Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Nazim İbrahimov: “Bu qrupun havadarlarının kim olduğunu bilirik” – MÜSAHİBƏ

– Bu yaxınlarda bir sıra dünya liderləri və tanınmış siyasətçilərin iştirakı ilə keçirilmiş VI Qlobal Bakı Forumu kifayət qədər gündəmi məşğul etdi. Forumdan belə bir gözlənti vardı ki, tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq, xüsusilə də bəzi anti-Azərbaycan dairələrin təbliğatına layiqli cavab olacaq. Bu gözləntilər nə dərəcədə özünü doğrultdu?

 

– Ümumiyyətlə, bu forumun altıncı dəfə və daha geniş tərkibdə Bakıda keçirilməsinin özü göstərdi ki, Azərbaycanın nüfuzu artıb, ölkəmiz qlobal siyasi məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Bakıda artıq bütün dünyanı narahat edən qlobal əhəmiyyətli məsələlər, tolerantlıq, dini və milli dözümlülük mövzuları, humanitar problemlər müzakirə olunur. Əlbəttə ki, bu məsələlərin müzakirəsi zamanı Azərbaycanın mövqeyi ifadə edildi, ölkə siyasi elitasının mövqeyi, dövlətin bütün beynəlxalq məsələlərə baxışları ortaya qoyuldu. Gələn yüksək statuslu çoxsaylı qonaqlar da Azərbaycan həqiqətlərini daha dərindən öyrənərək buradan ayrıldılar. İndiyə qədər bədnam düşmənlərimizin bizə qarşı apardığı təbliğatın qarşısını almaq üçün bu, yeni bir platformadır. Forumda iştirak edən nüfuzlu siyasət adamları, sabiq və indiki dövlət və hökumət başçıları ölkədə vətəndaş cəmiyyətinin mövcudluğunu, mətbuat azadlığını, siyasi dialoqun inkişafını öz gözləri ilə gördülər. Bu cür tədbirlər Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynayır, dünyada Azərbaycanın siyasi nüfuzunu artırır, ciddi siyasi oyunçu kimi mövqeyinin möhkəmlənməsinə öz töhfəsini verir, ən ağrılı yerimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal altındakı torpaqlarımızla bağlı daha düzgün məlumatların yayılmasına gətirib çıxarır. Bu mənada keçirilən forumlar ildən-ilə Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bütün bunlar təbii ki, Azərbaycan prezidentinin apardığı uğurlu və uzaqgörən siyasətin Azərbaycan xalqının mənafelərinə xidmət etdiyini bir daha nümayiş etdirir.

 
 

– Azərbaycan illərdir Qərbin ikili standartlarından əziyyət çəkdiyini dəfələrlə dilə gətirir. Bu halın aradan qaldırılması, o cümlədən bəzi dairələr tərəfindən aparılan əks təbliğata qarşı hansısa tutarlı qlobal cavabın verilməsi baxımından bu forumun nəticəsi olacaqmı?

 

 Bu məsələlərə daha çox praktik yanaşmaq lazımdır. Yəni nə qədər ki, Azərbaycan öz dövlət müstəqilliyinin qorunması üçün ardıcıl addımlar atır, nə qədər ki, dövlətimizin başçısı cənab prezident İlham Əliyev dünya arenasında öz sözünü qətiyyətlə deyir, dünya ölkələri arasında ölkəmiz öz yerini daha möhkəm qoruyub saxlayır. Təbii ki, bizə münasibətdə ikili standartlar olacaq. Dünyada müəyyən qüvvələr tapılacaq ki, ən azı maraqları bədxah düşmənimiz Ermənistanın, onun lobbisinin maraqları ilə üst-üstə düşsün. Biz buradan ikili standartları görüb haqq-ədaləti tələb etdiyimiz halda, o qüvvələr yenə erməni lobbisinin təsiri ilə ikili standartlarını davam etdirəcəklər. Belə deyək ki, biz daha çox uğur qazandıqca, gücümüz və nüfuzumuz artdıqca, dünyada söz sahibi olduqca, sayıldıqca bizə qarşı təxribatlar da olacaq. Buna baxmayaraq, bura gələn yüksək statuslu, çoxsaylı qonaqların geri qayıdarkən artıq kimlərinsə dediyini yox, özlərinin düşüncələrini bölüşməsi təbii ki, ən azı bəzi dairələrin anti-Azərbaycan təbliğatının nəticə verməsinə imkan yaratmayacaq. Əsas odur ki, onlar gördülər ki, Azərbaycan prezidentinin auditoriyaya söylədiyi fikirlər xalq tərəfindən qəbul edilir, Azərbaycan vətəndaşları öz prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşib.  Bu forumda iştirak edən yüksək səviyyəli qonaqlar, siyasət və dövlət adamlarının öz ölkələrində Azərbaycan haqqında söyləyəcəyi fikir, bizim ölkəmiz haqqında təəssüratı ictimai rəyə ciddi təsir göstərir. Çünki bu adamlar öz ölkələrində böyük nüfuza və ictimai rəyə təsir imkanlarına malik təcrübəli siyasət adamlardır, onların sözünə cəmiyyətdə etimad var.

 

– Azərbaycan Avropanın təbliğat-informasiya kanallarında nə qədər yer ala biləcək ki, məsələn, siyasi mübarizələrini hətta təhqirlə, söyüşlə aparan bəzi şəxslərin bu kampaniyası ciddi görünməsin?

 

– Çox maraqlı məqama toxundunuz. Əlbəttə, son zamanlar sosial media insanların həyatında çox böyük yer tutmağa başlayıb. Bu yeni platformadan istifadə edən iki-üç yaramaz, ailə tərbiyəsi görməyən, vətən, dövlət sevgisinin nə olduğunu anlamayan, kimlərinsə beş-üç qəpiyinə uyaraq mənsub olduğu ölkə əleyhinə iş aparan sosial media qəhrəmanları üzə çıxıb. Azərbaycan, dövlət başçısı, ailə üzvləri, ölkənin siyasi elitası, prezidentin komandası, bir sözlə, dövlət haqqında olduqca yaramaz, tərbiyəsiz bir kampaniya aparırlar. Bu kampaniya əslində Azərbaycanın daxili auditoriyasına, insanları çaşdırmağa hesablanıb. Bilirsiniz, bayaq dediyim kimi, dövlətimiz inkişaf etdikcə, siyasətimiz daha da qətiyyətli olduqca bundan narahat olan dairələr bütün üsullara əl atırlar və bu da onlardan biridir. Məqsəd də Azərbaycanı içəridən çalxalamaq, xaos yaratmaq və gələcəkdə Azərbaycanda Suriya, Liviya kimi ölkələrin düşdüyü vəziyyəti yaratmaqdır. Burada xalq nə dərəcədə zərbələr alacaq, nə günə düşəcək, artıq o dairələri maraqlandırmır. Buna görə də həmin dairələrə alət olan, içimizdən çıxıb xaricdə məskunlaşan bir-iki tərbiyəsiz anlamalıdır ki, apardıqları bu əxlaqsız şou onların da ailələrinin, qohumlarının yaşadığı ölkəyə fəlakət vəd edir. Çünki istənilən halda Azərbaycanı sevməyən qüvvələr burada xaos yaratmaq məqsədinə nail olsalar, bundan siyasi baxışından, sosial statusundan, əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlar zərər görəcək. Biz belə nümunələri başqa ölkələrin timsalında görmüşük. Bizim çox humanist dövlət başçımız var. Məhz bu səbəbdən həmin insanların bu qədər tərbiyəsizlik etməsinə baxmayaraq, Azərbaycan dövləti, prezidenti sevən insanlar tərəfindən hər hansı bir şəkildə kobud müdaxilə edilmir. Buna izn də verilmir. Çalışılır ki, hər şey qanunlar çərçivəsində olsun. Ancaq təəssüf ki, o insanlar hazırda yaşadıqları ölkələrin qanunlarını da kobud şəkildə pozurlar. Portretlər yapışdırılması, sosial şəbəkələrdə dövlət başçısını təhqir etmələri bu adamların yaşadıqları ölkələrin qanunlarının da kobud şəkildə tapdalanmasıdır. Onlar törətdiyi əməllərə görə yaşadıqları ölkələrin hüquq-mühafizə orqanları tərəfindən həbs də oluna bilər. İndi görünür, bu təxribatçı qrupun belə çirkin metod istifadə etməsi hansısa dairələrin marağındadır. Hər şey ona hesablanıb ki, Azərbaycan dövləti müəyyən addımlar atsın, bu insanlara qarşı hansısa sərt tədbirlər görsün və sonra da bundan dövlətimizə qarşı istifadə etsinlər. Dediyim kimi, Azərbaycan dövlətinin, onun başçısının apardığı uğurlu siyasət çoxlarının gözlərini çıxardır, nəfəslərini boğur və çox çalışırlar ki, bu siyasətə bütün vasitələrlə əngəl olsunlar. Ancaq bacarmayacaqlar, çünki dövlətimiz onların təsəvvür etdiyindən daha güclüdür. Azərbaycanda xalq hakimiyyətidir və bütün Azərbaycan xalqı da dövlət başçısının ətrafında sıx birləşib.

 

– Azərbaycan diasporunun baş verənlərə münasibəti necədir?

 

– Bilirsiniz, Avropada bu gün yüz minlərlə azərbaycanlı yaşayır, onların mütləq əksəriyyəti Azərbaycan dövlətinin və prezidentinin ətrafında sıx birləşib, söyüş söyən tərbiyəsizlər isə barmaqla sayılacaq qədərdir. Yəni bu gün söyüş və təhqir metodu ilə guya siyasi mübarizə apardıqlarını zənn edənlərin sayı 4-5 nəfərdir, onların da ətrafında birləşənlərin sayı bütün Avropa üzrə maksimum 30-40 nəfər olar ya olmaz. Hər yerdə də eyni adamlardır. Biz araşdırmışıq ki, bunların əksəriyyəti heç yerdə işləmir, demək ki, haradansa maliyyələşirlər. Əlbəttə ki, havadarları var, onlara vəsait verən konkret qruplar var, yəni onları Azərbaycan dövlətini sevməyən dairələr maliyyələşdirir. Eyni zamanda, müəyyən aldanmış insanlar da var. Məsələn, dünən bir videoda baxıram ki, İsveçdə 10 yaşlı bir uşaq aparıb portret yapışdırır, heç özü də bilmir niyə yapışdırır. Bu, çox iyrənc haldır. Özləri qorxub geriyə çəkilib, 10 yaşlı uşağı aldadaraq bu işlərə cəlb edirlər. Bu, həmin adamların bütün mahiyyətini əks etdirir. Bunlar hamısı sosial media qəhrəmanlarıdır. 31 martda deputat Adil Əliyevin Kölndə keçirdiyi tədbirdə də diqqət etsəniz, gərərsiniz ki, bunlar ancaq sosial media üzərindən özlərini “qəhrəman” kimi təqdim etməyi bacarırlar. Yəni gücləri çatıb orada tədbir keçirilən zala da girməyiblər, kənarda durub, yalnız polis gələndən sonra hay-küy salmaları da göstərir ki, mahiyyətcə qorxaq adamlardır. Düşünürəm ki, bütün Azərbaycan xalqı, o cümlədən Avropada yaşayan azərbaycanlılar artıq anlayırlar ki, bunlar kimdir və nə baş verir? Hər kəs çox aydın başa düşür ki, bunlar kiminsə muzdlu söyüşçüləridir. Ən pisi də odur ki, Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olan separatçı rejimlə bağlı ermənilərin başladıqları bir kampaniya çərçivəsində rejimin üzdəniraq başçısının səfərləri, onların keçirdikləri tədbirlər bu yaramazların aksiyaları ilə üst-üstə düşür. Ermənilər harada separatçı rejimlə bağlı bir tədbir keçirirsə, bu yaramazlar da dərhal səfirliyimizin qarşısında guya aksiya keçirirlər. Bunu idarə edən məkrli qüvvələrin niyyəti odur ki, belə yaramazların vasitəsilə Azərbaycan səfirliklərinin diqqətini yayındırsınlar. İndi bütün bu məsələlər araşdırılır və mən əminəm ki, zaman gələcək, bu yaramazların maliyyə mənbəyinin məhz o ölkələrdəki erməni lobbiləri olduğu aydınlaşacaq.

 

– Azərbaycan hüquqi müstəvidə həmin şəxslərə qarşı hər hansı iddia irəli sürə bilərmi? Söhbət o ölkələrin məhkəmələrinə müraciətdən gedir. 

 

– Burada da ikili yanaşma özünü göstərir. Bu adamların etdiyi tərbiyəsizliklər fəaliyyət göstərdikləri, yaşadıqları ölkələrin qanunlarının kobud şəkildə pozulmasıdır. Məsələn, reklamla bağlı qanunlarını pozduğuna görə bu yaxınlarda o yaramazlardan birini Niderland məhkəməsi 350 avro miqdarında cərimələyib. Hüquqi iddialarla bağlı çox müzakirələr aparılıb. Avropa ölkələrinin hüquq sistemini bilən mütəxəssislər də qeyd edirlər ki, orada məhkəmə sistemi də bəzən ikili standartların təsirinə məruz qalır. O qüvvələr, hansı ki, bunları maliyyələşdirir, məhkəmələrə də təsir göstərə bilirlər. Mənə elə gəlir ki, bu gün o tipli məhkəmə proseslərindənsə Azərbaycan ictimaiyyətinə biz hər şeyi açıq göstərməliyik, bilsinlər ki, bu yaramazların istəyi nədir. Onların istəyi Azərbaycanı indiki Suriyaya döndərməkdir. Amma anlamırlar ki, bura Suriyaya dönsə, onlar nə qazanacaqlar? Onların yaxınları, ailələri də bu xalqın nümayəndələridir, bu ölkədə yaşayırlar, yəni onların əzizləri də əziyyət çəkəcək axı… Buna görə də, ictimaiyyət, o cümlədən onların yaxınları bu adamların iç üzünü tanımalıdırlar. Bilməlidirlər ki, bu tərbiyəsiz ifadələrin sahiblərinin tutduğu yol hara və nəyə xidmət edir. Hesab edirəm ki, tanımağa başlayıblar da. Artıq aydın görünür ki, ictimaiyyət nəinki onlara inanmır, hətta ciddi qəbul etmir. Bu insanlar işlətdikləri təhqirlərlə, əxlaqsız, tərbiyəsiz addımlarıyla əslində həm də bizim milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə xəyanət ediblər. Ümumiyyətlə, söyüş arqumentlərin bitdiyi yerdə başlayır. Bu adamlar üç-dörd nəfərdir və sona qədər də meydanda beləcə, tək qalacaqlar. Heç kəs onlar kimi namus və şərəf hissini itirməyib. Onlar artıq bütün azərbaycanlıları da bezdirib, səbrini daşırırlar. Çünki Azərbaycan dövlətini təhqir etməklə, bütün azərbaycanlıların heysiyyətinə toxunurlar. Avropada yaşayan azərbaycanlılar da qanunlar çərçivəsində öz sözlərini deyirlər və deyəcəklər.

 

– Dediyiniz o havadarlarla bağlı ehtimalları dəqiqləşdirmək olarmı? Kimdir o havadarlar ki, onları bu qədər asan idarə edə bilirlər?

 

– Əvvəla, onu deyim ki, görünür, burada bizim də müəyyən mənada səhvimiz var. Çünki bəlkə də biz ərəb ölkələrində hazırda baş verən proseslərin məğzini ictimaiyyətə kifayət qədər düzgün çatdıra bilməmişik. “Ərəb baharı”ndan əvvəlki və sonrakı prosesləri düzgün izah edə bilməmişik. Bütün bunları Azərbaycan ictimaiyyətinə tam açıb göstərmək lazımdır ki, görsünlər bu ölkələrdə hadisələri kimlər başlatdı, nələr oldu və bu gün nə baş verir. İndi ad çəkməyəcəyəm. Amma burda onlara mesajımızı çatdıracağam. Azərbaycanın daxilində və xaricində kim onlara havadarlıq edirsə, Suriyanı və Liviyanı görüb xalq qarşısında məsuliyyətlərini dərk etsinlər. Əgər, Allah eləməsin, sabah Azərbaycanda həmən ölkələrdəki vəziyyət təkrarlanarsa, bu, heç kimdən yan keçməyəcək. Belə bir söz var ki, inqilab birinci öz uşaqlarını yeyir. Allah bunu bizə göstərməsin, əgər bu ölkədə xaos yaranarsa, bəlkə də birinci zərbəsi elə onlara dəstək verənlərə dəyəcək. Mən indi bu qrupun havadarlarının adını çəkmirəm, ancaq bilsinlər ki, kim olduqlarını bilirik. Artıq yavaş-yavaş konturları bəlli olur. Qulaqlarını açıb eşitsinlər ki, Azərbaycanın prezidenti çox güclüdür, güclü komandası var və ölkənin idarəetmə sükanı çox möhkəm əllərdədir. Cənab prezident dövlətin, xalqın mənafeyini yüksək səviyyədə özündə ehtiva edən siyasət aparır. Onun komandası da ətrafında sıx birləşib. İndiyə qədər də müxtəlif dairələrin min cür oyunu olub, heç nə edə bilməyiblər. İndi də edə bilməyəcəklər. Onlara alət olan qorxaq yaramazlar da heç nə edə bilməyəcəklər. Aprel ayında bizim Avropadakı diaspor təşkilatlarının müxtəlif tədbirləri olacaq. Gücləri çatırsa, gəlsinlər. Gələ bilərlər? Əlbəttə ki, yox. Çünki onlar mahiyyətcə səbatsız, cəsarətsiz, kamera qarşısında bağırıb söyüş söyməkdən başqa heç nə bacarmayan qorxaqlardır. Hesab edirəm, gəlsələr də paylarını alacaqlar. Qanunlar çərçivəsində biz də gücümüzü ortaya qoymağa hazırıq. Elə burdan da bəyan edirəm ki, bizim diasporumuz Avropada çox böyük tədbirlər keçirir, hünərləri varsa gəlsinlər. Həqiqi vətənpərvərlər, əsl azərbaycanlılar öz sözlərini deyəcəklər. İmkan verməzlər ki, üç-beş tərbiyəsiz dövlətimizə hörmətsizlik etsin.

 

– Artıq prezident seçkilərinə sayılı günlər qalıb. Dünyadakı azərbaycanlılar bu seçkilərə necə hazırlaşır?

 

– Necə ölkə daxilindəki sorğularda cənab prezidentin reytinqinin 84 faizdən çox olduğu bəlli oldusa, bəlkə də xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında bu reytinq daha da yüksəkdir. Bu, artıq real faktdır. Çünki kənardan Azərbaycanın hansı inkişaf yolu keçdiyi daha aydın görünür və hiss olunur. Buna görə də xaricdə yaşayan azərbaycanlılar cənab prezidentin fəaliyyətini yüksək qiymətləndirərək qarşıdan gələn seçkilərə böyük həvəslə hazırlaşırlar. Bütün dünyanın gözü qarşısında çox mürəkkəb geosiyasi məkanda yerləşən, son dərəcə ziddiyyətli proseslərin getdiyi bu illər ərzində Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, söz sahibinə çevrilib və bizim soydaşlarımız qürbətdə yaşasalar da bunu görürlər, öz tarixi vətənləri ilə fəxr edirlər. 

(Mübariz Aslanov, APA)

 

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir