Boyukmillet.com xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Respublika Günü qeyd edilib, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, eləcə də Prezident mükafatlarının təqdimatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovçıxış edərək bu il xalqımızın 28 May Respublika Gününü dövlətçilik tariximizdə əbədi qalacaq böyük Qələbə ilə qeyd etdiyini bildirib, Qələbənin qazanılmasında şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ali Məclisin Sədri deyib: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”. Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-1920-ci illərdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilib, müstəqil dövlətçilik atributları yaradılıb, Azərbaycan dili dövlət dili elan edilib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
“Azərbaycan Xalq Cümhuriyyəti dövründən bəhs edərkən onun Naxçıvanla əlaqələrinə də xüsusi diqqət yetirmək lazımdır”, – deyən Ali Məclisinin Sədri bildirib ki, həmin dövrdə Naxçıvan daxili və xarici maraqların toqquşduğu əraziyə çevrilmişdi. Fürsətdən istifadə edən ermənilərin işğal planları isə vəziyyəti daha da çətinləşdirmişdi. Belə bir vəziyyətdə – 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını alıb və tarixi Azərbaycan torpaqlarını qoruyub saxlayıb. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Naxçıvanla bağlı mövqeyi və yerli sakinlərin siyasi iradəsi isə sonrakı dövrdə Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət statusu qazanmasında mühüm rol oynayıb.
Ali Məclisin Sədri deyib: XX əsrin əvvəllərində milli hökumətimizin keçdiyi şərəfli yol əsrin sonlarında müstəqillik üçün siyasi və tarixi əsas yaradıb. Bu tarixi varislik ənənələrinin yaşadıldığı və müstəqilliyin əsasının qoyulduğu ilk yer isə Naxçıvan Muxtar Respublikası olub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas edib, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılıb. Ölkə Prezidenti cənab İlham Əliyev həmin tarixi dövrü belə dəyərləndirib: “1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır”. Həqiqətən də, tarix göstərdi ki, ümummilli liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirib. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi.
Ali Məclisin Sədri deyib: 28 May – Respublika Günü ərəfəsində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, Prezident mükafatlarının təqdim olunması da xüsusi əhəmiyyət kəsb edir. Çünki müstəqil Azərbaycan ulu öndərin yolu ilə gedərək daha da inkişaf edir, güclənir. Ölkəmizin inkişafında pay sahibi olmaq, çalışdığı sahədə nümunə göstərmək isə hər bir vətəndaşın əsas vəzifəsidir. Təltif olunanlar da öz sahələrində fərqlənən, nümunə göstərən şəxslərdir.
Ali Məclisin Sədri tədbir iştirakçılarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, muxtar respublika əhalisini qarşıdan gələn 28 May Respublika Günü, təltif olunanları isə həm də ölkəmizin yüksək təltif və mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini, eləcə də Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim edib.
“Tərəqqi” medalı ilə təltif olunan Mirvasif Seyidov minnətdarlıq edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, baytarlıq sahəsinə də diqqət göstərilir. Çünki ərzaq təhlükəsizliyi bilavasitə bu sahə ilə də bağlıdır. Ucqar kəndlərdəki baytarlıq məntəqələrində müasir iş şəraitinin yaradılması, yeni avadanlıqlarla təminat bu sahəyə göstərilən diqqətin təzahürüdür.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Vüqar Rəhimli deyib ki, Vətən müharibəsində qələbənin qazanılması ölkəmizdəki dövlət-xalq-ordu birliyinin nəticəsidir. Bu birliyin daha bir ifadəsi də səfərbərlik tədbirlərində insanların böyük ruh yüksəkliyi ilə iştirakı olmuşdur. Səfərbərlik xidməti əməkdaşlarının əməyinə verilən yüksək qiymət məsuliyyətimizi daha da artırır.
Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunan Hümbət Rzayev deyib: “Kənd təsərrüfatı muxtar respublikanın iqtisadiyyatında mühüm rola malikdir. Əhalinin yerli və keyfiyyətli məhsullarla təminatı muxtar respublikada prioritet olduğu üçün mən də bu sahəyə töhfə verməyə çalışıram. Ötən il ərazi bütövlüyümüzün bərpa olunmasında mənim də oğlum iştirak etmiş və qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlərimizə göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq edirəm”.
Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunan Məhsəti Əsgərova çıxış edərək deyib ki, ölkəmizdə və muxtar respublikada aparılan quruculuq işləri təhsil sahəsindən də yan keçməyib. Naxçıvan Dövlət Universitetinin də son illər maddi-texniki bazası təkmilləşdirilir, yeni fakültə və ixtisaslar açılır. Universitetin Xarici dillər fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi muxtar respublikada xarici dillərin tədrisi və öyrənilməsinin günün tələbləri səviyyəsində qurulmasına imkan verir. Məsuliyyətimi dərk edir və göstərilən etimad qarşılığında daha səylə çalışacağıma söz verirəm.
Təltif olunanlardan Oqtay Həsənov və Elçin Qurbanov, Mübariz Allahverdiyev, Kənan Seyidov, Hümbət Babayev, Elnur Məmmədov, Xumar Həsənova, Fəxrəntac Bağırova və Məhsəti Quliyeva da minnətdarlıq ediblər.