“Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək”.
Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov Şuşada türk ölkələrinin beyin mərkəzlərinin növbədənkənar toplantısında deyib.
Nematov azad edilmiş ərazilərdə aparılan tikinti işlərinin həcminə də heyran qalıb:
“Bu, Azərbaycanın iqtisadi və siyasi baxımdan nə qədər güclü olduğunu göstərir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək. Biz Füzulidə Özbəkistanda “prezident məktəbi” kimi tanınan yeni tipli məktəb tikəcəyik”.
O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini şərh edərək, iki ölkə arasında imzalanmış sazişlərin geniş bazasını xüsusilə vurğulayıb.
“Əməkdaşlıq potensialı böyükdür. Əgər 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəmiz 17 milyon ABŞ dolları idisə, 2021-ci ildə 118 milyon ABŞ dolları təşkil edəcək. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı artır, hazırda onların sayı 300-dən çoxdur”, – Nematov qeyd edib.
Nematov iki ölkə arasında nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin vacibliyini əlavə edib.