“Uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkən, sevimli şairimiz Musa Yaqub fəxri adın nişanını və vəsiqəsini almaq üçün Mədəniyyət Nazirliyinə dəvət olunub. Hamımız bilirik ki, Musa müəllimin səhhətindəki problem ciddidir və çətinliklə hərəkət edir”. boyukmillet.com xəbər verir ki, bunu jurnalist Zaur Əhməd sosial şəbəkədəki hesabında yazıb.
O deyib ki, amma nazir Əbülfəs Qarayev xəstəliyinə baxmayaraq, kişini ayağına çağırtdırıb: “Yoldaş nazir, heç olmasa, bir jest edəydiniz, xəstə kişini fəxri ad nişanını evinə gedib təqdim edəydiz. Hələ belə hərəkətə görə kiminsə üzüyünün qaşı yerə düşməyib…”
Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb.
Bu gün isə Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinə fəxri adın nişanını və vəsiqəsini təqdim edib.
Nazir Musa Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdən olduğunu bildirib və qeyd edib ki, zəngin yaradıcılıq yolu keçən şairin indiyədək çapdan çıxmış 10-dan çox kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Musa Yaqubun xalqımızın milli ruhundan, minillik adət-ənənələrindən qaynaqlanan poeziyası vətənpərvərlik duyğuları ilə zəngindir.
Əbülfəs Qarayev diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.
“Xalq şairi” kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Musa Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini deyib.
Qocaman şair Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün istedadlı gənc yazarlar böyük ənənələri olan Azərbaycan ədəbiyyatını yeni ideyalarla zənginləşdirirlər.
Şair gənc qələm sahiblərinin ona olan münasibətindən də razılığını bildirib.
Nazir Əbülfəs Qarayev sonda bir daha Musa Yaqubu fəxri ad münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni-yeni əsərlərlə oxucularını sevindirməsini arzulayıb.
Check Also
İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb
“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …