Cümə , 22 Noyabr 2024
Drone Cameras

Neftçilər dəmir otaqlarda nəfəs ala bilmədiklərini deyirlər

“SOCAR şikayəti araşdırmaq əvəzinə, mətbuata danışanları axtarır”

Dövlət Neft Şirkətinin “28 May” Neft və Qazçıxarma İdarəsinin 5 saylı dərin dəniz özülünün (DDÖ) quyuların əsaslı təmiri sexinin əməkdaşları şikayətçidirlər.

Onlar deyir ki, isti havalarda kondisionerlər işləmir, istirahət üçün şərait yaradılmır, ən əsası, dəmir otaqlarda nəfəs almaq mümkün olmur.

İşdən çıxarılma qorxusu ilə adının açıqlanmasını istəməyən əməkdaşlar Meydan TV-yə deyiblər ki, rəhbərlik problemi həll etməkdənsə, müxtəlif qurumlara, o cümlədən mətbuata şikayət edənlərin axtarışına çıxıb.

“Dəmir otaqlar az qala 50 dərəcəyədək qızır, nə dincəlmək, nə də yatmaq olur. Çölə çıxıb günün altında dayanmaq otaqda oturmaqdan daha yaxşdır”,-neftçilər deyiblər.

Bildiriblər ki, platforma 1980-cı ildən quraşdırılıb. Kondisionerlər də otaqlar kimi köhnədir, istidən divarlardan su axır. Ancaq rəisin, yaxud rəhbər işçilərin otağında kondisioner var.
İşçilər deyir ki, otaqlar elə vəziyyətdədir ki, rəhbər işçilər bir dəqiqə içəridə qala bilməz. Yatdıqları döşəklər, yastıqlar çox köhnəlib, parçaları o qədər ləkələnib ki, rəngi belə unudulub. Gecəni keçirmək üçün qapı açıq, tükü topalanmış yasdıqda heç olmasa bir-iki saat dincəlmək istəyirlər, amma o da mümkün olmur.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, işçilər şəraitsizlikdən, kondisionerlərin işləməməsi və fəhlələrin qaldıqları otaqlarla bağlı rəhbərlik etdiyi təşkilata bir neçə dəfə şikayət olunub. Hər dəfəsində də şikayəti SOCAR rəhbərliyinin nəzərinə çatdırıb. Amma görünən odur ki, sərin otaqlarda oturan rəhbərlər neftçiləri düşünmək istəmirlər.

“SOCAR sahə üzrə məsul şəxslər tərəfindən Əmək Məcəlləsinin 207, 209, 215-cü maddəsinin tələbləri pozulur. Artıq üç ilə yaxındır ki, hər yay mövsümündə bu kimi problemlərlə üzləşirlər”,-Qəhrəmanlı deyib. Bildirib ki, televizor otağı kimi adlandırılan istirahət otağında şərait elə həddədir ki, işçi istidən nəfəs ala bilmir, kondisionerlər işləmir, amma rəhbər işçilər də hələ tədbir görməyə tələsmirlər.

SOCAR-dan isə məsələyə münasibət bildirməyiblər.

Meydan TV ilə yenidən əlaqə saxlayan işçilər bildiriblər ki, problem müraciətlərdən və sosial şəbəkələrdə etirazlardan sonra müəyyən qədər öz həllini tapıb.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …