Boyukmillet.com-a verilən məlumata görə Gəncədə abadlıq, təmir-bərpa və tikinti işləri sürətlə davam etdirilir. Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir. Bunlarla yanaşı Gəncənin müxtəlif hissələrində mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərini gəzərək, aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, Gəncənin Nizami prospekti və Gülüstan yaşayış massivində asfaltsalma işləri aparılıb. Burada yol kənarlarında təmir-bərpa işləri görülüb. Yol boyunca xeyli məsafədə təmirə ehtiyacı olan hissələr yenilənib. Ərazidə təmir-bərpa işləri yekunlaşdıqdan sonra burada ümumşəhər iməcliyi təşkil olunub. Aksiya zamanı mindən çox ağac, 5000-dən çox gül kolları əkilib, 15 min kvadrat metr əraziyə qazon səpilib. Gülüstan qəsəbəsində bir müddət davam edən abadlıq-quruculuq işləri nəticəsində Gülüstan – Göygöl yolu əsaslı təmir olunaraq arakəsmə haşiyələrlə bölünüb, asfaltsalınma işləri aparılıb, yeni dirəklər quraşdırılıb.
Gəncənin bir sıra küçələrinin haşiyələri yuyularaq təmizlənib, bəzi binaların fasadlarına yeni boya vurulub. Mərkəzi yeraltı piyada keçidlərində təmir-bərpa işləri aparılıb. Kimyaçılar küçəsində asfaltsalınma işləri davam edib, yol kənarı boyunca işıq dirəkləri quraşdırılıb.
Görülən işlərlə yerində tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tapşırıq və tövsiyyələrini verib. Şəhər rəhbəri sakinlərlə də söhbət edib. Onların rəy və təkliflərini dinləyən Niyazi Bayramov, səsləndirilən fikirlərin dəyərləndiriləcəyini bildirib.
Məlumat üçün bildirək ki, şəhərdə görülən ən mühüm abadlıq-quruculuq layihələrdən biri olan su-kanalizasiya sisteminin təkmilləşdirilməsi çərçivədə yolların 50 faizdən çox hissəsi asfaltlanıb. Gəncə şəhərində və Hacıkənd qəsəbəsində 2000-dən artıq işıq dirəyi yenilənib, 4000 led işıq dirəyi quraşdırılıb. Şəhərdəki yaşayış binalarının əksər hissəsinin dam örtükləri yenilənib, çox mərtəbəli binalarda 93 ədəd liftin yeniləri ilə əvəz edilməsi nəzərdə tutularaq, 76 ədəd liftin demontaj və montaj işləri başa çatdırılıb. Şəhərdə 350 ədəd yeni zibil qutusu quraşdırılıb, 450 ədəd 1.3 kubluq və 100 ədəd 0.27 kubluq zibil qutularının quraşdırılma işləri isə davam etdirilir. Son aylar ərzində Gəncə Avtomobil Zavodunun istehsal etdiyi 57 ədəd texnika Gəncə şəhərinə təhfil verilərək uğurla fəaliyyət göstərir. Qeyd etmək yerinə düşər ki, artıq şəhərin bir çox ərazisində baharın nəfəsi hiss olunur. Belə ki, şəhərdəki yaşıllıq zolaqları yenilənir, müxtəlif ərazilərə gül-çiçək kolları əkilir, dekorativ daşlar düzülür, ərazilərdə təmizlik işləri aparılır. İşlər xüsusilə şəhərin Heydər Əliyev Meydanı və Nizami Gəncəni və Şah İsmayıl Xətai prospektləri boyunca davam edir. Səkilərin və divarların təmizlənməsi işləri aparılır, yol ayrıcındakı yaşılıq zolağında abadlıq işləri görülür, avtobus dayanacaqları t\əmizlənir və boyanır. Cavad xan küçəsində bərbad vəziyyətdə olan qranit plitələr sökülərək yeniləri ilə əvəzlənir. Küçədəki işıq dirəkləri, abidələr və oturacaqlar yuyularaq təmizlənir.
Aparılan abadlıq, təmir-bərpa və tikinti işlərində Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-in əməkdaşları yaxından iştirak edirlər. Həyata keçirilən işlər mütəmadi olaraq davam edəcək.