Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir ­keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan quruculuq işləri səhiyyə müəssisələrini də əhatə etmişdir. Səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Bu ilin noyabr ayından etibarən Ordubad rayonunda icbari tibbi sığortaya keçidlə bağlı işlərə başlanılmışdır. Əhaliyə rayon mərkəzi xəstəxanası, 12 həkim ambulatoriyası və 27 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. İcbari tibbi sığortaya keçid rayon əhalisinin sağlamlıq göstəricilərinin yüksəlməsində mühüm rol oynayacaqdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılmasına töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına əsasən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi təkamül yolu ilə aparılmış, tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilmişdir. Artıq muxtar respublikanın Sədərək, Şərur, Kəngərli və Şahbuz rayonlarında bu iş başa çatdırılıb. 2019-cu ilin ötən dövründə həmin rayonlarda yaşayan əhali tərəfindən, ümumilikdə, tibb müəssisələrinə 23 min 314 müraciət edilmişdir. Müraciət edənlərə 58 min 978 adda tibbi xidmət göstərilmişdir. İcbari Tibbi ­Sığortanın baza zərfinə daxil olan rayon mərkəzi xəstəxanaları tərəfindən həyata keçirilməsi mümkün olmayan tibbi xidmətlər üçün icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalara Sədərək, Şərur, Kəngərli və Şahbuz rayonlarından, ümumilikdə, 1395 göndəriş olmuşdur. Samiq Sadıxov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədi ilə görülən işləri diqqətə çatdırmışdır. 
Tibb bacısı Elnarə Həmdiyeva minnətdarlıq edərək demişdir ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğı göz önündədir. Bu gün Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi rayon əhalisinə nümunəvi tibbi xidmət göstərməyə imkan verəcəkdir. Elnarə Həmdiyeva yaradılan şəraitdən istifadə edərək əhaliyə hərtərəfli səhiyyə xidməti göstərəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edərək demişdir: Azərbaycan bu gün inkişaf etmiş ölkələr sırasındadır. Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. İnsanların sağlamlıqlarının qorunması isə müasir səhiyyə sisteminin qurulmasından asılıdır. 
Ali Məclisin Sədri demişdir: Əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsinin müasir yolu icbari tibbi sığortanın tətbiqidir. Lakin lazımi səhiyyə infrastrukturu yaratmadan bu işi həyata keçirmək mümkün deyil. Ona görə də xəstəxanalara kompüter proqramı təminatı üçün fiber-optik kabel çəkilmiş, internetlə təmin olunmuşdur. Səhiyyə müəssisələri – rayon mərkəzi xəstəxanaları, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələri yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təmin olunmuş, yeni texnologiyalar tətbiq edilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada səhiyyə xidmətinin səviyyəsi yüksəlmişdir. Ordubad rayonunda da bu sahədə əhəmiyyətli tədbirlər görülmüş, səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulmuşdur. Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 tibbi xidmətin 700-ə yaxını Ordubad rayonundakı səhiyyə müəssisələri tərəfindən həyata keçiriləcəkdir. Rayonda yaradılan müasir səhiyyə infrastrukturu, görülən işlər gələcəkdə göstərilən tibbi xidmətlərin sayının artmasına və əhalinin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək, 50 mindən artıq rayon əhalisi öz yaşadıqları ərazidə bu xidmətlərdən ­faydalanacaqdır. 
“Bu gün muxtar respublikada həkim hazırlığı işi də uğurla həyata keçirilir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci muxtar respublikanın səhiyyə müəssisələrinin həkim və orta tibb işçilərinə olan tələbatını ödəyir”, – deyən Ali Məclisin Sədri icbari tibbi sığortanın tətbiqini vacib işlərdən hesab etmişdir. Qeyd olunmuşdur ki, insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. İcbari tibbi sığortanın tətbiqi həm də həkimlərin formalaşmasına mühüm təsir göstərəcək. Ona görə də xəstəxanada həkim­-xəstə münasibətləri düzgün qurulmalı, dəqiq diaqnozlar qoyulmalı və müayinələr aparılmalıdır. Kollektiv yaradılanları qorumalı, tibb işçiləri alınan avadanlıqları öyrənməli və onlardan səmərəli istifadə olunmalı, rayonda icbari tibbi sığortanın tətbiqi uğurla həyata keçirilməlidir. 
“İcbari tibbi sığortanın tətbiqi ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərinin əməkhaqları 50 faiz artırılacaqdır. Yeni tibbi avadanlıqların alınması və əməkhaqların artırılması kollektiv qarşısında bir vəzifə qoyur: o da sakinlərə keyfiyyətli səhiyyə xidməti göstərməkdən ibarətdir”, – deyən Ali Məclisin Sədri kollektivə fəaliyyətində uğurlar arzulamış, icbari tibbi ­sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanmışdır. 
Məlumat verilmişdir ki, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılmış, Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilmiş, ilkin səhiyyə xidməti müasir tələblərə uyğun qurulmuşdur. Poliklinika şöbəsində, Burun-qulaq-boğaz, Oftalmoloji və Stomatoloji kabinələrdə, Təcili və təxirə­salınmaz tibbi yardım şöbəsində, Laboratoriyada, Ginekoloji və doğuş bölməsində 50 adda yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılmış, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilmişdir. 
Xəstəxanada sürətli internet şəbəkəsi yaradılmış, 46 kompüter alınmış, mərkəzi server vasitəsilə “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılmış və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə təmin olunmuşdur. Hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə həyata keçirilir. Agentliyin Ordubad Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi və elektron məlumat bazası yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …