Azərbaycanda məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi üçün təlim kurslarının növbəti mərhələsi kimi, növbəti dörd günlük seminar öz işinə başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, seminarda ƏƏSMN-nin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edir.
Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, əmək resurslarının səmərəli məşğulluğunun təminatı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatların əsas hədəfləri sırasındadır. Son 10 il ərzində dinamik iqtisadi inkişaf şəraitində ölkəmizdə 1,6 milyondan artıq yeni iş yeri yaradılıb, işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsinə nail olunub: “Bununla yanaşı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin müasir beynəlxalq standartlar əsasında qurulması, o cümlədən bu sahədə əmək bazarının çağırışlarına adekvat cavab verə bilən kadr potensialının formalaşdırılması yönündə də addımlar atılır”.
Nazir müavini diqqətə çatdırıb ki, ötən il Dövlət Məşğulluq Xidməti orqanlarının strukturunun optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müvafiq işlər görülüb: “Azərbaycan Hökuməti ilə BƏT arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda nəzərdə tutlan əsas istiqamətlərdən biri də Dövlət Məşğulluq Xidmətinin kadr potensialının gücləndirilməsi, işçilərinin peşə, bilik və bacarıqlarının artırılmasıdır. Ölkə Proqramına uyğun olaraq, BƏT-lə birgə təşkil olunan təlim kursları da respublikamızda bu sahədə aparılan işlərə fəal dəstək vermək məqsədi daşıyır”.
M.Kərimli qeyd edib ki, təlim kurslarının ilk mərhələsi cari ilin fevral ayında keçirilib və əmək bazarı üzrə əhatəli siyasət proqramlarının hazırlanması, gənclərə və həssas qruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlərin təşkili, əmək bazarına dair effektiv informasiya sisteminin qurulması, məşğulluq orqanlarının işində sosial dialoqun inkişafı və s. kimi vacib mövzuları əhatə edib. Hazırkı təlim kursunda da əmək bazarının vəziyyəti və müşahidə olunan meyllər, məşğulluq orqanlarının fəaliyyətinin mövcud vəziyyəti və gələcək perspektivləri, onların işinin əmək bazarının çağırışları əsasında qurulması, mövcud problemlər və onların həlli yolları, digər məsələlər beynəlxalq ekspertlərlə birgə təhlil olunacaq, geniş təcrübə və fikir mübadilələri aparılacaqdır”. M.Kərimli ölkəmizdə işsizlikdən sığorta sisteminin yaradılması, özünüməşğulluq proqramının icrası, üçtərəflilik (tripartizm) prinsipinin gücləndirilməsi sahələrində aparılan işlər barədə də məlumat verib.
AHİK sədrinin birinci müavini İlyas Əliyev “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əmək və məşğulluq sahəsində fəaliyyətdə sosial dialoqun inkişafını da vacib prioritetlərdən biri kimi müəyyən etdiyini bildirib. O, təlim kurslarında bu mövzuya da geniş yer ayrılmasının əhəmiyyətini qeyd edib, keçirilən seminarların faydalı olduğunu vurğulayıb. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov əmək resurslarının məşğulluğunun təminatında özəl sektorun mühüm rola malik olduğunu, aktiv sosial müdafiə tədbirlərinin uğurlu təşkilində məşğulluq orqanları ilə sahibkarlar arasında səmərəli sosial tərəfdaşlığın önəmini qeyd edib. V.Zeynalov hazırkı seminarın bu sahədə də fəaliyyətin təkmilləşdirilməsinə institisional dəstək xarakteri daşıdığını bildirib. BMT İP-nin İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrup rəhbəri Corc Buma diqqətə çatdırıb ki, təmsil etdiyi təşkilat gənclərin əmək bazarına inteqrasiyası və məşğulluğunun artırılması üçün ölkəmizdə aparılan mühüm işlərə daim öz dəstəyini verir. C.Buma BƏT-lə birgə təşkil olunan bu təlim kurslarının gənclərlə iş sahəsində də məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsinə yeni imkanlar açdığını qeyd edib.
Daha sonra BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Beynəlxalq Əmək Standartları. Dövlət Məşğulluq Xidmətlərinin rolu: ümumi baxış” mövzusunda təqdimatla çıxış edib. Seminarda BƏT-in ekspertləri Yuri Qertsiyin, Yuliya Surinanın, BMT İP-in eksperti Vesna Dzuteska Bişyevanın, Avstriya Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Helen Sengstbratlın, Rusiya Federasiyası Krasnoyarsk diyarının Məşğulluq Agentliyinin müdiri Viktor Novikovun və b. təqdimatları da nəzərdə tutulub. Tədbirin gündəliyində “Məşğulluq xidməti orqanları tərəfindən işaxtaranlar üçün göstərilən xidmətlər”, “Aktiv və passiv əmək bazarı tədbirləri”, “Peşə sahələri üzrə məsləhətlərin verilməsi”, “Əmək bazarı üzrə məlumatlar və əmək bazarı statistikası”, “Məşğulluq üzrə yerli tərəfdaşlıq: müsbət təcrübələr” və s. mövzular əhatə olunub.