Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Paytaxtımızdakı Naxçıvan

u günlərdə Bakıda olarkən paytaxtımızda yaşayan və fəaliyyət göstərən hər bir naxçıvanlının üz tutduğu ünvana – Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinə yollandım. Məqsədim nümayəndəliyin fəaliyyəti ilə maraqlanıb oxuculara təqdim etmək idi. Üçmərtəbəli yaraşıqlı binaya daxil olarkən özümü ulu Naxçıvanımızın hüdudları daxilində, doğma bir məkandaymış kimi hiss etdim. Doğrudur, gözəl və müasir Bakı ölkəmizin paytaxtı kimi hər birimizin baş tacı, doğma şəhərimizdir. Buna baxmayaraq, təhsilimlə əlaqədar 1 aya yaxındır Naxçıvandan ayrı düşdüyümdən doğma diyarım üçün yamanca darıxdığımı etiraf etməliyəm. Bəlkə də buna görədir ki, Daimi Nümayəndəliyin binasına daxil olduğum anda qədim və müasir Naxçıvanın qəlbimdə tamam başqa məhəbbət dolu yer tutduğuna bir daha əmin oldum.

Daimi Nümayəndəliyin inzibati binasına daxil olduğum andan personalın məni necə gülərüz, səmimi qarşılaması və mehriban münasibəti məndə,doğrudan da, xoş təəssürat oyatdı. Əməkdaşlarla qısa tanışlıqdan sonra öyrəndim,əmin oldum ki, burada Daimi Nümayəndəliyin rəhbəri,onun müavini ilə yanaşı,Sektorlar üzrə fəaliyyət göstərən bilikli, savadlı,təcrübəli gənclər də paytaxtımızda doğma Naxçıvanımızı layiqincə və ləyaqətlə təmsil edir.

Əməkdaşlarla qısa tanışlıqdan sonra daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərovla görüşümüz isə daha yaddaqalan oldu. Bəxtiyar müəllimlə söhbətimizə bu qurumun fəaliyyət istiqamətləri barədə başladıq.

– Bəxtiyar müəllim, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi nə vaxtdan fəaliyyət göstərir və fəaliyyət istiqamətləri hansılardır?

– Daimi Nümayəndəlik 27 ildir ki, fəaliyyət göstərir. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi vaxtda,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 24 fevral tarixli qərarı ilə yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli cənab Vasif Talıbovun 2010-cu il,21 aprel tarixli Fərmanı ilə Daimi Nümayəndəliyin yeni Əsasnaməsi təsdiq olunub və fəaliyyət istiqamətləri müəyyənləşib.

Daimi nümayəndəliyin əsas fəaliyyət istiqamətlərinə gəldikdə, qısaca onu deyə bilərəm ki, qurum Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin olunması işini həyata keçirir. Paytaxt Bakıda muxtar respublika ilə bağlı məsələlərdə yaxından iştirak edir. Bundan əlavə muxtar respublikanın elm, təhsil, yaradıcılıq təşkilatları və digər ictimai qurumları ilə ölkənin müvafiq qurumları və müxtəlif sahələrdə fəaliyyət göstərən yaradıcı insanları arasında əlaqələrin yaradılması və genişləndirilməsi, muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatı ilə bağlı tədbirlərin təşkili və keçirilməsi də öhdəliklərimiz sırasındadır.

Eyni zamanda, Naxçıvandan Bakı şəhərinə ezam edilmiş şəxslərə xidməti tapşırıqların yerinə yetirilməsində,onların burada rahat şəkildə görüşlərinin təmin olunmasına,fəaliyyətinə köməklik göstəririk.  Doğma diyarımızdan olan tələbə və magistrlarla mütəmadi əlaqədə saxlayır, onların təhsillərinin müvəffəqiyyətlə davam etdirmələrinə nəzarət edir, yaxud da, bizə olunana müraciətlərə vaxtında diqqət göstəririk. Qeyd edim ki,təhsilini yüksək səviyyədə başa vuran gənclərimizin müvafiq işlə təmin olunması,onların istəkləri nəzərə alınmaqla, Naxçıvanda işlə təmin olunmasına da müvafiq dəstəyimizi əsirgəmirik.

Daimi Nümayəndəliyin ən önəmli, əsas vəzifələrindən biri də öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlarla, xüsusilə, xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirlikləri, müvafiq qurumları ilə əməkdaşlıq etmək və xarici ölkə səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərinə yaxından köməklik göstərməkdir.

– Təmsil etdiyim “Şərq qapısı” qəzetində, eləcə də digər KİV-də mütəmadi olaraq Daimi Nümayəndəliyin xətti ilə müxtəlif tədbirlərin və görüşlərin təşkil olunması barədə məlumatlara rast gəlirik. Yola saldığımız 2019-cu ilə geri dönsək, il ərzində nümayəndəliyin hansı tədbirlərini qısaca xatırlamaq yerinə düşər?

– Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin illik fəaliyyəti, qeyd etdiyim kimi, geniş spektrlidir. Bu mənada, xüsusi vurğulamaq istəyirəm ki, bu gün daimi nümayəndəlik nəinki Azərbaycan Respublikasında və hətta onun hüdudlarından kənarda belə,böyük dövlət xadimi cənab Vasif Talıbovun rəhbərliyi ilə günü-gündən inkişaf edən, yüksələn doğma Naxçıvanımızı şərəflə təmsil edən bir dövlət orqanı kimi fəaliyyətini genişləndirməkdədir. Buna görə də ölkəmizdə və xarici ölkələrdə keçirilən bir çox mühüm rəsmi, mədəni və s. tədbirlərdə iştirak edir, muxtar respublikamızın əldə etdiyi nailiyyətləri qürurla təbliğ  edirik. Ölkəmizdə Naxçıvan Muxtar Respublikası ilə yaxından,uzaqdan bağlı olan hər hansı bir tədbir keçirilirsə,ilk növbədə, daimi nümayəndəlik burada Naxçıvanı təmsil edir. Sevindirici hal ondan ibarətdir ki,son illər daimi nümayəndəliyin bir çox sahədə səmərəli fəaliyyəti, uğurlu bir təmsilçilik nümunəsi  formalaşdırmış, Azərbaycanın yüksək dövlət orqanları və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun diqqət mərkəzinə  çevrilmişdir.

Ötən ilin yaddaqalan tədbirləri barədə əvvəlcə bir cümlə ilə onu qeyd edim ki, il ərzində yuxarıda qeyd olunan əsas vəzifələrlə bağlı bütün işlər verilmiş tapşırıqlar üzrə,tam məsuliyyət hissi ilə yerinə yetirilib. Bundan başqa 2019-cu il bizim xalqımız üçün, xüsusilə,hər bir naxçıvanlı üçün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinin qeyd olunması ilə əlamətdar oldu. Ötən il təbiidir ki, 95 illiklə bağlı tədbirlər daimi nümayəndəliyin həyata keçirdiyi tədbirlər planının, təşkil etdiyi tədbirlərin prioritet istiqamətini təşkil edib. Həmin tədbirlər sırasında keçirilən,dəyirmi masalardan tutmuş rəsmi görüşlərə, bir çox ənənəvi tədbirlərdən tutmuş, konsert proqramlarına, rəsm sərgilərinə qədər çox tədbirləri qeyd edə bilərəm.

İlk olaraq, ötən ilin fevral ayında Daimi Nümayəndəlikdə respublikamızın elm, mədəniyyət xadimlərinin, ictimai xadimlərin iştirakı ilə təşkil edilmiş, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətimizdir” adlı dəyirmi masanı qeyd edə bilərəm. Bu dəyirmi masada,qeyd etdiyim kimi,bir çox ziyalılar,ictimaiyyət nümayəndələri, görkəmli mədəniyyət xadimlərinin də iştirak etməsi,onların bir tərəfdən muxtariyyətimizin tarixinə və onun yaranma zərurətinə, Azərbaycanın tarixi,onun taleyindəki oynadığı mühüm rola olan münasibətini ifadə edirsə, digər tərəfdən də bu günkü müasir Naxçıvanımızın, heç vaxt olmadığı kimi,əldə etdiyi böyük nailiyyətlərə olan yüksək münasibəti, dəstəyi bir daha diqqətə çatdırır. Həmin tədbir bir çox məqamları, müzakirə olunan mövzuları ilə yaddaqalan oldu desəm, yanılmaram.

Keçən ilin oktyabr ayında Fransanın Paris şəhərində keçirilən Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclasını xüsusilə xatırlatmaq istəyirəm. Qürurvericidir ki,bu tədbirdə Naxçıvanı məhz daimi nümayəndəlik təmsil etmişdir. Komitənin iclasında, belə demək mümkündürsə, Avropanın aparıcı dövləti sayılan Fransada,onun rəsmi şəxslərinin, xüsusilə, bu ölkənin regionlarını təmsil edən nümayəndələrin iştirak etdiyi rəsmi tədbirdə Naxçıvanın daha da yaxından tanıdılması üçün geniş təqdimat keçirilmişdir. Bu il Naxçıvanda imzalanması nəzərdə tutulan, Naxçıvan şəhəri ilə Fransanın Möntrö-Fot-Yon şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası ilə  bağlı, Fransadakı görüşlərin davamı olaraq,bildiyiniz kimi biz adıçəkilən şəhərə də səfər etmişdik. Fikrimcə, bu iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirilməlidir. Eyni zamanda, bu, müasir,son dərəcə inkişaf etmiş,intibah dövrünü yaşayan ulu Naxçıvanımızı beynəlxalq arenada tanıtmaq baxımından böyük əhəmiyyətə malik bir səfər olmuşdur.

– Bəxtiyar müəllim, bu məqamda,mənim də iştirak etdiyim bir konsert proqramını xatırladım. Ötən il martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin konserti olmuşdu. Sizin tədbirdə əhatəli çıxışınızdan sonra Naxçıvanın incəsənət xadimlərinin ifasında möhtəşəm bir konsert proqramı izlədik.

– Bəli .Mən söhbətimizin davamında elə bu məqama toxunacaqdım. Necə deyərlər, siz məni qabaqladınız. Qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı təşkil olunan tədbirlər sırasında bu konsert ən yaddaqalanı oldu. Siz də şahidi olmusunuz ki, bu konsertdə çox sayada xarici ölkələrin Azərbaycandakı səfirləri,diplomatik korpus nümayəndələri, deputatlar,ölkəmizin incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Filarmoniya solistlərindən,aşıqlardan tutmuş, gələcək vəd edən gənc,istedadlı musiqiçilərimizə qədər hamısının ifasında səslənən mahnı və musiqi nömrələri tədbir iştirakçılarının coşğun alqışına səbəb oldu. Konsert proqramından sonra xarici qonaqlar məmnunluqlarını bildirir,bu kimi proqramların tez-tez təşkil olunmasını arzu edirdilər.Bizə bundan dəyərli hədiyyə nə hesab oluna bilər?

Ötən il həm də zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Baba Nemətulla Naxçıvani irsinin öyrənilməsi və tədqiqi baxımından yaddaqalan il oldu. Bildiyiniz kimi, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müvafiq Sərəncam imzalamışdır. Sərəncamla təsdiq olunmuş Tədbirlər Planına əsasən,Naxçıvanda və Türkiyədə bir sıra tədbirlər, konfranslar keçirildi. Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” Beynəlxalq konfransının keçirilməsi bu tədbirlərin nəticəsi kimi mühüm əhəmiyyət kəsb etdi. Hörmətli Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə Naxçıvanda nəşr edilmiş,görkəmli mütəfəkkirə həsr olunan “Nemətulla Naxçıvani” kitabının Bakı şəhərində təqdimatının keçirilməsi və kitabın yayılmasını təmin etmək öhdəmizə düşən vəzifələrdən idi. Bununla bağlı keçirilmiş konfransda iştirakımız da bizim üçün yaddaqalan və əhəmiyyətli olmuşdur.

– “Paytaxtımızdakı Naxçıvan”ı qısaca olaraq necə şərh edə bilərsiniz?

– Düşünürəm ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi haqqında danışarkən bizim rəsmi fəaliyyətimizlə bağlı o qədər də geniş məlumata ehtiyac yoxdur. Son dövlər dünyada gedən innovativ inkişaf, texnologiyanın yüksək sürətlə inkişafı,sosial şəbəkələrin insanların həyatının bir hissəsinə çevrilməsi və burada yayılan informasiyalar nəinki bir il, yaxud bir ay,hətta bir neçə dəqiqə ərzində insanlara çatdırılmasına gətirib çıxarmışdır.Odur ki,bizim daimi nümayəndəliyimizin də hansı işlərlə,fəaliyyətlə məşğul olduğunu, deyərdim ki, artıq onunla maraqlananlar  yaxşı bilir. Fürsətdən istifadə edib bu sahədə bizim gündəlik fəaliyyətimizi doğru,dürüst işıqlandıran media,mətbuat orqanlarına,saytlara ayrıca təşəkkürümü bildirirəm. Artıq qeyd etdiyim kimi, daimi nümayəndəlik təkcə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu qazanmış Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin edilməsini həyata keçirən təşkilat kimi deyil, eyni zamanda,muxtar respublikanın xarici iqtisadi əlaqələrinin qurulmasında da yaxından iştirak etməkdədir.Bununla yanaşı bizim əsasnaməmizə daxil edilən bir sıra müddəalar var ki, biz həm də bu müddəalar üzrə fəaliyyətimizi davam etdiririk. Çalışırıq ki,Naxçıvanımızı Azərbaycanın paytaxtında fədakarlıqla,layiqincə,yorulmadan təmsil edək. Bu gün Daimi Nümayəndəliyin fəaliyyəti Naxçıvan Muxtar Respublikasının adı ilə birbaşa bağlıdır və bu fəaliyyət muxtar respublikanın bütün sahələrini əhatə edir.Bizim fəaliyyətimiz bir güzgü funksiyasını daşıyır desək, yanılmarıq. O baxımdan biz çalışırıq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qarşımıza qoyduğu tələb və prinsiplərə uyğun şəkildə,bu gün Heydər Əliyev ideyaları ilə irəliləyən,Prezident İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilən müqəddəs yolun məhz onun rəhbərliyi altında Naxçıvanda dönmədən həyata keçirildiyini,uğurlu siyasətin real nəticələrini xalqımıza,vətəndaşlarımıza, eyni zamanda beynəlxalq aləmə layiqincə, olduğu kimi çatdıraq.

Bundan başqa, Naxçıvanın beynəlxalq iqtisadi münasibətlərinin də inkişaf etməsinə öz töhfəmizi verməyə çalışırıq. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf və həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, Naxçıvan təkcə Azərbaycanın deyil, eyni zamanda dünyanın diqqət mərkəzinə çevrilib. Daimi Nümayəndəliyin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə birbaşa münasibətlərin yaranması və eyni zamanda səfirlərin Daimi Nümayəndəliyə tez-tez gəlişi Naxçıvana olan diqqət və xüsusi marağı açıq göstərir. Təkcə bir faktı vurğulamaq istəyirəm ki, 2019-cu ildə Daimi Nümayəndəliyə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin 50-dək səfiri gəlmişdir. Bu səfirlərin böyük əksəriyyəti sonradan Naxçıvan Muxtar Respublikasına rəsmi səfərlər etmiş, diyarımızda bu gün həyata keçirilən uğurlu sosial-iqtisadi inkişafın nailiyyətlərinin canlı şahidi olmuş və bir çox hallarda mətbuata bu barədə öz fikirlərini bildirmişlər.

Bununla yanaşı,il ərzində bir çox ölkələrin milli bayram və əlamətdar günlərilə bağlı təşkil edilmiş rəsmi qəbullarda iştirak etmişik.Xarici ölkə səfirlərinin Daimi Nümayəndəliyin timsalında Naxçıvana olan marağını, münasibətini, Naxçıvan Muxtar Respublikasına tez-tez səfərlərini, orada həyata keçirilən işlərlə yaxından tanışlığını diqqət mərkəzinə gətirsək, fəxrlə deyə bilərik ki, bu gün Naxçıvanın real inkişaf mənzərəsini beynəlxalq aləmə çatdıra bilirik. Təbiidir ki, bütün bunlar bizi həm sevindirir,həm də bizə əlavə stimul verir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş böyük bir siyasət bu gün Naxçıvanda dönmədən uğurla həyata keçirilir. Bizim əldə etdiyimiz nailiyyətlər onu deməyə əsas verir ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin vaxtilə düşündüyü formada inkişaf edir və bu işdə flaqman sayıla biləcək Naxçıvan Muxtar Respublikası buna əyani sübutdur. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində inkişaf göz qabağındadır. Burada insanların firavan həyatı,yaşayışı yüksək səviyyədə təmin edilib, vətəndaş məmnunluğuna tam nail olunub. Bu qədim diyar bir çox sahələrdə vətəndaş məmnunluğuna gətirib çıxaran cəmiyyətin qurulmasında nümunə rolunu oynayır. Ölkə Prezidenti cənab İlham Əliyevin hər il Naxçıvana müxtəlif vaxtlarda səfərləri zamanı bu diyarın nail olduğu inkişafı yüksək qiymətləndirməsi bizim üçün əsas göstəricidir. Bakı şəhərində Naxçıvan Muxtar Respublikası haqqında mənzərə formalaşdırarkən bu məsələləri xüsusilə diqqət mərkəzinə gətiririk. Naxçıvan Muxtar Respublikasında təsərrüfat və sosial-mədəni quruculuqda əldə edilmiş nailiyyətlərin təbliği və buna yönəlik tədbirlərin, sərgilərin, ekspozisiyaların, mühazirələrin təşkil olunması, müasir filmlərin nümayişi, yaradıcı kollektivlərin çıxışlarının təklifinə və təşkilinə köməklik göstərmək də bizim fəaliyyət sahəmizə daxildir. Muxtar respublikada həyatın bütün sahələrində əldə olunmuş nailiyyətləri, uğurları, bəzi hallarda tam statistik məlumatları mətbuata təqdim edir, beləliklə Azərbaycan ictimaiyyətinin, eyni zamanda xarici ölkələrin Bakıdakı səfirliklərinin müəyyən mənada marağına səbəb olan faktları tez-tez mətbuata açıqlayırıq.

– Bəxtiyar müəllim, qeyd etdiyiniz kimi, Daimi Nümayəndəlik Naxçıvanla Azərbaycan Respublikasının dövlət qurumları arasındakı əlaqəni təmin edir, Naxçıvanı paytaxt Bakıda layiqincə təmsil edir. Bu, işin rəsmi tərəfidir. Bəs Bakı şəhərində yaşayan naxçıvanlılar üçün hansı məsələlər həllini tapmasında vasitəçi olursunuz?

– Daimi Nümayəndəlik Bakı şəhərində yaşayan naxçıvanlılar üçün dayaqdır, ümid yeridir desək,doğru olar. Çünki bizə müraciət edənlərin hər biri ilə yaxından maraqlanır, onların problemlərinin qanunvericiliyin tələbləri əsasında həllini təmin etməyə çalışırıq. Daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək bizim vəzifələrimiz sırasındadır. Siz bilirsiniz ki, müasir dövrdə ərizə daxilolmaları əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur. Bu da elektronlaşma, innovativ inkişafla bağlıdır. Elektron müraciətlərə baxılması,müvafiq qaydalara uyğun tədbirlərin görülməsi prosesi tərəfimizdən həyata keçirilir.

Bu mənada vurğulayım ki, 2019-cu il Daimi Nümayəndəliyimiz üçün bir məqamla daha yaddaqalan oldu. Belə ki, ötən ildən Daimi Nümayəndəlikdə Bakı şəhərində və respublikamızın digər bölgələrində yaşayan, Naxçıvanda daimi qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi işi təşkil olunub. Bu da çox sevindirici haldır. Qərara alınıb ki, bu proses il ərzində bir neçə dəfə həyata keçirilsin. Cənab Vasif Talıbovun təşəbbüsü ilə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Daimi Nümayəndəlikdə həyata keçirilən bu kampaniya vətəndaşlar tərəfindən çox böyük rəğbət və sevinc hissi ilə qarşılanıb. Əvvəllər insanlar çox uzaq məsafə qət edərək şəxsiyyət vəsiqəsi əldə etmək və ya dəyişdirmək üçün Naxçıvana getməli olurdular. Bu gün artıq o problem də öz həllini tapıb. Bakıda və digər rayonlarda yaşayan Naxçıvan sakinləri artıq çox rahat şəkildə müraciət edərək Daimi Nümayəndəlikdə qeyd olunmuş vaxtlarda şəxsiyyət vəsiqələri ilə bağlı məsələlərini həll edə bilirlər.

– Bakı şəhərində və digər regionlarımızda Naxçıvandan olan çox sayda tələbələr, magistrlər təhsil alırlar. Onların nümayəndəliklə bağlı müraciətləri olurmu?

– Çox düzgün buyurdunuz. Bizə müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin də Daimi Nümayəndəliyimizə müxtəlif məsələlərlə bağlı müraciətləri olur. Bu müraciətlərin yerində araşdırılması və onların aradan qaldırılmasına çalışırıq. Təhsilin müvəffəqiyyətlə başa vurulması və onların öz istəkləri əsasında muxtar respublikada işlə təmin olunmasına qeyd etdiyim kimi,lazımi köməklik göstəririk.

Onu da qeyd edim ki, hörmətli Vasif Talıbovun diqqəti və qayğısı ilə respublikamızın yaradıcı insanlarının, görkəmli elm xadimlərinin Naxçıvan Muxtar Respublikasında,müasir texnologiya vasitəsilə çap olunmuş əsərlərinin, kitablarının da Daimi Nümayəndəlikdə təqdimat mərasimlərini keçiririk. Onu da deyim ki, nəinki Naxçıvandan olan yaradıcı insanların, eyni zamanda digər ziyalılarımızın da əsərləri bir çox hallarda bizim təklifimiz və dəstəyimiz əsasında Naxçıvanda yüksək keyfiyyətlə çap olunur.

Bir sözlə,Daimi Nümayəndəliyimizin kollektivi verilmiş tapşırıqlar və nəzərdə tutulmuş məsələlərin icrası üçün tam mobil vəziyyətdə fəaliyyət göstərir. Təsadüfi deyil ki, bu gün Daimi Nümayəndəliyin fəaliyyəti həm Azərbaycanın istənilən dövlət qurumu,həm də sıravi vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Bu gün kollektiv olaraq çalışırıq ki, həyata keçirdiyimiz işlərlə cəmiyyətin bizə olan inamını, müsbət münasibətini həmişə yüksək səviyyədə saxlayaq. Çünki biz anlayırıq ki, gördüyümüz bütün işlərlə Naxçıvanı təmsil edirik.

– Qeyd etdiyiniz kimi, Daimi Nümayəndəlik dövlət qurumları ilə geniş əlaqələrə malikdir. Kütləvi informasiya vasitələri, eləcə də hazırda təmsil etdiyim “Şərq qapısı” qəzeti ilə əlaqələr barədə nə deyə bilərsiniz?

– Təbii ki, biz Naxçıvan mətbuatının daimi abunəçisiyik. Eləcə də “Şərq qapısı” qəzetinin bütün nömrələrini əldə edərək diyarımızda gedən bütün işlər barədə operativ məlumatlara malik oluruq. Orada gedən işləri yüksək qiymətləndiririk. Qəzet bu gün Naxçıvanın reallıqlarını gündəlik olaraq öz səhifələrində işıqlandırır. Son vaxtlar nümayəndəliyin fəaliyyətinin yüksəldilməsi ilə bağlı irəli atılan mühüm tədbirləri, əldə etdiyimiz uğurları “Şərq qapısı”nın səhifələrində görmək qürurvericidir. Eyni zamanda onu da qeyd etməliyəm ki, daimi nümayəndəliyin gündəlik fəaliyyətini işıqlandıran, bizi olduğumuz kimi təbliğ edən Naxçıvan Televiziyasının kollektivinə, “Nuhçıxan” İnformasiya Agentliyinə, fəaliyyətimizi diqqətdə saxlayan bütün televiziya, mətbuat orqanlarına, saytlara kollektivimiz adından sonsuz təşəkkürlərimi ifadə edirəm.

– Son olaraq 2020-ci il üçün Daimi Nümayəndəliyin qarşısında duran vəzifələr barədə qısaca məlumat almaq istərdim.

– Özünüz də tanışlıq zamanı şahidi oldunuz ki, Nümayəndəliyimizin kollektivi bütövlükdə gənclərdən ibarətdir. Gənclik isə enerji və yenilik deməkdir. Biz də yaradılan bu imkanlardan istifadə edərək,çalışacağıq ki, 2020-ci ildə qarşımızda duran vəzifələri daha yüksək formada, vətənimizə olan sonsuz məhəbbətimizlə,şövqlə yerinə yetirək. Muxtar respublikamızın əldə etdiyi uğurların ölkə ictimaiyyətinə, eyni zamanda xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlik və nümayəndəliklərinə çatdırılmasında daha operativ olaq. Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlara müvafiq,təsdiqlənmiş  tədbirlər planımıza daxil olan fəaliyyət proqramı,bayram və xüsusi günlərin qeyd edilməsi ilə bağlı ənənəvi tədbirlərin keçirilməsi diqqət mərkəzində olacaq. Eyni zamanda vətəndaşların müraciəti əsasında işlərin həyata keçirilməsi, vətəndaş məmnunluğu əsas vəzifə prioritetlərimiz kimi davam etdiriləcək.

Geniş müsahibəyə görə Bəxtiyar Əsgərova minnətdarlığımı bildirib, nümayəndəlikdən ayrılıram. Nümayəndəliklə tanışlıq və apardığım söhbətlərdən də bir daha əmin oldum ki, paytaxtımız Bakıda Naxçıvan çox gözəl təmsil olunur. Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi naxçıvanlıların doğma diyardan kənardakı qürur mənbəyi, əsl dəstək ocağı,doğma yurdumuzun əziz bir guşəsidir.

Gülcamal Tahirova

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …