Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə ordusunun dəbilqə və zirehli geyim problemindən xəbərsiz olduğunu bildirib.
Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.
“Bağışlayın, amma Baş nazir Müdafiə Nazirliyinin bir neçə yüz səhifəlik sənədini oxuyub deməli deyil ki, “Aman Allahım. Burada nə yazılıb?” Bunun üçün müvafiq qərarlar verən qurumlar var”, – Baş nazir ordunun ehtiyaclarını bilməməsi ilə bağlı tənqidlərə cavab olaraq deyib.
Onun sözlərinə görə, hansı hərbi təyyarənin alınacağı müvafiq qurumun səlahiyyətindədir. Bunun üçün onlar öz ehtiyaclarını qiymətləndirməlidirlər.
“Nə Baş nazir, nə də Baş Qərargah rəisi hərbi aviasiyanı Su-30SM təyyarəsinin alınması ilə bağlı tək qərar vermək qədər yaxşı tanıya bilər”, – Paşinyan əlavə edib.
Hökumət başçısı onu da xatırladıb ki, Silahlı Qüvvələrin rəbhərliyi ona qarşıdakı 10 il üçün silah və hərbi texnikanın alınması planını (ümumilikdə 12 milyard ABŞ dolları-red) təqdim edəndə o, yalnız bu vəsaitin tapılacağı ilə bağlı cavab verib.
“Mənə orduda iaşə üçün 15 milyard dram lazım olduğunu deyəndə dedim ki, verəcəyik. Bundan əlavə, təyyarələrin alınması üçün 100 milyon dollar verdik. Mərmi almaq üçün onları da verəcəyik. Başqa bir şey bundan ibarətdir: – indi məlum olur ki, bu pulu alan kimsə 1973-cü il mərmilərinin tozunu təmizləyərək Müdafiə Nazirliyinin anbarlarına gətirib. Ən azından bunu işin materialları sübut edir. Bununla belə, biz təqsirsizlik prezumpsiyasını pozmayacağıq”, – Paşinyan bildirib.