Cümə , 17 May 2024
Drone Cameras

Naxçıvanda şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo yarışı keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən, şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və şəhər Gənclər və idman idarəsinin birgə təşkil etdiyi turnirdə Naxçıvan cüdoçuları ilə yanaşı, Bakının “Neftçi”, “Çempion” və “Şahin” idman klublarının idmançıları mübarizə aparıblar.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov turniri açıq elan etdikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov çıxış edərək ölkəmizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı yad edib, turnirin təşkilatçılarına minnətdarlığını bildirib.

Eyni zamanda təşkilatçılar tərəfindən Üzeyir Məmmədova xüsusi plaket təqdim edilib. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov və Azərbaycanın Respublikasının əməkdar məşqçisi Azər Bağırov turnirin reqlamenti barədə məlumat verib, bütün idmançılara uğurlar arzulayıblar.

Sonra görüşlərə start verilib.

4 yaş qrupu üzrə 17 çəki dərəcəsində keçirilən turnirdə 130 idmançı iştirak edib. Turnirin yekun nəticəsinə əsasən 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Süleyman Şamilov (55 kiloqram, “Şahin”), Mətin Məmmədov (60 kiloqram, “Neftçi”), Ramil Cabbarov (73 kiloqram, “Neftçi”) və İsmayıl Fərəcov (100 kiloqram, Şərur) fəxri kürsün ən yüksək zirvəsinə qalxıblar. 2008-2009-cu il təvəllüdlü cüdoçuların mübarizəsində Rəhim Qaybalıyev (34 kiloqram, Naxçıvan), Sinan Fərzəliyev (38 kiloqram, Culfa), Məhəmməd Rüstəmli (42 kiloqram, “Neftçi”), Heybət Heydərov (50 kiloqram, “Şahin”), Rəşad Qasımov (55 kiloqram, “Neftçi”), Asim Əliyev (60- kiloqram, Naxçıvan) və Məhəmmədəli Bayramov (60+ kiloqram, Şərur) qalib adını qazanıblar.

Bağırlı Səkinə (50 kiloqram, Naxçıvan), Vaqif Əliyev (38 kiloqram, Culfa) və Sadiq Rzazadə (50 kilorqam, Naxçıvan) 2010-2011-ci təvəllüdlü idmançılar arasında birinci olublar. 2012-2013-cü il təvəllüdlü idmançılar arasında isə David Məmmədzadə (27 kiloqram, Şərur), Rəhman Əliyev (34 kiloqram, Şərur) və Yusif Abdullazadə (50+ kiloqram, Naxçıvan) hamıdan güclü olublar.

Sonda qaliblər diplom və medalla təltif ediliblər.

Check Also

Məhəmməd Muradlı Avstriyadakı turnirin qalibi olub, Şəhriyar Məmmədyarov üçüncü yeri tutub

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən “Grand Prix Plus City” turnirinin blits mərhələsində qalib olub. …