Naxçıvan Muxtar Respublikasında son iki ildə siyasi idarəetmə sistemində baş verən dəyişikliklər bölgənin ictimai-siyasi həyatına da ciddi təsir göstərib. Bir müddət əvvəl ölkənin yeganə regional mobil operatoru olan “NAXTEL”n fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılmışdı. Şirkət bununla bağlı rəsmi elan verərək müştərilərini digər operatorlara nömrə köçürməyə çağırmışdı.
Hazırda isə Naxçıvan Muxtar Respublikasının Statistika İdarəsinin məlumatlarına əsasən, bölgənin bəzi sahələrində istehsal böhranı müşahidə olunur. Yeniavaz.com yazır ki, 2022-ci illə müqayisədə son iki ildə – 2023 və 2024-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalı kəskin azalıb. Geriləmə həm bitkiçilikdə, həm də heyvandarlıq sahəsində qeydə alınıb. Təqdim olunan cədvələ əsasən, bəzi məhsullar üzrə istehsalın 2 dəfə, bəzilərində isə hətta 21,5 dəfə azaldığını görmək olur.
Ən böyük azalma noxud, günəbaxan, yemiş və paxlalı bitkilərin istehsalında müşahidə olunub. Mal-qara sayında isə 2 dəfədən çox azalma qeydə alınıb.

Aqroparklar torpağı ələ keçirib, fermerlər isə yoxa çıxır
Əslində, bölgədə kənd təsərrüfatı sahəsində böhran “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan sonra daha qabarıq şəkildə görünməyə başlayıb. Proqram çərçivəsində Muxtar Respublika ənənəvi kənd təsərrüfatı istehsalından uzaqlaşaraq, aqroparkların genişləndirilməsinə yönəlmiş təşviqatı ön plana çıxarıb.
Nəticədə 2023-cü ildən bəri Naxçıvan ərazisində fərdi şəkildə fermer təsərrüfatı ilə məşğul olanların sayı kəskin azalıb, kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti isə genişlənib. Başqa sözlə, fərdi fermerlərin yerini iri aqroparklar tutub.
Belə ki, 2022-ci ildən əvvəl muxtar respublikada 200-ə yaxın fərdi fermer fəaliyyət göstərirdisə, ötən il cəmi 64 nəfər kənd təsərrüfatı ilə məşğul olan fermer qalıb. Nəticədə fərdi fermerlər üzrə istehsal fondunun həcmi 9,2 dəfə azalıb. Əgər 2021-ci ildə kənd təsərrüfatı təyinatlı istehsal fondu bölgə üzrə 4,1 milyon manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 448 min manata düşüb.
Bu səbəbdən statistika kəndlilərin satışdan əldə etdiyi gəlirlərin də azaldığını göstərir. Maraqlıdır ki, fermerlərin mülkiyyətində olan torpaq sahələri də kəskin şəkildə azalıb. Hətta DSK-nın hesabatına əsasən, 2023–2024-cü illərdə əkin aparmaq üçün fermerlər heç bir torpaq sahəsini icarəyə götürməyiblər. Halbuki Naxçıvan MR-nin Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun rəhbərliyi dövründə hər il fermerlər təxminən 100 hektara yaxın torpaq icarəyə götürərək əkin işləri aparırdılar.
Fərdi sahibkarların kənd təsərrüfatına yararlı torpaqları ilə bağlı həmişə ciddi problemlər mövcud olub. İqlim dəyişikliyi və su çatışmazlığı bu regionda münbit torpaqların sürətlə korroziyaya uğramasına səbəb olub. Buna görə də bu istiqamətdə statistik göstəricilər ildən-ilə azalırdı.
Lakin son iki il ərzində fermerlərə məxsus kənd təsərrüfatına yararlı torpaq sahələri 4,2 dəfə azalıb. Fermerlərin əkin yerləri isə eyni müddətdə 7,7 dəfə azalaraq cəmi 18 hektar qalıb. Örüş və biçənək sahələri isə, ümumiyyətlə qalmayıb.
Fermerlərdən fərqli olaraq, Naxçıvanda kənd təsərrüfatı ilə məşğul olan müəssisələrin mülkiyyətində və istifadəsində olan torpaq sahələri 2021-ci illə müqayisədə 2024-cü ildə 3,3 dəfə artıb.
Əgər əvvəlki illərdə aqrar müəssisələr tərəfindən icarəyə götürülən torpaqlarla bağlı statistika təqdim olunmurdusa, 2024-cü ildə artıq 1 092 hektar torpaq sahəsinin icarəyə götürülməsi qeydə alınıb. Beləliklə, dövlət və bələdiyyə torpaqlarının daha çox aqroparklara verildiyi görünür. Bu baxımdan, fermer təsərrüfatlarında kənd təsərrüfatına yararlı torpaqların sahəsi kəskin azalarkən, aqroparkların balansına keçən yararlı torpaqların həcmi 45 dəfədən çox artıb.
Nəticədə, bir müəssisənin istifadəsində olan yararlı torpaq sahəsi orta hesabla 12,4 hektardan 91 hektara yüksəlib.
Rəqəmlər göstərir ki, kəndlilərin fərdi təsərrüfatlarının sayının azalması ümumi istehsal prosesinə ciddi təsir göstərib. Çünki bir sıra kənd təsərrüfatı məhsullarını məhz müəssisələr deyil, fərdi fermerlər istehsal edirdilər. Lakin Naxçıvan Muxtar Respublikasında fərdi təsərrüfatlar getdikcə yox olmaq üzrədir.
Onların əvəzində iri müəssisələrin yaradıldığını demək olar. Amma statistika göstərir ki, bu müəssisələr 2022-ci ildən etibarən böyük torpaq sahələrinə sahib olaraq mənfəətlərini artırsalar da, 2024-cü ildən yenidən azalma tendensiyası müşahidə olunur. Belə ki, əgər 2023-cü ildə kənd təsərrüfatı müəssisələrinin mənfəəti 52,4 faiz artmışdısa, 2024-cü ildə bu göstərici 21,6 faiz azalıb.
Aqroparklar korrupsiya mənbəyinə necə çevrilib?
Meydan TV-yə açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, Naxçıvanın kənd təsərrüfatı sektorunda vəziyyət olduqca acınacaqlıdır. Onun sözlərinə görə, xüsusilə su çatışmazlığı və qeyri-peşəkar idarəçilik bu sahənin ildən-ilə çökməsinə səbəb olur:
“Naxçıvanın kənd təsərrüfatı ilə bağlı araşdırmalarım olub. Orada çox ciddi problemlər var. Kəndlilərin istehsal vasitələrinə olan tələbatı hələ də təmin edilmir. Məsələn, su və meliorasiya ilə bağlı böyük çətinliklər mövcuddur. Bir müddət əvvəl orada su anbarının yenidən qurulması ilə bağlı tədbirlər görülməyə başladı. Lakin Bakıdakı yüksəkçinli məmurları həmin ərazidə aqroparklar yaratdılar və sudan istifadə etməyə başladılar. İndi də kəndlilər əkinlərini suvarmaq üçün su tapa bilmirlər”.
Ekspertin fikrincə, təkcə Naxçıvanda deyil, ümumilikdə Azərbaycanda aqroparkların fəaliyyəti gözlənilən nəticəni vermir:

“Onların əsas vəzifəsi guya kənd təsərrüfatı məhsulları istehsal etməkdir. Amma əslində hamısı korrupsiya mənbəyinə çevrilib. İnvestisiyanın bir hissəsi dövlət vəsaiti hesabına həyata keçirilir. Orada əkin-səpin işləri aparılır, lakin ziyan da dövlət hesabına kompensasiya olunur. İri müəssisə rəhbərləri kəndlilərə əkin-biçin işlərinin aparılması üçün tapşırıqlar verirlər. Onlar üçün nəticə önəmli deyil, çünki hər şey sığortalanır. Həm sığorta şirkətləri özlərinindir, həm də kənd təsərrüfatı sığortasının 50 faizi dövlət tərəfindən ödənilir. Bu səbəbdən əkin işlərini icra edən şəxslər istehsal nəticəsinə görə məsuliyyət daşımırlar. Məsələn, guya fors-major vəziyyət yaranır, güclü yağış yağır, bitkilər normal çıxış vermir və ziyana düşür. Nəticədə sığorta hadisəsi kimi rəsmiləşdirilir. Beləliklə, dövlət vəsaitinin mənimsənilməsi bu yolla ört-basdır edilir”.
“Naxçıvanda da eyni proses gedir. Onsuz da orada peşəkar kadr yoxdur. Bakıdan göndərilən kadrlar da iş görən deyil, çünki sahəni dərindən bilmirlər. Yeni kadrlar təyin olunsa da, əsaslı işlər görülmədi. Məhsuldarlığın artması üçün münbit torpaq, su və peşəkar idarəetmə lazımdır”, – ekspert belə deyir.
Vahid Məhərrəmli bildirir ki, məhsuldarlıq aşağı olduqda istehsal olunan məhsul rəqabət qabiliyyətli olmur. Onun sözlərinə görə, rəqabət qabiliyyəti olmayan məhsul isə qazanc gətirmir. Fermerin marağı isə, təbii ki, qazanc əldə etməkdir. Ekspert deyir ki, Kənd Təsərrüfatı Nazirliyində isə insanların müraciətlərinə baxan yoxdur.
“Kənd təsərrüfatı elə bir sahədir ki, bəzən əlverişli il olur, bəzən isə fors-major hallar yaşanır. Məsələn, yağıntının miqdarı normal olanda, iqlim mülayim keçəndə məhsuldarlıq da yüksək olur. Havanın dəyişməsi isə məhsuldarlığa ciddi təsir göstərir. Əgər torpaq münbitdirsə, kəndlinin bilik və bacarığı varsa, dəyişən iqlim şəraitinin təsiri o qədər də ciddi olmur. Necə olur ki, digər ölkələrdə hər il məhsuldarlıq artır, amma Azərbaycanda azalır? Azərbaycanda məhsuldarlıq hansısa ildə artırsa, bu, kəndlinin bilik və bacarığının nəticəsi deyil. Burada hər şey kortəbii şəkildə gedir. Bir il məhsuldarlıq artır, digər il kəskin azalır. Azərbaycanda fermerlər aqrotexniki qaydalara əməl etmir.
Beynəlxalq standartlara uyğun aqrotexniki qaydalar tətbiq edilmir. Kənd təsərrüfatı tamamilə iqlim şəraitindən asılı vəziyyətə düşüb. Bəzi məhsullarla bağlı belə vəziyyət daim izlənilir”.
“Naxçıvanda növbəti illərdə məhsuldarlıq arta bilər, amma sonra yenə azala bilər. Çünki bu sahəyə davamlı yanaşma və dəstək yoxdur. Dövlətin üzərinə düşən vəzifələr var. Fermerləri su ilə təmin etməli, onların arasında daim maarifləndirmə işləri aparmalı, mütəmadi təlimlər keçirməlidir. Həmçinin keyfiyyətli toxum və gübrənin təminatı dövlət tərəfindən təşkil edilməlidir. Eyni qayda ilə digər istehsal vasitələrinin əlçatanlığı da təmin olunmalıdır. Məsələn, Çinin istehsal etdiyi mini traktorların Azərbaycanda əlçatanlığı təmin edilər bilər. Ola bilsin ki, Azərbaycanda nümayəndəliyi açıla bilər. Çünki mini traktorların, qoşqu və digər avadanlıqların çatışmazlığı var”, – deyə ekspert bildirib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
