Səhər saatlarında redaksiyamıza Kəmalə Osmanova adlı bir xanım ağlayaraq zəng edərək onların problemlərinin dözülməz olduğunu və ailəyə kömək məqsədilə məsələnin ictimailəşdirilməsini xahiş etmişdir. Vətəndaş tərəfindən edilmiş müraciətə əsasən əməkdaşımız Kəmalə xanımın yaşadığı ünvana gedərək ailənin problemləri ilə yaxından tanış olmuş və onlardan aşağıdakı münasibəti öyrənib.
Kəmalə xanım bildirmişdir ki, onun həyat yoldaşı hal hazırda ağır epilepsiyadan əziyyət çəkməkdədir .
Oğlu Osmanov Xəyal, dalğıc-hərbiçi olaraq FHN-də işləyib. Xəyal vəzifə öhdəliklərinə aid olmayan bir əmri (Mitinqlər zamanı insanların üzərinə göndərilmələri ilə bağlı) icra etmədiyi üçün iş yerində komandanlığın nəzarəti altına götürülərək, maddi mənəvi işgəncələrə məruz qalıb. Daha sonra isə o bu təzyiqlərdən bezərək işdən ayrılmışdır. Lakin bundan sonra da rəhbərlik onu rahat buraxmamış dəfələrlə ona hədə qorxu dolu zənglər gəlmiş və hətta ailə üzvləri ilə birlikdə avtomobildə olarkən tanımadığı bir şəxs avtomobili onların üstünə sürərək onlara xəsarət yetirməyə çalışmışdır. Xəyal polisə, 102 xidmətinə zəng etsə də heç bir nəticəsi olmamış və bu məsələ polis tərəfindən araşdırılmamışdır. Bu hadisədən sonra bütün ailə təlaş içində yaşamağa başlamışdır. Bu hadisə və onun polis tərəfindən araşdırılmaması Xəyalda və onun ailəsində çox böyük qorxu yaratmış, həyat yoldaşı və uşaqları çox böyük mənəvi travma yaşamışlar. Bütün bunlardan qurtulmaq üçün Xəyal öz ailəsini də götürüb ölkəni tərk etmək məcburiyyətində qalaraq , Azərbaycanı tərk etmişlər.
Kəmalə xanım qeyd edib ki, Osmanovlar ailəsinin problemləri , onlara təzyiqlər bundan sonra daha da artmışdır.
Oğlu Xəyala qarşı qondarma ittihamlarla qanunsuz cinayət işi açılmış və Azərbaycanda yaşayan ailə üzvləri polisin hədəfinə çevrilmişlər. Dəfələrlə onun xəstə atası polis idarəsinə çağırılaraq işgəncələrə məruz qalmışdır. Sonuncu dəfə isə, 1 gün öncə evə gələn sahə müvəkkili və yanındakı polis əməkdaşları Kəmalə xanımın o biri oğlunu, Müşviqi zorla avtomobilə mindirərək polis bölməsinə aparmışlar. Bölmədə ağır vəziyyətdə döyülmüş və 8 saat sonra buraxılmışdır.
Kəmalə xanım ağlayaraq bildirdi ki, o övladlarını ağır zəhmətlə böyüdüb. Onların ailəsi bu zamana qədər heç vaxt polislə, məhkəmə ilə problem yaşamayıblar. Amma son illər artıq vəziyyət dözülməz olub. Dəfələrlə onlar 102 xidmətinə bu qanunsuzluqlarla bağlı məlumat versələr də heç bir tədbir görülmür, əksinə onları hədələyirlər. Kəmalə ana danışarkən göz yaşlarını saxlaya bilmirdi, “ay bala biz neynəyək? benzin töküb evin içində özümüzü yandıraqmı?” deyə nalələr çəkən ananı sakitləşdirmək çətin oldu.
PS: Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsək də sorğumuza heç bir məlumat verilmədi.
Mahir