Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvanda seçkilərə hazırlıq işləri tamamlanıb

Naxçıvanda fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək seçkilərə hazırlıq işləri tamamlanıb.

Boyukmillet.com xəbər verir ki, bu müddətdə seçki komissiyalarının hamısı tələb olunan bütün normativ aktlar, sənədlər, sənəd nümunələri və əşyalarla təmin olunublar. Həmçinin onların təlimatlandırılması işi də mütəmadi şəkildə həyata keçirilir, seminar-treninqlər təşkil olunur və bu proses, yəni, seçki komissiyalarının təminatı və təlimatlandırılması seçkilər gününədək davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə 25 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 9 nəfəri Yeni Azərbaycan Partiyasının, 2 nəfəri Böyük Quruluş Partiyasının, 1 nəfəri Azərbaycan Sosial Rifah Partiyasının, 1 nəfəri Vahid Azərbaycan Partiyasının nümayəndələri, 12 nəfəri isə bitərəf namizədlərdir. Namizədlərdən 3 nəfəri qadındır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə deputatlığa namizədlərin seçkiqabağı təşviqatı yanvarın 17-dən başlanıb. Bütün şəhər və rayon mərkəzlərində kütləvi tədbirlərin keçirilməsi üçün açıq və qapalı yerlər müəyyən olunub, müvafiq yerlərdə təşviqat materiallarının asılması üçün təşviqat lövhələri yerləşdirilib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 87-si Yeni Azərbaycan Partiyasının, 1 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi, 52 nəfəri isə bitərəfdir. Namizədlərdən 18-i qadındır. Ali Məclisə seçkilər üzrə isə seçkiqabağı təşviqat yanvarın 28-dən etibarən başlayıb və həm Milli Məclisə, həm də Ali Məclisə seçkilərlə bağlı təşviqat fevralın 8-i saat 8:00-a kimi davam edəcəkdir. Həmin saatdan sonra bütün təşviqat materialları yığışdırılacaq.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …