Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Paşinyan Mütəllibova böhtanın tələsində – Baş nazir Sarkisyanı təkzib etdi, Əliyev ikisini də ifşa etdi…

Ramil Hüseynov: “Ermənilərin nəzarətində olan ərazidə Azərbaycan tərəfi necə soyqırım törədə bilərdi?

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan panel müzakirələrində diqqətçəkən ən mühüm məqamlardan biri də Xocalı soyqırımı ilə bağlı erməni tərəfinin səsləndirdiyi fikirlər oldu. Nikol Paşinyan bu soyqırımda “azərbaycanlıların əlinin olması” barədə Ayaz Mütəllibovun vaxtilə dediklərinə istinad etməyə uğursuz bir cəhd etdi. Lakin Prezident Əliyev tərəfindən tutarlı cavab aldı. Ölkə başçısı faktlarla həm Paşinyanı, həm də əvvəlki Ermənistan hakimiyyətini ifşa etdi.

Bəs Paşinyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Serj Sarkisyanın etiraflarını niyə görməzdən gəlir? Hansı ki, 2000-ci ildə onun müsahibəsi nə siyasi ittiham idi, nə də kiməsə cavab: bu, Xocalı ilə bağlı erməni düşüncəsinin ifadəsi idi. Sözügedən müsahibəni Sarkisyan məşhur ingilis jurnalisti, Karnegi Fondunun proqram direktoru Tomas de Vaala verib. Müsahibəni verəndə Serj Sərkisyan Ermənistanın müdafiə naziri idi. Xocalı soyqırımı ilə bağlı Tomas de Vaalaın sualını Sarkisyan belə cavablandırıb: “Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin (Xankəndi nəzərdə tutulur) tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Yeri gəlmişkən onu da qeyd edək ki, həmin müsahibədən sonra Sarkisyan iddia etdi ki, guya onun açıqlamaları təhrif olunub. Ancaq buna cavab olaraq Tomas de Vaal Sarkisyanla müsahibənin orijinalını və səs yazısını yaydı. Bir daha təsdiq olundu ki, Sarkisyanın fikirləri təhrif olunmayıb.

  • “Yaxşı olardı ki, Paşinyan Mütəllibovun adından yalan danışmaqdansa, Serj Sarkisyanın etiraflarından danışsın”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun fikrincə, məlum tədbirdə Paşinyan bir daha fakt qarşısında qoyuldu: “Əvvəla sözügedən dialoqda Prezident İlham Əliyev çox tutarlı arqumentlərlə Paşinyanı və Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Bunu danmaq qeyri-mümkündür. Hətta Ermənistanın özündə bir sıra siyasi dairələr Paşinyanın dialoqda uduzduğunu etiraf edirlər. Paşinyanın guya Xocalı soyqırımını azərbaycanlıların törətdiyi barədə səsləndirdiyi fikirlərin, ümumiyyətlə, heç bir əsası yoxdur. Ən azından ona görə ki, Xocalı şəhəri tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Xocalı ilə Ağdam arasında birbaşa quru əlaqəsi yox idi. Xocalıya getmək üçün Əsgəran qəsəbəsindən keçmək lazım idi. Həmin qəsəbə də ermənilərin əlində idi. Həmçinin, ətrafda erməni kəndləri var idi. Bir sözlə, ərazi ermənilərin nəzarətində olub. Belə olan halda, Azərbaycan tərəfi necə soyqırım törədə bilərdi? Əhali şəhəri tərk edəndə ermənilərin nəzarətində olan Naxçıvanik kəndi yaxınlığında pusquya salınaraq kütləvi şəkildə qətlə yetirilib. Daha sonra cəsədlərin dərisi qoparılıb. Bununla bağlı videogörüntülər də var. Başqa bir tərəfdən, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan vaxtilə verdiyi müsahibədə dinc insanların öldürülməsini açıq etiraf edib. Bununla bağlı digər faktlar da var. O baxımdan yaxşı olardı ki, Paşinyan Mütəllibovun adından yalan danışmaqdansa, Serj Sarkisyanın etiraflarından danışsın. Nəzərə almaq lazımdır ki, bütün bunlar yaxın tarixdə baş verib”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …