61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı seçicilərilə növbəti görüşünü keçirib. BakuPost xəbər verir ki, Xol Qaraqaşlı kəndində baş tutan görüşdə kənd sakinləri adından çıxış edən Azərbaycan dili və Ədəbiyyat müəllimi İdris Abbasov Sabir Rüstəmxanlıya bu rayonu seçdiyi üçün minnətdarlıq edib:
“Mən bu kənddə 50 il dərs demişəm. Bu baımdan hamının adından danışmaq haqqı hiss edirəm özümdə. Sizi kimi bir ziyalının, həmişə xalqın dərdini öz dərdi hesab edən bir şəxsiyyətin bizi deputat kimi təmsil etməsindən yalnız qürur hissi keçirmək olar. Sabir müəllim bu millətə həmişə sədaqətlə xidmət edib. Mən inanıram ki, bizim Neftçalamızı da eyni şövqlə təmsil edəcək. Hələ deputat seçilməyib, amma artıq rayonumuzda bir canlanma hiss olunur. Problemlərimizin həlli istiqamətində müəyyən addımların atılacağı xəbərlərini eşidirik. Sizi əmin edirəm ki, hamımız birmənalı şəkildə sizi dəstəkləyəcəyik”.Daha sonra çıxış edən rayon ziyalılarından olan Fərhad Əzizbəyli çıxış edib: “Vaxt var idi siz cavan oğlan idiniz, amma ölkənin ağsaqqal kişiləri ilə bir yerdə ölkənin taleyüklü məsələlərini həll edirdiniz. İndi o ağsaqqalların çoxu həyatda yoxdu. İndi ölkədə 4-5 ağsaqqal varsa, onlardan biri sizsiniz. Siz onsuz da seçilmiş adamsınız. Deputatı seçmək olar, amma ağsaqqalı biz seçmirik, özü seçilir, tale seçir. Sabir bəy çox böyük şəxsiyyətdir, nəinki biz neftçalalılara, bütün Azərbaycana, türk dünyasına lazım olan siyasətçidir. Mən onu lap gənclik illərindən tanıyıram. Ona görə də, mən qohumumu, şagirdimi, rayonlumu deyil, Sabir Rüstəmxanlını dəstəkləyirəm. Əgər mən Sabir bəyi dəstəkləyirəmsə, inanıram ki siz də dəstəkıəyəcəksiniz. Biz onu 20 il deputat kimi sınamışıq və görümüşük ki, həmişə xalqın sözünü deyib, millətin dərdini dilə gətirib.
Məni sizin hamınız tanıyırsınız. Bilirsiniz ki, mən heç vaxt kiminsə xoşuna gəlmək üçün söz demərəm. Sizə tam səmimiyyətimlə bildirirəm: əgər, bu dairədən mənim oğlum da namizəd olsaydı, mən Sabir bəyi dəstəkləyərdim. Çünki o mənim arzularımı həyata keçirən adamdı: bayrağımızı görmək istəyirdim, Sabir bəy o bayrağı dalğalandırandı; himimizi eşitmək istəyirdim, o himimizin bərpasında müstəsna xidmətlər göstərdi; o, müstəqillik aktına imza atanlardan biri oldu.
Mən sevinirəm və fəxr edirəm ki, meydan hərəkatında mən də Sabir bəyin yanında olmuşam.
İnanıram ki, seçki günü hər bir neftçalalı bu böyük şəxsiyyətə səsini verəcək, onu özünün təmsilçisi edəcək”.Sonra Sabir Rüstəmxanlının vəkilləri, daha sonra isə kənd sakinlərinin çıxış edib.
Görüşün sonunda Sabir Rüstəmxanlı Neftçalanın problemlərindən danışıb. Bu rayonla bağlı geniş planlarının olduğunu, insanları narahat edən problemlərin həlli üçün ayrıca bir proqramın hazırlanmasının vacibliyini bildirib.