvanoviç Katayevin “Qəlb”, Epton Sinklerin “100 faiz” əsərlərini dilimizə tərcümə edib. Bədii tərcümə əsərləri ilə bərabər, elmi-kütləvi, təbiət, idman, ictimai-siyasi, tibbə dair müxtəlif kitabların da tərcüməsində onun imzası var. Həmçinin 20-dən artıq kitab onun redaktorluğu ilə çap olunub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar ötən il birlikdə bədii tərcümə ilə bağlı qarşıya qoyulan tələbləri diqqətə çatdırıb. Qeyd edilib ki, ötən dövr ərzində bir sıra irəliləyişə nail olunub. Yazıçılar birliyinin nəzdində tərcümə mərkəzinin yaradılması və bu sahəyə Naxçıvan Dövlət Universitetinin müəllimi, eyni zamanda, şair, tərcüməçi Şirməmməd Qüdrətoğlunun təyin edilməsi həmin istiqamətdə yaranan boşluqları arxada qoyub. Alman dilindən tərcümədə Həmid Arzulunun, ingilis dilindən Şirməmməd Qüdrətoğlunun, fransız dilindən Şamil Zamanın, türk poeziyasından Vaqif Məmmədovun, Elxan Yurdoğlunun, yazıçı Nərgiz İsmayılovanın çevirdiyi nümunələr, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi qiymətləndirilib.
Vurğulanıb ki, Naxçıvan ədəbi mühitində özünəməxsus yeri və rolu olan 53 şairin şeirlərindən ibarət toplu hazırlanıb və akademik İsa Həbibbəyli bu kitaba “Naxçıvanın poeziya çələngi” adlı ön söz yazıb. Fransız oxucularının qədim diyarımızın şairlərinin şeirləri ilə tanış olmaq imkanı verən kitabın yaxın zamanlarda nəşr olunacağı nəzərdə tutulur.
Naxçıvan Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimov Gülməmməd bəy Kəngərlinin tərcüməçilik fəaliyyətində N.A.Nekrasov yaradıcılığının əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, Gülməmməd bəy Kəngərli “Kəşkül” qəzetində Nekrasovun “Nravstvennıy çelovek” (“Xoşəxlaq adam”) əsərindən bir parçanı tərcümə edib və “Mərdi müttəqi” adı ilə dərc etdirib.
Sonda rektor müasir mərhələdə tərcümə sənətinin inkişafında kadr hazırlığına toxunub, müvafiq ixtisaslarda tərcümə sənəti və seçmə fənnin tədrisi ilə bağlı məsələlər müzakirə olunub.
Konfrans “Bədii tərcümənin tarixi və nəzəriyyəsi”, “Bədii tərcümə müasir mərhələdə” adlı bölmə iclasları ilə davam edib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …