Bazar , 19 May 2024
Drone Cameras

Dalbadal 4 başçı həbsi – Prezident doğru dedi: “daha nə etməli ki…”

İlqar Hüseynli: “Fərqli partiya üzvləri arasından seçilən insanlarla da bağlı belə təyinatları reallaşdırmaq olar”

Həmin xəbərlərin gün ərzində rəsmi qurumlar tərəfindən təkzib olunmaması, hər halda, məlumatın doğruluğuna dəlalət edir. Bununla o qənaətə gəlmək olar ki, rüşvətxor, qanunsuzluqlara yol verən icra başçılarının həbsi davam edir. Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra başçısı Mahir Quliyevlə birgə müavinləri – birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Cəmil oğlu Həsənov, müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanıb.

Qeyd edək ki, bu, son 5 ay ərzində həbs edilən sayca dördüncü icra başçısı olur. Bundan əvvəl Ağstafa, Neftçalanın icra başçıları vəzifə başındaca saxlanıblar. Onların etdikləri qanunsuz əməllər əməliyyat çəkilişi vasitəsilə nümayiş olundu. Həbs olunanlardan biri isə Yevlaxın sabiq icra başçı idi. Bundan 3 gün əvvəl isə İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Yayılan rəsmi məlumatda Məhərrəm Əhmədovun həbsinə səbəb kimi onun kasıblara dövlət tərəfindən ayrılmış ərzaqları mənimsəməsinə dair əsaslı şübhələr olduğu qeyd olunub. İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub. Görünən budur ki, bəzi icra başçıları dövlətin gördüyü tədbirlərdən nəticə çıxarmaq əvəzinə, öz qanunsuz əməllərini davam etdirirlər. Təsadüfi deyil ki, ölkə başçısı da bir neçə dəfə çıxışlarında bu incə məqamlara toxunub. Prezident deyib:“Bəzi yaramaz icra başçıları həm özlərini, həm də bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib”. Ölkə başçısı ötən ay Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən demişdi ki, daha hansı addımlar atılmalıdır, neçəsi həbs olunmalıdır ki, onlar belə əməllərindən əl çəksinlər:“Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu, eşitmədilər, ikinci hadisə oldu, eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər? Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”. Hadisələrin gedişi göstərir ki, yarıtmaz, korrupsioner icra başçıları ilə bağlı doğrudan da ciddi addımların atılması davam edir. Bəzi icra başçılarının yaşananlardan nəticə çıxarmamasının səbəbi nə ilə bağlıdır?

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin prezidenti İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, dəfələrlə bizim qəzetlə bu mövzu ətrafında müzakirə aparılıb:“Yadınızdadırsa, biz sizinlə hələ icra başçılarının həbsindən əvvəl bu sahə ilə bağlı həyəcan təbili çalmışdıq. Sonra Ağstafanın icra başçısı və Yevlaxın sabiq icra başçısı həbs edildi. Ardınca Neftçalaya rəhbərlik edən şəxs həbs edildi. Dünən baş vermiş hadisə yenidən bu mövzunu gündəmə gətirmiş oldu. Sosial şəbəkələrdəki reaksiyalara fikir verin. Demək olar bütün rayonlardan çağırış edilir ki, DTX onların da rayonuna təşrif buyursun. Bir sözlə, belə mənzərə yaranır ki, uzun illər kresloda oturan icra başçılarının əksəriyyəti eyni metodla işləyib, bənzər problemlər yaradıblar. Uzun müddət icra başçısı işləyən çoxunu araşdırsan, külli miqdarda var-dövləti, qeyri-leqal biznesi üzə çıxacaq. Eyni zamanda, dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərin amansızcasına talandığının şahidi olacağıq. Monitorinq etsək görəcəyik ki, bir çox adı hallanmayan rayonda da işsizliyə görə verilən sosial kartların böyük əksəriyyəti icra başçılarının qohumlarının cibindədir. Bütün bu neqativlikləri ayrı-ayrı icra başçıları ilə bağlı görülən sərt tədbirlərlə aradan qaldırmaq mümkün olmayacaq. Mən təklif edərdim ki, zamanında parlamenti buraxdıqları kimi, cənab Prezident icra başçılarının bütün korpusunu buraxıb, həmin vəzifələrə korrupsiyadan tam uzaq olan şəxsləri təyin etsin. Onda biz fərqi görəcəyik. Prezident dəfələrlə çıxışında yeni siyasi konfiqurasiyanın yaradılmasının vacibliyini deyib. Bunu icra qurumlarına təyinatlarda da reallaşdırmaq olar. Qanunvericilik YAP üzvü olmayan şəxsin də icra başçısı təyin edilməsini qadağan etmir. Bu baxımdan da belə bir təcrübəni də sınamaq lazımdır. Çox qeyrətli və mərd, karyerası təmiz, savadlı övladlarımız var. Fərqli partiya üzvləri arasından seçilən insanlarla da bağlı belə təyinatları reallaşdırmaq olar. Onda ciddi rəqabət yaranar və işin keyfiyyət əmsalı artar. Bu təcrübəni sınamaq indiki məqamda yaxşı olar. Əminəm ki, müsbət effektini görərik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …