Azərbaycan əsilli İran müğənnisi Ququşun (Faiqə Atəşin) Azərbaycanın mədəniyyət və turizm naziri haqqında səsləndirdiyi ittihamlar geniş müzakirələrə səbəb olub.
Müğənni virtualaz.org saytına açıqlamasında bildirib ki, zamanında Bakıda konsert vermək istəyərkən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şəxsində ona rədd cavabı verilib və konsert qadağan olunub: “Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq millətçilikdən üstündür. Mən hiddətlənmişəm”.
Həmçinin Ququşun Bakıdakı konsertinin təşəbbüskarlar və təşkilatçıları müğənninin Bakıya baş çəkmək və Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildiriblər.
Müğənninin ittihamları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi artıq bəyanat yayıb: “Son günlər bəzi kütləvi informasiya vasitələrində müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı sensasiya xarakterli məlumatlar yer alıb.
Mətbuatda yazılanlarla əlaqədar bildiririk ki, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı Nazirliyə müraciət daxil olmamışdır. İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir.
Bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər. Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına Nazirlik olaraq hörmətlə yanaşırıq.
Eyni zamanda diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur.
Qeyd edək ki, Nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin, milli irsinin ölkə daxilində, eləcə də xaricdə tanıdılması və təbliğ edilməsi məqsədilə dövlət əhəmiyyətli tədbirlər, konsertlər təşkil olunur.
Bəzi kütləvi informasiya vasitələrinə sensasiya xatirinə dövlətlərarası münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyi, peşəkar jurnalistika prinsiplərindən uzaqlaşmamağı tövsiyə edirik”.
Xatırladaq ki, 2011-ci ildə Ququş Bakıda konsert proqramı ilə çıxış etməli idi. Lakin son anda konsert təxirə salınmışdı. Yayılan şayiələrə görə, sənətçinin məhz erməni sevgilisi (əri) onu bu səfərdən çəkindirib.
Həmin ərəfədə ifaçının Azərbaycana qastrol səfərinin təşkilatçılığı ilə məşğul olan İran vətəndaşı, təbrizli Salman Pişnamaz bildirmişdi ki, Ququşun erməni sevgilisi özünün gedə bilmədiyi heç bir səfərə müğənnini buraxmır.
Digər iddialara görə isə sənətçi əvvəlcədən Ermənistana səfərini planlaşdırdığı üçün bu günə qədər ölkəmizə gəlməkdə tərəddüd edir. Onun ansamblındakı musiqiçilərin böyük əksəriyyətinin erməni olduğu da bildirilir.
Onu da xatırladaq ki, Ququş 31 avqust tarixində Ermənistanda, 3 sentyabr tarixində isə Tbilisidə konsert verəcək. Onun Cənubi Qafqaz turunda Azərbaycanın adının olmaması ölkəmizdə böyük etirazla qarşılanıb.