Cümə , 22 Noyabr 2024
Drone Cameras

PA-nın şöbə müdiri: “Prezident İlham Əliyev Paşinyanın tezisini darmadağın etdi”

“Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi bu dəfə də qətiyyətlə, məntiqlə və yüksək təmkinlə ölkəmizin bütün məsələlər üzrə, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəti mövqeyini ortaya qoydu. Prezident “Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır və Nida işarəsi” ifadəsini qətiyyətlə səsləndirdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, “Valday” Belynəlxalq Diskussiya Klubu beynəlxalq münasibətlərin ən aktual məsələlərinin müzakirə edildiyi platformadır, burada dövlət və hökumət başçıları, akademik dairələr, media nümayəndələri bir araya gələrək gündəlikdə duran məsələləri müzakirə edirlər.

PA-nın şöbə müdiri qeyd edib ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və Nida işarəsi” ifadəsini məhz bu platformada səsləndirməsi çox önəmlidir: “Ermənistanın baş naziri Nikol Paşinyan öz ənənələrinə, xüsusiyyətlərinə uyğun olaraq, demoqogik və popilist açıqlama verib ki, Dağlıq Qarabağ guya Ermənistandır. Ermənistan rəhbərliyinin bu açıqlaması daxili istehlaka yönəlik açıqlama idi ki, Azərbaycanın işğal olunan ərazilərində – Xankəndidə erməni əhalisi qarşısında edilmişdi. Burada daxili istehlak amili çox güclü idi. Prezident İlham Əliyev isə mötəbər platformada bəyanat verdi. Paşinyanın Azərbaycan ərazilərinin anneksiyasına, ilhaqına çağıran, Ermənistanın işğal siyasətini özü-özlüyündə etiraf edən “Qarabağ Ermənistandır. Nöqtə” açıqlaması danışıqlar prosesinə nə dərəcədə zərbə vurduğu, Ermənistanın özünü çətin vəziyyətə saldığı hər kəsin gözünün qarşısındadır”.

H.Hacıyev Prezident İlham Əliyevin “Valday” Belynəlxalq Diskussiya Klubunun plenar iclasında bir sıra məsələlərə toxunduğunu vurğulayıb: “Prezident İlham Əliyevin nitqinə baxsaq, proqram xarakterli, fundamental əsasla, ardıcıl və qəti şəkildə təqdim olunmuş çıxışı görürük. Burada bir neçə ana xətt və istiqamət var idi. Məsələyə Rusiya – Azərbaycan əlaqələri kontekstində baxmaq lazımdır. Heç təsadüfi deyil, dövlət başçısının iştirak etdiyi panel iclası “Müasir dünya düzəni və Şərqdən baxış” kimi yanaşmaya həsr olunmuşdu. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan – Rusiya əlaqələrinin inkişaf perspektivindən danışdı. Hər bir ölkənin özünün inkişaf istiqamətləri var. Dövlət başçısı Azərbaycanın sosial, iqtisadi və siyasi inkişaf modelindən söz açdı, Rusiyanın və Azərbaycanın sabit dövlət olduğunu, ətrafda cərəyan edən gərginlikləri qeyd etdi, bunların fonunda ölkənin sabitliyini ön plana çəkdi. Azərbaycan – Rusiya əlaqələri strateji tərəfdaşlıq zəmnində inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin səmimi dialoqu əməkdaşlığın bütün istiqamətlərini inkişaf etdirir və irəli aparır.

Paşinyanın əvvəlki tezislərinə baxsaq, görərik ki, o, münaqişənin tarixi aspektlərinə müraciət edir. Prezident İlham Əliyev tarixi faktı xatırlatdı və dedi ki, 1921-ci ildə Bolşevik Partiyasının Mərkəzi Bürosu tərəfindən məhz Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar qəbul edib. Çünki ermənilər “saxlanması” ifadəsini müxtəlif səviyyələrdə təhrif etməyə çalışırlar. Bu tarixi reallıq da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının sübutudur. Beləliklə, Prezident İlham Əliyev Paşinyanın növbəti tezisini də darmadağın etdi. Paşinyan qeyd edir ki, münaqişənin elə bir həll formulu tapılmalıdır ki, bu, Ermənistana, Azərbaycana və “Dağlıq Qarabağ xalqı”na məqbul olsun. Dövlət başçısı auditoriyaya xitabən dedi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Dağlıq Qarabağın erməni və azərbaycanlılardan ibarət əhalisi var, bunlar da bərabər hüquqlara malikdirlər. Prezident qeyd etdi ki, münaqişənin həllinin bir formulu var, o da Azərbaycanın ərazi bütövlüyüdür”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …