Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ili tamam olacaq. Bu 30 il dövlətçilik tariximizi şərəfləndirən hadisələrlə zəngindir. Möhtərəm Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ötən il Vətən müharibəsində qazandığımız şanlı Qələbə bütün bu hadisələrin zirvə nöqtəsidir. Bu Qələbə ilə cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, xalqımızın yenilməzliyini, dövlətimizin gücünü bütün dünyaya bəyan etdi.
Bəli, bu gün tariximizin və müstəqilliyimizin ən şərəfli səhifələri yazılır, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Dönüb keçdiyimiz yola, tarixə nəzər salanda görərik ki, dövlətimiz bu yüksəlişə çatmaq üçün hansı mərhələlərdən keçməli olub. Və ən əsası bu yol həm Ulu Öndər Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin nümunəsində lider amilinin dövlətin və xalqın milli özünütəsdiqi məsələsində, müstəqilliyin möhkəmləndirilməsində, dövlətçiliyin gücləndirilməsində nə qədər mühüm rol oynadığını göstərir.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan fövqəladə sessiyasında Ulu Öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi də tarixdə liderlərin rolunun əvəzolunmazlığını təsdiq edən mühüm hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən proseslərə ciddi təsir göstərdi, azadlıq mübarizəsini uğurlu nəticə verəcək doğru səmtə istiqamətləndirdi. Bu gün həmin tarixdən 30 il ötür…
Heydər Əliyevin dövlət və xalq qarşısındakı xidmətləri barədə söz açarkən hər kəsin çox düzgün olaraq toxunduğu tarixi məqamlardan biri ondan ibarətdir ki, Ulu Öndərin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişi Azərbaycanda baş qaldırmaqda olan müstəqillik mücadiləsinin daha da genişlənməsinə və bu istiqamətdə konkret addımların atılmasına səbəb oldu. Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüşdü. Bu seçkidə həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçilən Heydər Əliyevin təşəbbüsləri ilə həmin il noyabrın 17-də keçirilən Naxçıvan Ali Məclisinin ilk iclasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə qərar qəbul edildi. İclasda baş verən daha bir böyük tarixi hadisə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərarın təsdiqi oldu.
Bu həmin dövr idi ki, SSRİ adlı imperiya hələ mövcud idi. Belə bir vaxtda Naxçıvanın adının dəyişdirilməsi, “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi Heydər Əliyevin qətiyyətinin, müstəqillik uğrunda mübarizəsinin ən böyük təcəssümlərindən biri idi. Bütün bunlar həm də Ali Məclisin sessiyasına sədrlik edən Heydər Əliyevin daşıdığı yüksək azərbaycançılıq ideallarından, qeyri-adi cəsarətindən, müstəqillik uğrunda atdığı real addımlardan xəbər verirdi. Bununla da Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni keyfiyyət mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi.
1991-ci ilin ikinci yarısından etibarən sovet hakimiyyətinin qürubuna doğru Azərbaycanda da siyasi böhran dərinləşmişdi. Kommunist Partiyası artıq səlahiyyətlərini itirməkdə idi və ölkənin hər yerində olduğu kimi, Naxçıvanda da elan olunmamuş fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması da ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlmişdi. Məhz bu sessiyada Naxçıvan MR-in ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Belə ki, sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan bu sessiyada böyük şəxsiyyət Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi tək muxtar respublikanın deyil, Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə idi. Çünki bununla həm tədricən blokada vəziyyətinə salınan Naxçıvanın xilasında, həm də Azərbaycanı dövlət müstəqilliyinə aparan yolda Ulu Öndərin rəhbərliyi ilə yeni tarixi missiya başlayırdı.
Sessiyanın keçirilməsinə qədərki mərhələdə Heydər Əliyev rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da Ulu Öndər namizədliyinin səsə qoyulmamasını xahiş etmişdi. Yalnız xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə Ali Məclisin Sədri seçilməsinə razılıq vermişdi.
3 sentyabr 1991-ci il tarixdə, öz işinə başlayan sessiyanın iclasları bir neçə gün davam etdi, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olundu. Sessiya respublikamızda prezident seçkilərinin keçirilməsi, Azərbaycan Kommunist Partiyasının fəaliyyətini davam etdirib-etdirməməsi kimi məsələləri müzakirə edib, ortaya mövqe qoymalı idi. Bütün bunları müzakirə edən Naxçıvan Ali Məclisinin sessiyası prezident seçkilərinin muxtar respublika ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etdi. Bundan başqa, sessiyada “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edildi və Azərbaycan Ali Sovetindən Sovet İttifaqı Kommunist Partiyasının, Siyasi Büronun və Mərkəzi Komitənin respublikamızda fəaliyyətinin dayandırılması xahiş olundu. Çünki bu qurumlar dağılmışdılar və faktiki olaraq fəaliyyət imkanlarını itirmişdilər.
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövlətçilik tariximizə işıq salan hadisələrlə zəngindir. Belə ki, məhz bundan sonra sovet ordusu Naxçıvandan çıxarıldı. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində düşmənin Naxçıvanla bağlı işğalçılıq niyyətlərini həyata keçirməsinə imkan vermədi. Eyni zamanda Heydər Əliyevin Türkiyə və İranla yaratdığı əlaqələri muxtar respublikada blokada şəraitinin yaratdığı çətinliklərin qarşısını aldı.
Heydər Əliyevin müdrikliyi, siyasi uzaqgörənliyi nəticəsində Naxçıvan bütün çətinliklərə sinə gərdi. Ona görə Azərbaycan ictimaiyyəti haqlı olaraq müstəqilliyimizin ilk illərində ölkədə yaranmış çətin vəziyyətdən çıxış yolunu Ulu Öndərin siyasi hakimiyyətə qayıdışında görürdü. Respublikamızın bütün bölgələrindən Heydər Əliyevə ünvanlanan məktublar, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaranması da Ulu Öndərə olan böyük inam və etimaddan irəli gəlirdi. Beləliklə, Ulu Öndərin Naxçıvandan başlatdığı missiya tezliklə bütün respublikamızın xilasına xidmət etməyə başladı. Azərbaycanın dövlət müstəqilliyini qorudu və əbədi etdi.
Cəbi QULİYEV,
Milli Məclisin deputatı