Cümə , 22 Noyabr 2024
Drone Cameras

Neçə canlar fəda uğruna Azərbaycan!

Uğrunda canlar fəda olan Azərbaycanımızda son günlərin baş verən hadisələri bu torpağı daha da müqəddəsləşdirdi, bu xalqı daha da yenilməz etdi… Son günlərdə damarlarında axan qeyrətli türk qanı coşur, tüğyan edir xalqımızın! Bu xalq hazırdır ən son damla qanınadək göz bəbəyi qədər əziz olan Vətən torpağının mənfur tapdağında olan hər qarışını özünə qaytara…canı, qanı bahasına olsa belə… Bu gün yaşadığımız cəmiyyətdə mübariz ruh Vətən göylərimizi sarıb… Hər kəs mübariz ruha köklənib… Ali Baş Komandanın, cənab Prezidentimizin əmrini hər zaman həsrətlə gözləyən Vətən oğulları indi mənfur düşməndən qan borcumuzu almaqdadır. Bu döyüşkən ruh qəhrəman Vətənin qəhrəman övladlarının varlığına dayanmadan hökm edir. Hökm edir ki, usanmadan, “uf” demədən mənfur tapdağında olan müqəddəs torpaqlarımızı azad etsinlər. Göz önündədir igidlərimizin mübarizəsi… Dünyanı heyran qoyur igidlərimizin şücaəti…gendən irəli gələn kodların ötürdüyü sıqanlların nəticəsi kimi igidlərimiz düşməndən öc almağa səbirsizlənir. Vətən üçün axan qanı kəsilməmiş yenidən ön cəbhəyə dönmək istəyi yaralı əsgərin qeyrət dolu qəlbinə hökm edir. Bu hökm aldığı döyüş yarasının ağrısına elə güc gəlir ki, döyüş meydanına dönmək üçün onu müalicə edən həkim və tibb işçilərinə hətta yalvarır: “Mən geri-cəbhəyə getməliyəm! Torpaqlarımız azad olunmalıdır!” kimi yalvarışları onun qeyrət dolu qəlbinin, vətənpərvər ruhunun səsidir: bu səs türk-oğuz cəngavərinin səsidir, bu səs qoç Koroğlu, Babək, Nəbi hayqırtısıdır…
70 il asılı olduğumuz qəddar rejimdə xalqın gen yaddaşında qorunan Vətən sevgisini və bu sevgidən doğan qəhrəman ruhunu, milli-mənəvi dəyər daşıyıcılarına bağlılıq duyğusunu, mübariz amal-ideal ləyaqətini qəddar rejim siyasətçiləri unutdurmaq üçün hər vəchlə çalışmışlar.
Yaxşı ki, həmin dövrlərdə hakimiyyətdə olub Azərbaycançılıq ideyası ilə fəaliyyət göstərən, siyasi dairələrdə isə bunu qəti şəkildə üzə çıxarmayan, ancaq amal və həyatını bu yola bağlayan dahi liderimiz, ölməz şəxsiyyət Heydər Əlirza oğlu Əliyev kimi ümummilli liderimiz olub…
1993-cü ildə hakimiyyətə yenidən gələn ümummilli liderimiz işğala məruz qalan torpaqlarımızın geri alınması siyasəti ilə yanaşı 70 illik ağır əsarətdə olan, öz milli kimliyindən qoparılmağın tam astanasında olan xalqı xilas etmək yolunda ölçüyəgəlməz və dəyərəsığmaz əməlləri ilə tarixə öz imzasını əbədi həkk etdi. Ümummilli liderimiz mənəvi kimliyimizi qoruyan bir çox məsələlərə elə böyük siyasi qayğı göstərdi ki, ana dilimiz, ana dilli ədəbiyyatımız, şifahi yaradıcılıq örnəklərimiz, tarixi abidələrimiz, tariximiz, etnoqrafiyamız dərin burulğandan, bataqlıqdan tədricən xilas olmağa başladı…. Türk-oğuz kökənli yer-yurd adlarımızın bərpası uğrunda alimlərimizi səfərbər etdi… Çünki onun dahi şəxsiyyət kimi hörgüsünün bütün bünövrə daşları türk-oğuz yurdu olan Naxçıvanda qoyulmuşdu! Ölkəmizdə baş verən bütün siyasi və iqtisadi çiçəklənmələrə öz silinməz imzasını atdı dahi Öndərimiz! Öz yenilməz ideyası və sönməyən Azərbaycançılıq ideyası ilə böyüdüb yetişdirdiyi siyasi lideri-cənab İlham Əliyev simasında bir oğul bəxş etdi Azərbaycana! Elə bir oğul ki bu gün 30 illik işğalda olan torpaqlarımızı birər-birər mənfur tapdağından şərəflə xilas etməkdədir! Elə bir oğul ki, bu gün bütün Azərbaycan onun varlığı, şəxsiyyəti ilə qürur duymaqdadır! Elə bir oğul ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz ömründən onun ömrünə pay verməyə hazırdır! Qəhrəman xalqa qəhrəman sərkərdə yaraşır-cənab Prezidentimiz İlham Heydər oğlu Əliyev kimi!
Azərbaycan Respublikasının Prezidenti kimi 2003-cü ildən cənab İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi, hərbi, mədəni və s. sahələrin inkişafı baxımdan ölçüyəgəlməz işləri və əməlləri ilə millətimizin, Vətənimizin gələcəyini qarant altına aldı. Apardığı bütün islahatlar yalnız və yalnız Azərbaycan xalqı və dövlətinin bütövlüyü, tamlığı, suverenliyi naminədir. Ali Baş Komandanımız mənbəyi Ulu öndərimizdən başlanan uzaqgörən siyasətin nəticəsi olaraq hərbi sistemin gücləndirilməsi və inkişafı, göstərdiyi əvəzsiz qayğısı ilə bugünkü mübarizənin beləcə möhtəşəm baş tutması və davam etməsinə zəmin yaratdı.
Biz hər birimiz müstəqil və sivil Azərbaycan dövlətinin vətəndaşı olaraq can və qan bahasına əldə olunmuş müstəqilliyimizin qorunması uğrunda sarsılmaz mübarizəmizi əsirgəməməliyik. Necə ki bu gün qədirbilən, humanist, mayası qeyrətdən yoğurulan xalqımız bir yumruq kimi dövlətimizin, Ali Baş Komandanımızın ətrafında cəmləşib. Hər kəs cənab İlham Əliyevin kütləvi informasiya vasitələri ilə təqdim edilən çıxışlarını, çağırışlarını, mənfur ermənilərə qarşı səsləndirdiyi haqlı və kəskin ittihamlarını eşidib-duyduqca cuşa gəlir, sönməz coşğuyla mübariz ruha köklənir. Artıq xalqımız üçün hər zaman aktual olacaq şüara çevrilmiş, Ali Baş Komandanımızın söylədiyi “Qarabağ Azərbaycandır!” cümləsi adi cümlə deyil! Bu, xalqımızın hər gün Qarabağda-öz torpaqlarında əldə etdiyi yeni-yeni zəfəri, qələbəsi, mənfur düşmən üzərindəki təntənəsinin səbəblərindəndir. Biz bütün qəlibimizlə inanır və ümid edirik ki, çox yaxın günlərdə möhtəşəm üçrəngli bayrağımız bütün Qarabağ torpaqları üzərində qürurla dalğalanacaqdır! Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağla onun övladlarının 30 illik həsrətinə son qoyulacaqdır!

Biz mediya nümayəndələri olaraq bir əsgər kimi müharibənin informasiya cəbhəsində hər an ayıq-sayıq olaraq sevincli böyük qələbə xəbərini xalqımıza çatdırmağa hazırlaşırıq.

QARABAĞ AZƏRBAYCANDIR!

Sima Babayeva

Boyukmillet.com saytının redaktoru

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …