Əli Orucov: “Onun siyasi fəaliyyətində bu elementlər açıq-aşkar özünü göstərir”
2018-ci ildə “məxməri inqilab” yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın bu günə qədər yürütdüyü siyasətin Ermənistan üçün heç bir perspektiv vəd etmədiyi onun siyasi simasından asılan avantürist yarlığının həqiqət olduğunu göstərir. Çünki Paşinyan Baş nazir seçildikdən sonra ali hakimiyyəti ələ alsa da, ölkəyə demokratiya ab-havası gətirdiyini iddia etsə də, vəziyyət heç də ermənilərin ürəyincə deyil.
Əvvəla Paşinyan Baş nazir olandan sonra hakimiyyət inzibati basqıların dərəcəsini artırdı. Çoxsaylı həbs həyata keçirildi. İqtisadiyyatla bağlı populist vədlər verdi. Dağlıq Qarabağa qanunsuz səfərlər edib sərsəm fikirlər səsləndirməyə başladı.
Ona görə də istər Azərbaycanda onun siyasətini diqqətlə izləyənlər, istərsə də dünyada, lap elə Ermənistanın özündə ünvanına ən sərt ifadələr işlədənlər onu “dəli” adlandırırlar. Əslində, Paşinyanın apardığı siyasəti sistemləşdirib təhlil edəndə bu elementlər özünü göstərir. Onun verdiyi məsuliyyətsiz bəyanatlar, puç vədlər, demokratiya imitasiyası yaratması ciddi siyasətçi olmadığını və bu sahəyə təsadüfən gəldiyini göstərir.
Bütün bunları onun əqli cəhətdən qüsurlu olması haqqında yayılan tibbi sənəd də təsdiqləyir. Belə ki, Ermənistan mətbuatında Nikol Paşinyanın psixiatriya xəstəxanasında müalicə olunması ilə bağlı sənəd yayılıb. Erməni KİV-i xəbər verir ki, yayılan sənəd 1 noyabr 2001-ci ildə Krasnodar şəhər psixiatriya xəstəxanasından Krasnodar Prokurorluğuna göndərilib. Məsələ ilə bağlı Ermənistan hökuməti tələm-tələsik verdiyi açıqlamada yayılan sənədin saxta olduğunu və Baş nazir Nikol Paşinyanla heç bir əlaqəsi olmadığını desə də, fotofakt bunun əksini deyir.
- “Həmin sənədlərin məhz indi mətbuatda yayılmasının özü də maraqlı məqamdır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, şəxsən o, sözügedən sənədin həqiqi olmasına şübhə etmir: “Ona görə ki, onun siyasi fəaliyyətində bu elementlər açıq-aşkar özünü göstərir. Siyasi çıxışlarına, atdığı qeyri-ordinar addımlara baxsaq görərik ki, Paşinyanda normal siyasətçiyə xas olan xüsusiyyətlər yoxdur. Çünki onun bütün sahələrdə aşırı populizmə üstünlük verməsi, düşünülməmiş addımlar atması bu qənaətə gəlməyə əsas verir ki, Paşinyanın psixikası həqiqətən yerində deyil. Qarabağla bağlı onun məlum ifrat və ağlasığmaz fikirlər səsləndirməsi onu deməyə əsas verir ki, bunu deyən doğrudan da “dəli” olmalıdır. Ermənistan tərəfinin sözügedən sənədlərin saxta olması ilə bağlı səsləndirdiyi açıqlama həqiqəti əks etdirmir. Həmin sənədlərin məhz indi mətbuatda yayılmasının özü də maraqlı məqamdır. Nəzərə almaq lazımdır ki, Ermənistan-Rusiya münasibətləri gərgindir. Çox güman ki, belə bir dövrdə bunun ortaya çıxması təsadüfi deyil. Bununla həm də Paşinyana göstərirlər ki, necə keçmişin var”.