Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Naxçıvan, 26 fevral

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət qurumlarının nümayəndələri də abidə önünə gül qoyublar.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırımı törədilib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilib.
29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərə ağır hərbi texnika yeridilərək, dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilib. Dahi şəxsiyyətin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olunub və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Xocalı soyqırımı adi cinayət deyil. Xocalı soyqırımı yüz il də bundan sonra bizim gələcək nəsillərimizin xatirəsindən çıxmamalıdır. Hər bir gələcək nəsil gərək bilsin ki, bizim millətimizə qarşı belə vəhşilik edilibdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynayıb. Artıq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri tərəfindən qəbul edilən müvafiq sənədlərdə Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi qəbul edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.
Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini atəşə tutub. Ölkəmizə qarşı təcavüzün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edilib, tarixi Qələbə qazanılıb. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən yüz minlərlə insana uzun müddət gözlədikləri öz dədə-baba torpaqlarına qayıtmaq və fundamental hüquqlarını bərpa etmək imkanı yaradılıb.
XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir… Məqsədimiz Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir”.
Həmin gün muxtar respublikanın rayonlarında da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …