Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Özünə imza yığan “deputatlara” kəskin sual – dünya ilə ayaqlaşırsınız, yoxsa komandanız yoxdur…

Qarşıdan gələn parlament seçkiləri ilə bağlı imzatoplama kampaniyasının bitməsinə çox az vaxt qalıb. Məlumdur ki, bu seçkilərə kifayət qədər çoxlu sayda müstəqil namizəd qatılıb. Namizədlərin çoxluğu sosial şəbəkələrdə onların paylaşdığı fotolar və həyata keçirdikləri tədbirlərdən də görünür. Bu seçkidə diqqət çəkən məqamlardan biri də deputat olmaq istəyənlərin böyük əksəriyyətinin özlərinin şəxsən imza toplamasıdır. Bəllidir ki, dünyanın aparıcı ölkələrində bir çox tanınmış fiqurlar nadir hallarda belə taktikadan istifadə edir. Bu da piar taktikası kimi qəbul olunur və heç də həmin namizədin imza toplamaq üçün komandasının olmadığı anlamına gəlmir. Bəs bizdə özünə imza toplamaq nə ilə əlaqəlidir: namizədlərin bu texniki işi görmək üçün komandalarının olmamağı, yoxsa dünyadakı populyar taktikanı təkrarlamaq istəyi ilə?

Bu suala cavab almaq üçün özünə imza yığan bir neçə namizədlə söhbət etdik. 

Könül Quliyeva: “Bu həm də mənə imkan verəcək ki, seçki platformamı daha təkmil halda təqdim edim”

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva parlament seçkilərinə 95 saylı Tərtər seçki dairəsindən qatılıb. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, şəxsən imza toplamasının obyektiv səbəbi var: “Mən əslən Tərtər rayonundan olsam da, Bakıda yaşayıram. Yerli sakinlər məni o qədər də yaxından tanımırlar. Bu səbəbdən də hesab etdim ki, imzatoplamanı şəxsən həyata keçirməyim həm də seçicilər və onların problemləri ilə yaxından tanış olmaq imkanı verə bilər. Bu işi mənimlə birlikdə komandam görür. Sadəcə, mən də onların yanında oluram. Yəni bu taktikanı seçməyimiz heç də komandamızın olmamağı anlamına gələ bilməz. Bu həm də mənə imkan verəcək ki, seçki platformamı daha təkmil halda təqdim edim. Çünki bu proses ərzində seçicilərin ən ümdə problemlərinin nədən ibarət olduğunu biləcəm. Belə təmaslardan zövq aldım. Təşviqat dönəmində komanda işini tam ortaya qoyacam. Bir neçə yerdə seçki qərargahım fəaliyyət göstərir”.

Əpoş Vəliyev: “Ətrafımda yaxın dostlarımdan ibarət komanda var və onlar imza toplamaq üçün istənilən vaxt mənə kömək etməyə hazırdırlar”

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda aparıcı elmi vəzifəsində çalışan filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev isə özünün şəxsən imza toplamasını belə izah etdi: “Cənab Prezident İlham Əliyev çıxılarının birində “Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır” demişdi. Ona görə də 9 saylı Binəqədi ikinci seçki dairəsindən öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürmüşəm. Namizəd kimi qeydiyyata alınmaq üçün lazım olan 450 imzanı şəxsən özüm evlərə gedərək, seçicilərlə görüşərək toplayıram. Ətrafımda yaxın dostlarımdan ibarət komanda var və onlar imza toplamaq üçün istənilən vaxt mənə kömək etməyə hazırdırlar. Amma məncə, deputatalığa namizəd olan şəxs imzaların toplanmasında mütləq özü iştirak etməli, ərazisini tanımalı, seçiciləri ilə şəxsən görüşüb tanış olmalı, onların problemlərini dinləməlidır. Artıq imzatoplama prosesini yekunlaşdırmaq üzrəyəm. Bugünə kimi beş mindən çox seçici ilə şəxsən görüşüb tanış olmuşam. Onlar əvvəlcə mənim namizəd olmağıma inanmırdılar. Etiraf edirlər ki, indiyədək keçirilmiş heç bir parlament seçkisində deputatlığa namizəd olan şəxs onların qapısını döyüb imza istəməyib. Seçicilərim məni xoş qarşılayır, problemlərini dinləyirəm, həvəslə imza, xeyir-dua verirlər, həm də xatirə şəkilləri çəkdirirlər. Onlardan eks deputatlarının kim olduğunu soruşuram, təəssüf ki, onlar öz deputatlarının adını belə bilmirlər. Cənab Prezidentin islahatları seçicilərdə yüksək əhval-ruhiyyə, inam yaradıb. Onlar seçkilərə gedəcəklərini, gənc namizədlərə səs verəcəklərini bildirirlər. Mən də bir namizəd kimi üstümə düşən bütün vəzifələri qanuni yollarla icra edərək xalqımıza, dövlətimizə layiq olacam, Cənab Prezidentin apardığı islahatlara dəstək olaraq ölkəmizin daha da inkişaf etməsi, dövlətçilik maraqlarının qorunması yolunda bütün gücümü səfərbər edəcəm”.

Vüqar Ələkbərov: “İmzatoplamanı şəxsən aparmağım mənə bu faktorla yaxından tanış olmaq imkanı verdi”

123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürən və imzalarını şəxsən toplayan Vüqar Əliyev isə jurnalistdir. Onun sözlərinə görə, Kəlbəcər rayon sakinləri kompakt halda bir yerdə yaşamırlar:“Bizim dairənin seçiciləri əsasən Bakı, Gəncə, Bərdə və Yevlax rayonlarında məskunlaşıblar. Biz rayon sakinlərinin imzasını almaq üçün nəinki şəhərdə imza topladıq, hətta yataqlarda yaşayan, heyvandarlıqla məşğul olan sakinlərlə də görüşüb imza aldıq. Həm də onların problemləri ilə maraqlandıq. Fərqli şəraitdə yaşayan insanların tam fərqli də problemləri olur. İmzatoplamanı şəxsən aparmağım mənə bu faktorla yaxından tanış olmaq imkanı verdi. Bilirəm ki, bu, komanda işi tələb edən prosesdir. Siz sosial şəbəkələrdə mənim paylaşımlarıma baxsanız görərsiniz ki, imzatoplama kampaniyasında məni bir neçə avtomobil müşayiət edir. Bu işi onlar da görə bilər. Özümün iştirakım daha məqsədəuyğun idi. Hesab edirəm ki, komanda işimiz özünü təbliğat və təşviqat dönəmində daha aydın göstərəcək”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …