Ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə ümumilikdə 6423 müraciət daxil olub. İl ərzində idarədən çıxan rəy, məktub və müraciətlərin sayı 4862 təşkil edib. Hesabat müddətində daxil olmuş müraciətlər müvafiq qaydada baxılaraq cavablandırılıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, təqdim olunmuş müraciətlərin böyük əksəriyyəti respublikada həyata keçirilən tikinti quruculuq, neft-qaz, şəhərdaxili təsərrüfat, su-kanalizasiya xidməti sahələri, təbii ehtiyatlardan istifadə, yaşıllıqlarla əlaqədar rəylərin bildirilməsi və s., həmçinin sahibkarlıq fəaliyyəti sahələri ilə əlaqədar olub.
Respublikada həyata keçirilən tikinti-quraşdırma, neft-qaz sənayesi, istehsalat və xidmət obyektlərinin tikintisi və istismarı zamanı ətraf mühitə təsirlərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 890-dan çox texniki-layihə sənədlərinə baxılaraq müvafiq rəylər verilib.
Ekspertiza rəyinin alınması üçün təqdim olunmuş hər bir layihə üzrə fərdi yanaşma təşkil olunub və layihəyə dair ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəyləri nəzərə alınaraq müvafiq texnoloji imkanlardan istifadə olunmaqla layihələrin ekoloji baxımdan düzgün qiymətləndirilməsi təmin edilib.
Respublikada ayrı-ayrı sahibkarlar və dövlət orqanları tərəfindən həyata keçirilən tikinti-yenidənqurma işləri ilə əlaqədar dövlət ekoloji ekspertizasına təqdim olunmuş 495 layihə Fövqəladə Hallar Nazirliyi nəzdində təşkil olunmuş “bir pəncərə”dən qəbul olunaraq icrası təmin olunub.
Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektlərin yerləşdirilməsi məqsədilə torpaq sahələrinin ayrılmasına dair 116 sənədə baxılaraq müsbət rəy bildirilib. Sahələrin ayrılmasına dair rəy bildirilərkən ərazilərin Baş Plan üzrə istifadə təyinatları, sahənin mühəndis-geoloji şəraiti və yaşıllıqların mövcudluğu əsas prioritet olaraq qəbul olunub.