Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanlı şəhid anası Rəna Hüseynova: Balamın nişanı da, balamın toyu da onun bayrağıdır!

MÜQƏDDƏS TORPAQ, MƏĞRUR ANA, QƏHRƏMAN OĞUL!!!

Bir neçə gündür, Naxçıvan Dövlət Televiziyasının əməkdaşları tərəfindən şəhid anası Rəna Hüseynovadan alınan müsahibə  minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılır, yüzlərlə şərh yazılır: oğlu Vətən uğrunda şəhid olan bir ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi? İndi bildiniz, Vətənə nə üçün Ana deyirik? 30 illik işğala, zülmə son qoyan övladları dünyaya Vətən Analar, Ana Vətənlər gətirib. Azərbaycanın bütövlüyü Vətən Anaların bətnindən doğulacaq!

Budur, qarşımdadır həmin qəhrəman ana. “Şəhid anası olmaq hər adama qismət olmur, baxın, bu anaya qismət oldu” deyərək  balası üçün həm ağlayır, həm də qürurlanır. Düzü, uzun illərdir, bir yerdə işlədiyim Rəna xalanı belə tanımamışdım: məğrur və qürurlu. İlahi, bu necə mənzərədir? Nə deyəsən, nə təsəlli verəsən? Hansı cümlələr ona övladının yoxluğu ilə barışmağa kömək edər, yarasına məlhəm olar? İnanmıram! Ancaq  düşünürəm ki, məlhəmi torpaq, təsəllisi Vətən olarsa, tez sağalar yaraları.  Elə məhz bu səbəbdəndir ki, Rəna xalanın məğrurluğuna heyran qalıram.

3 saat necə keçdi bilmədim. Raqib kimi oğul nə bu 3 saata sığdı,  nə də bir məqaləyə sığar. 27 yaşlı Raqibin həyat yolu bir qəhrəmanlıq dastanıdır. O dastan ki, tarix boyu oxunacaq, gələcək nəsil üçün nümunə olacaq. Raqibi Rəna xalanın dilindən eşidirəm:

-Raqib uşaq idi. Ona paltar almaq üçün bazara getdik.  Amma o, paltarların içərisində hərbi formada  olanını seçdi.   Düşündük, uşaqdır, hər uşaq kimi silaha, hərbi formaya maraqlıdır. Bir gün işğalda olan torpaqlardan danışırdıq. O vaxt onun 12-13 yaşı olardı. Yerindən atılaraq “erməni dığalarını öldürəcəyik”,-deməsinə hamımız məəttəl qalmışdıq.  Heydər Əliyev adına tam  orta məktəbdə oxuyurdu. Evə gəldi ki,  Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanları olacaq, mən də adımı yazdırdım.  Anayam, nə gizlədim, qorxurdum. Bilirdim ki, müharibə  olsa, Raqib Vətən, torpaq üçün hamıdan qabaqda gedəcək.    Müəllimi Əmanət xanım və mən Raqibə dedik, evin tək oğlusan, gəl başqa sahəni seç.  Ancaq bizi eşitmədi. Necə deyərlər, öz bildiyini etdi. Liseyi də, akademiyanı da  əla qiymətlərlə bitirdi. Təhsil aldığı illərdə nümunəvi kursant, hərbçi kimi biz valideynlərinə hər zaman təşəkkür olundu. Müxtəlif illərdə Bakıda, Gəncədə, Tərtərdə bölük komandiri kimi xidmətini davam elədi. 

ANA, SƏNİ ŞUŞADA QARŞILAYACAĞAM!

Rəna xanımla söhbətimizə davam edirik:

-Raqiblə son danışığımda “Ana, səni Şuşada qarşılayacağam”,-deyərək sevinirdi. Narahat oldum. Gecə Raqibə mesaj yazdım. Ehtiyatlı ol deyə.  (yazdıqlarını göstərir mənə). Yazdı ki, Vətən uğrunda şəhid olmaq ölümlərin ən şərəflisidir. Şəhid olsam, başını dik tut. Atamdan da muğayat ol. Bir-birinizi qoruyun. Elə bil ürəyinə dammışdı ki,  şəhid olacaq. Bütün əşyalarını toplayıb bir yerə, dostuna deyib, bunları anama versinlər. Sentyabr ayının sonu Raqibin Talış uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucaldığını eşitdik. Xəbərin birinci günü mənim üçün ağır keçdi. Amma bilirdim ki, Şəhidlik, Vətən uğrunda ölmək Raqib üçün böyük şərəf idi. Bir ana kimi mənə də bu şərəfi yaşatdı: Şəhid anası!!!

-Əlavə edir:

-Raqibin çəkmələri hey ayağında olardı. Gecə-gündüz, nə zaman zəng etsəm, oyaq olurdu. Deyirdim, “ay Raqib, niyə yatmırsan?” Deyirdi “yatmaq nədi, ay ana?”, zarafata salıb gülürdü. Bütün Tərtər, Naftalan Raqibin qəhrəmanlığından danışırdı. Şəhid olandan sonra telefonlarım susmur. Elə indi də. Hər kəs onun bir yaxşılığından danışır. Deyirəm, ay Rəna, sən oğlunu tanımamısan. Mən Raqibi şəhid olandan sonra yenidən kəşf elədim. Oğlumu yenidən tanıyıram. Raqib sağlığında böyük hörmət qazanıb. Artıq Raqib tək mənim deyil, Azərbaycanın qəhrəman oğludur.

ƏSGƏR, İRƏLİ, İRƏLİ…

Əsgərlərinin, döyüşçü yoldaşlarının Raqib haqqında yazdıqlarını oxuyuram: döyüşdə yaralansa da, deyib mən yaxşıyam, əmr edib: İrəli, irəli! Bir nəfər də olsun, geriyə çəkilməsin. Raqib bölgünü elə aparmışdı ki, bütün subaylar öndə, ailəlilər arxada olsun. Deyirmiş biz şəhid olsaq da, ailəli olanlara heç nə olmasın. Heç bir uşaq atasız qalmasın.

Digər bir döyüş yoldaşı yazır: Gözəl insan, ruhun qarşısında baş əyirik. Uğrunda canından keçdiyin yüksəklik artıq bizdədir. Qisasın da alındı. Rahat uyu, şəhidim! Səni unuda bilmirik və unutmayacağıq. Çünki sən bizə komandir yox, qardaş oldun. Qardaş qardaşı unutmaz! 

Başqa bir şərhi oxuyuruq: Otaqlara hər gün gecə girərdi. Əsgərlərin üstünü örtərdi, xəstələnməsinlər deyə. Sən əsgərlərinə qardaş oldun, Raqib!  Səninlə bağlı o qədər  söz demək olar ki. İrəli, irəli. Səsin qulaqlarımdan getmir.

RAQİB TORPAQ, BAYRAQ AŞİQİ İDİ!!!

Bəlkə də ona görə Raqibin 40-ı Bayraq gününə-noyabrın 9-na düşdü. Ən böyük arzularından biri Şuşanı görmək olub. Rəna xala deyir ki, mütləq Şuşaya gedib oradan torpaq gətirib Raqibin məzarına qoyacağam.   

Başımı qaldırıb, Raqibin fotosuna baxıram. Fotolardan  lal-dinməz bizi “dinləyir”.  Öz-özümə “Rahat uyu, qəhrəman”, – deyirəm.  Sən torpaq uğrunda canından keçdin. Unutmaz bu torpaq, bu Vətən səni.  Sənin dilindən düşməyən o Şuşa azad olunub. Mənfur düşmən öz qanında boğuldu, sənin və sənin kimi yüzlərlə şəhidimizin qanı yerdə qalmadı.  Raqib, Şuşa azad olunan günü evinizin  qarşısını görərdin, necə izdihamlı idi.  Hamı ananın əlindən öpməyə gəlmişdi.  Əgər sən və sənin kimi qəhrəmanlar olmasaydı, bugünkü zəfərimiz də olmazdı, Qarabağ da. Bağlı torpaqlarımıza yollar açdınız. Siz bizim üçün polad körpüsünüz, həm də sınmayan, əyilməyən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü qədər ağır bir yükü dünənimizdən bu günümüzə ötürən qəhrəmanlıq körpüsü…

Rəna xalayla sağollaşanda ona zəng gəldi. Raqibin əsgərlərindən biri idi.  Yeni doğulan körpəsinə Raqibin adını qoymaq istəyirdi. İcazə istəyirdi, halallıq alırdı. Rəna xalanı qəhər boğmuşdu… Bəli, Vətən torpağını öz qanları ilə suvaran şəhidlər isə bir ölər, min dirilər. 

Raqib kimi qəhrəmanlar tarix yazdı. Belə qəhrəmanları yalnız Rəna ana kimi qadınlar dünyaya gətirə bilər. Qarşında baş əyirik, Rəna xala!!!

                                               Sara Əzimova

                                               jurnalist

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …