Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Onun həbs edilməsi Rusiyadakı azərbaycanlıları narahat edir” – SABİR RÜSTƏMXANLI

“Dağıstanda illərlə atasıyla bərabər Azərbaycanın maraqlarına xidmət etmiş bir gəncin belə gülünc ittihamla həbsdə saxlanılması yolverilməzdir”.
BakuPost xəbər verir ki, bunu Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın Dağıstandakı diasporunun sədri Rakif Əzizovun oğlunun həbsinə münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, istintaq, eləcə də məhkəmə prosesi ədalətli aparılmayıb: 
“8-9 ay əvvəl Dağıstanın Azərbaycan diaspor təşkilatının sədri Rakif Əzizovun oğlu Rauf Əzizov Dağıstandan Azərbaycan ərazisinə keçərkən sərhəddə saxlanılıb. Guya, yoxlama zamanı onun avtomobilinin yük yerindən tapança güllələri tapılıb. 
Onu deyim ki, mən həm Rakifi, həm də oğlunu yaxından tanıyıram. Mahaçqalada kitab sərgisində olarkən və Dağıstanı gəzərkən yerli xalq arasında onlara olan böyük sayğını görmüşdüm. Rakif Əzizovun ofisində Azərbaycan cəmiyyətinin fəalları ilə görüşərkən, təşkilata aid olan sənədlərlə tanış olarkən onların bizə ən yaxın qonşu və dost olan Dağıstanda necə səmərəli çalışdıqları barədə xeyli məlumat əldə etmişdim. Ümumiyyətlə, bu ailə illərdir, Dağıstanda azərbaycanlıların təşkilatlanmasında, onların hüquqlarının qorunmasında, ora gedən qonaqların qarşılanıb yola salınmasında, Azərbaycanla bağlı tədbirlərin keçirilməsi, bayramların təşkil olunması, Xocalı soyqırımı, Qarabağ problemi ilə bağlı təbliğat işlərinin aparılması sahəsində çox böyük işlər görürlər. Azərbaycanda baş verən elə bir hadisə yoxdur ki, Dağıstandakı Azərbaycan cəmiyyəti ona səssiz qalsın. Bütün bayramlarımız, acılı-şirinli günlərimiz, yubileylər… Hamısı Dərbənddə və Mahaçqalada yüksək səviyyədə qeyd olunur.
Azərbaycan hökuməti də Rakif Əzizovun fəaliyyətindən çox yaxşı xəbərdardır. Onun təşkil etdiyi tədbirlər dəfələrlə bizim mətbuatımızda işıqlandırılıb. Onun özü də gördüyü işlərin bir qismi ilə bağlı hökumətə və diaspor təşkilatlarına məlumat verib. O, səmərəli diaspor fəaliyyətinə görə Dağıstan hökumətinin “Qızıl Medal”ına layiq görülüb. Eyni zamanda Azərbaycan hökuməti tərəfindən də qiymətləndirilib, mükafatlandırılıb. 
Bu işdə Rakif Əzizovun ən yaxın köməkçisi cəmiyyətdə onun müavini olan Raufdur. Bu səviyyəli adamların maşında 5-10 paslanmış patron gəzdirməsi inandırıcı deyil və hadisə barədə eşitdiyim gündən bunun qurama bir iş olduğunu düşünmüşəm. İşin bu qədər uzanması da çoxlu suallar doğurur. Hesab edirəm, aidiyyəti qurumlar insanların fəaliyyətini nəzərə almalı və işi tezliklə qanun çərçivəsində həll etməlidir. 
Bu cür zəhmət çəkən, ictimai əsaslarla çalışan, heç bir yardım almadan, öz gücünü, imkanlarını azərbaycanlılar üçün xərcləyən şəxslərə qarşı sayğısızlıq, diqqətsizlik olmamalıdır”.
Sabir Rüstəmxanlı bildirib ki, bu məsələ dünyada, xüsusi ilə Rusiyada yaşayan azərbaycanlıların diqqətindədir və onlar məhkəmənin gedişindən narazıdırlar: 
“Bir neçə gündür ki, Raufun taleyi Rusiyanın müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sədrlərinin olduğu “Azərbaycan Diaspor Təşkilatları” votsap qrupunda müzakirə olunur. Rakif Əzizovu yaxşı tanıyan və onu ağsaqqal sayan diaspor təşkilatları bu hadisədə Raufun günahsızlığına inanır və işi bu qədər çək-çevirə salan qurumlardan narazılığını bildirirlər.
Məlumat üçün deyim ki, bu məhkəmənin gedişini Azərbaycan mediası da izləyir və Qusar Rayon Məhkəməsinin sonuncu iclası haqqında mətbuatdan xeyli tənqidi yazılar da oxumuşam. O yazılardan görünür ki, Raufun təqsiri sübut olunmur. Patronlarda onun əl izi yoxdur. Bu işin şahidi müstəntiq tərəfindən dindirilməyib. Məhkəmə şahid axtarmaqla məşğuldur (Mən bunları Qusardakı sonuncu məhkəmə iclasında iştirak etmiş jurnalistlərin qeydləri əsasında deyirəm). Belə çıxır ki, məhkəməyə əsassız bir iş verilib və məhkəmə də bu işi həll etməyin yolunu tapa bilmir. Votsap qrupunda R.Əzizovun oğlunu müdafiə edən və Vladivostokdan başlamış Sankt-Peterburqa qədər Rusiyanın müxtəlif əyalətlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin fikrini ifadə edən onlarla çıxış dinlədim və belə qərara gəldim ki, Rusiya azərbaycanlılarının bu həmrəylik səsini cəmiyyətimizə və Qusar Rayon Məhkəməsinə çatdırım. Votsap qrupunda məsələnin həlli üçün müxtəlif təkliflər irəli sürülür. Bəziləri Rusiya hökumətinə, bəziləri Azərbaycan prezidentinə müraciət etməyi təklif edirlər. Yaxşı olar ki, aidiyyəti qurumlar bu narahatlığı nəzərə alsınlar”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …