Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvanın təhlükəsizliyi ilə bağlı Prezidentin iqtisadi və hərbi mesajlarının beynəlxalq əhəmiyyəti…

Elşən Həsənov: “Naxçıvan Azərbaycanın dünyaya açılan çıxış qapısıdır”

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən MR-in təhlükəsizliyi ilə bağlı vəziyyətlə ətraflı maraqlanıb.

Dövlət başçısı Naxçıvanda təhlükəsizlik tədbirlərinin diqqət mərkəzində saxlandığını, son illər ərzində bu istiqamətdə böyük işlər görüldüyünü, ordu quruculuğu sahəsində böyük inkişaf olduğunu bildirib. “Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”, – deyən Prezident düşmənlə sərhəddə vəziyyət və hərbi potensialın möhkəmləndirilməsi üçün görülməli olan işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri V.Talıbov Muxtar Respublikanın müdafiəsinin təşkili istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, Muxtar Respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu yaradılıb: “Alınmış silah-sursatla bu gün Muxtar Respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda Muxtar Respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda Muxtar Respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla Muxtar Respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır”.

Dağlıq ərazilərdə yerləşən döyüş postlarının təchizatı barədə məlumat verən V.Talıbov postların hamısına yolların çəkildiyini qeyd edib: “Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilib və xidmətin aparılmasında heç bir problem yoxdur”.

Göründüyü kimi, ölkə başçısı Naxçıvanın təhlükəsizliyinə, ordu quruculuğu ilə bağlı vəziyyətinin diqqətdə saxlanmasına böyük önəm verdiyini, bundan sonra da bu istiqamətdə nə lazım olacaqsa dəstək veriləcəyini bəyan edib. Prezidentin məlum görüşdə verdiyi iqtisadi və hərbi mesajlarının nə kimi beynəlxalq əhəmiyyəti var?

  • “Ölkə başçısının mesajı həm də həmin bölgənin beynəlxalq əhəmiyyətinə diqqəti yönəltdi”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla beynəlxalq əhəmiyyətli ciddi mesajlar verildi: “Bilirsiniz ki, Azərbaycanı istəməyən böyük güclər daim Azərbaycanı Türkiyə ilə təcrid etməyə, ümumi sərhədlərimizin olmamasına çalışıblar. Bu məqsədlə Zəngəzur mahalı ermənilərə verildi və nəticədə Azərbaycanın həm öz parçası olan Naxçıvanla, həm də Türkiyə ilə birbaşa əlaqəsi kəsildi. Ancaq Naxçıvanın mövcudluğu sübut etdi ki, blokada şəraitində olsa da, həmin torpağın varlığı həm bizim, həm də Türk dünyası üçün böyük əhəmiyyətə malikdir. Bəli, bu gün Naxçıvan Türk dünyasını birləşdirən bir inci rolunu oynayır. Türkiyə oranın vasitəsilə Azərbaycanla əlaqələrini birbaşa qura bilir, Azərbaycandan da Orta Asiyadakı türk dövlətlərinə çıxış əldə edir. Bunun əhəmiyyətini dərk edən ermənilər və onlara havadarlıq edənlərin daim Naxçıvanda gözləri olub. Ermənilər hər zaman Naxçıvana qarşı ərazi iddiaları qaldırıblar. Ancaq güclənən Azərbaycan Naxçıvandakı vəziyyəti tam dəyişə bildi. Həmin görüşdə bir daha ordumuza olan diqqət xatırlandı. Artıq Naxçıvanda elə bir güc var ki, biz torpaq itirməkdən qorxmuruq. Əksinə, ermənilər hər an deyirlər ki, Azərbaycan Naxçıvandan onların üzərinə həmlə edə bilər. Günnüt əməliyyatı bir daha sübut etdi ki, Naxçıvan əmin əllərdədir, ordunun vəziyyəti ilə bağlı orada heç bir narahatlığa əsas yoxdur. Naxçıvan Azərbaycanın dünyaya açılan çıxış qapısıdır. Oranın bir neçə ölkə ilə sərhədi var. Ölkə başçısının mesajı həm də həmin bölgənin beynəlxalq əhəmiyyətinə diqqəti yönəltdi. Həmin tarixi Azərbaycan torpağı daha da güclənəcək və inkişaf edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …