Cümə , 22 Noyabr 2024
Drone Cameras

Polad Həşimovdan film çəkən rejissor: “Mənə qarşı çox təzyiqlər oldu”

Məlum olduğu kimi, şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə bədii film çəkiləcək. Filmin redaktoru, kinoşünas Aydın Kazımzadə bildirib ki, film real hadisələrə əsaslanacaq. Bəs filmdə daha nələri görə biləcəyik?

Boyukmillet.com bildirir ki, “Yeni Müsavat” bu və digər suallara cavab tapmaq üçün bu dəfə filmin ssenaristi və rejissoru Cəlaləddin Qasımovla söhbətləşib.
Qeyd edək ki, Cəlaləddin Qasımov Qarabağ, Azərbaycan həqiqətləri haqda ”Şollerin arxivi” adlı bədii və bir neçə sənədli, o cümlədən “100 il şərəfli ömür”, “Nobel qardaşları” və sairə filmləri ilə tanınır.

Boyukmillet.com saytı söhbəti təqdim edir.

 – Şəhid general-mayor Polad Həşimov haqqında çəkiləcək filmin ssenarisinin tez bir zamanda hazır olması çoxları tərəfindən maraq və bir qədər də təəccüblə qarşılandı. Ümumiyyətlə, ssenari nə qədər müddətə hazırlandı?

– Saat yarımlıq olacaq bu film Polad Həşimovun şəhid olduğu yüksəkliyin 90-cı illərdə alınması tarixindən bəhs edir. Ümumiyyətlə, filmdə 17 hadisə var və onlardan biri də Polad Həşimovun şəhid olduğu yüksəkliyin tarixi haqdadır. Həmin yüksəklik barədə ssenari yazılmışdı və həmin yerdə də Polad Həşimov şəhid oldu.

– Filmin real hadisələrə əsaslandığını bildirmişdiz. Bu haqda daha ətraflı məlumat istərdik.

– Filmdə real hadisələrdən biri də budur – azərbaycanlılar bir erməni hərbiçisi əsir düşür. Məlum olur ki, həmin əsir həm də tarixçidir. Zamanında ona göstəriş verilib ki, Azərbaycan ərazisində olan alban abidələrinin üzərinə erməni xaçı qoysun və bununla da həmin abidələrin ermənilərə məxsus olduğu sübut edilsin. Əsir düşmüş erməni bərbiçisi həmin abidələri bir-bir göstərir. 5-ci sinif şagirdi belə bu abidələrin üzərinə baxanda müəyyən edə bilər ki, xaçlar təzədir, onların cəmi 20-30 yaşı var. Amma halbuki alban abidələrinin min illərlə tarixi var. Bunu ekspertiza olmasa belə müəyyən etmək mümkündür. Beləliklə, filmdə bu cür hadisələrdən söhbət açılır.

Beynəlxalq festivalları mütəmadi olaraq izlədiyim üçün bu haqda dəqiq məlumatlarım var ki, ermənilər mütəmadi olara jüri üzvlərinə məktub yazaraq, bildirirlər ki, “biz İslam, müsəlman ölkələri arasında sıxılmış, əzilmiş bir xalqıq. Və sizə xristian ölkəsindən əzilmiş bir erməni xalqının Qarabağ mövzusunda olan filmini göndəririk”. Mən də bu filmdə göstərməyə çalışıram ki, İslamdan əvvəl Azərbaycan da xristian ölkəsi olub. Bütün bunların dünya ictimaiyyətinə çatdırmaq üçün film hazır olduqdan sonra onu beynəlxalq festivallarına təqdim edəcəyik. Qoy bütün dünya görsün ki, ermənilər alban kilsələrini belə öz adlarına çıxarmaq istəyirlər.

Daha bir real hadisələrdən biri əsir düşmüş azərbaycanlıların necə işgəncələrə məruz qalmış vəziyyətdə geri qaytarılması ilə bağlıdır. Və əsir düşmüş erməniləri necə geri qaytarmışıq – bunlar real hadisələrdir və bu barədə faktlar var.

– Çox təəssüf ki, Polad Həşimovun çox sadə, təvazökar həyat tərzi sürdüyü, əsgərlərinə öz doğma övladı kimi yanaşdığı haqda ölümündən sonra xəbər tutduq. Bütün bunlar da filmdə öz əksini tapacaqmı?

– Film məhz şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinin əbədiləşdirilməsi üçün çəkilir. Yəni onun əsgərlərinə qarşı öz övladı kimi davranması, öz cibindən əsgərlərin gündəlik tələbatı üçün olan ləvazimatları alması, daha sonra döyüş bölgəsində şəhid olması, bütün bunlar film əks olunacaq.

Bu arada qeyd edim ki, bu günə qədər 26 şəhid-qəhrəmanlarımızın həyatı haqda kitablar yazmışam. Yəqin ki, növbəti ssenari kitabım da general-mayor Polad Həşimov haqda olacaq.

– Ermənilər çoxdan Qarabağ, hətta uduzduqları Aprel döyüşləri haqda öz məqsədlərinə uyğun filmlər çəkib, beynəlxalq festivallara daşıyırlar. Azərbaycan isə bu məsələdə hələ ki, geridə qalır. Səbəb nədir?

– Ermənilər nəinki Aprel döyüşlərindən, Sumqayıt hadisələri haqda da filmlər çəkiblər. Bütün dünya ictimaiyyətinə göstərməyə çalışırlar ki, guya ki, ilk olaraq Sumqayıtda azərbaycanlılar erməniləri qovmağa başlayıblar, müharibəni ilk olaraq biz başlamışıq və sairə. Hansı ki, Sumqayıt hadisələrinin istintaqını Rusiya aparıb və məlum olub ki, erməni xüsusi xidmətinin qruplarına Qriqoryan qardaşları birbaşa rəhbərlik edib və bu barədə bizim bir filmimiz belə yoxdur. Bütün istintaq materiallarını Rusiya aparıb. Onların arasında bir azərbaycànlı belə olmayıb.

Hətta ermənilər Xocalı faciəsini tərsinə çəkib, dünya ictimaiyyətinə göstərirlər. Qeyd edim ki, onlar bu filmləri bir neçə ölkə ilə birgə istehsal edir, bütün günahları Azərbaycanın üstünə atırlar. Filmlərinin əvvəlinə isə Lalə Şövkətin çıxışını verirlər. L.Şövkət çıxışında bildirir ki, “biz bir ay gecə-gündüz Xankəndinə bomba atdıq, erməni qaçmadı, amma siz niyə qaçdız?” Bu diaqlodan sonra filmlər başlayır. Hətta bir sıra filmlərini “Xocalı faciəsini azərbaycanlılar törədib” başlığı ilə verirlər. Həmin filmlərin əvvəlinə isə Ayaz Mütəllibovun Rusiya mətbuatında dərc olunan yazısı verilir.

Bu cür filmlər çoxdur və mən bunları ürək ağrısı ilə seyr edirəm. Hətta şahidi oluram ki, bir çox hallarda Qarabağla bağlı uydurmalarını dünya ictimaiyyətinə inandıra bilirlər.

– Məlum olduğu kimi ermənilər artıq bir neçə ildir ki, “Eurimages” Beynəlxalq Film Fonduna üzvdürlər və bu fürsətdən istifadə edib, bir neçə ölkə ilə birlikdə Azərbaycan əleyhinə filmlər çəkirlər. Bu fonda Gürcüstan da üzvdür. Bəs Azərbaycan niyə bu fonda üzv ola bilmir? Bunun üçün nə çatışmır?

– Maraqlıdır ki, Azərbaycan Avropada tibbdən tutmuş insan hüquqlarına qədər demək olar ki, bütün təşkilatlara üzvdür, bir tək mədəniyyət sahəsindən başqa. Halbuki bugünki gündə hər şeydən vacib mədəniyyətdir. Xalqın mədəniyyətini, Qarabağ haqqında həqiqətləri ancaq filmlərlə dünyaya çatdırmaq olar. Lakin Azərbaycan bu məsələdə geridə qalır. Hətta bir dəfə mətbuatda gördüm ki, Mədəniyyət Nazirliyinin Elşad adlı əməkdaşı yalan olaraq bildirirdi ki, “bizi həmin fonda qəbul etmədilər, çünki standartlara uyğun deyildik” və sairə. Halbuki vaxtilə sovet dövründə ən uğurlu filmlər Azərbaycanda istehsal edilib. Sadəcə 100 min pul köçürüb, onların bir neçə şərtləri ilə razılaşmaq lazım idi. Həmin 100 mindən milyonlarla pul qazanmaq olardı. Bildiyiniz kimi filmlərin çəkilişi ümün həmin fond milyonlarla pul ayırır. Necə olur ki, fonddan bütün ölkələrə pul ayrıla bilir, amma Azərbaycana yox? Səbəb isə budur ki, Azərbaycan kinosu, kino mədəniyyəti bizim Mədəniyyət Nazirliyimiz üçün maraqsız olub. Şəxsən mən dəfələrlə bu haqda nazirliyə müraciət etmişəm, festivallarda gördüyüm filmləri göstərmişəm, barələrində danışmışam. Lakin onlardan heç bir səs çıxmayıb. O nazirliyin sadəcə bir marağı olub – dövlət büdcəsindən ayrılan vəsaiti şəxsi bizneslərinə çevirsinlər, vəssalam.

Bildiyiniz kimi, dünyada ən gəlirli sahə kino sahəsidir. Lakin bu sahə bizdə uzun illər əmin əllərdə olmayıb. Məsələn, bir də Fuad Poladov kimi sənətkarımız dünyaya gəlməyəcək. Zamanında ona layiqincə dəyər verilmədi. Həmçinin Rasim Balayev bir də olmayacaq. Onun bacarığından yetərincə istifadə edilməyib. Əgər onun iştirakı ilə filmlər çəkilsəydi, bütün dünya qəbul edərdi. Və yaxud Fəxrəddin Manafov illərdir ki, filmlərə çəkilmir. Ola bilər 5 ildən bir hansısa filmlərə çəkilsinlər, amma bu yalnız xırda epizodlardan ibarət olur. Halbuki 2008-2018-ci illər ərzində dövlət büdcəsindən hər il film üçün 8 milyon vəsait ayrılıb. Bəs o pullar hara xərclənib? Guya həmin pullarla xarici ölkədən aktyor gətiriblər, qrimlərə xərcləyiblər və sairə. Həmin filmlər çəkildikdən sonra yalnız bir dəfə Nizami Kino Mərkəzində göstərilib, daha sonra arxivə göndərilib.
Ümumiyyətlə, keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin Azərbaycana vurduğu zərbəni heç ermənilər vurmayıb.

– Aydın Kazımzadə açıqlamasında bildirmişdi ki, siz Qarabağ həqiqətləri haqda ssenarilər yazmısız, amma onların həyata keçməsi üçün sizə mane olmağa çalışıblar. Sirr deyilsə, onlar kimlərdir?

– Qarabağ mövzusunda bir neçə ssenarim var. Lakin hər dəfə bu mövzuda ssenari yazanda bilirdim ki, qəbul olunmayacaq. Çünki hər kəsə məlumdur ki, hər il eyni rejissorların filmi keçir.

Hətta Qarabağ mövzusunda bir film hazırlamışdım. Filmə Müdafiə Nazirliyi baxdı və bildirildi ki, Mədəniyyət Nazirliyindən rəy verilməlidir. Mən də bu barədə nazirliyə məktub yolladım. Lakin gah məktubumu itirdilər, gah başqa bəhanələr tapıldı. Düz üç dəfə məktub yolladım. 3 ay keçəndən sonra axırda özüm nazirliyə getdim. Bildirdim ki, beynəlxalq film festivallarında ermənilər öz kinolarında Azərbaycan xalqını təhqir edir, yalan, saxta faktlarla dünya ictimaiyyətini aldadırlar. İmkan verin biz də hətta öz hesabımıza film çəkək. Niyə bizi incidirsiz?”. Daha sonra koronavirus pandemiyası başladı, bu məsələ qaldı.

– Yəqin ki, yaxın vaxtlarda mədəniyyət naziri postuna da təyinat olacaq. Bu vəzifədə kimi görmək istəyirsiz və gözləntiləriniz nədir?

– İstərdim ki, təyin olunacaq yeni mədəniyyət naziri millətini, xalqını sevən olsun. Keçmiş mədəniyyət naziri nazirliyi öz ailə biznesinə çevirmişdi. Filmlərinə sevə-sevə baxdığımız ən tanınmış Xalq, əməkdar artistlər var, hansı ki, indi filmlərə çəkilmirlər, maddi durumları pis vəziyyətdədir. Onlar xırda bir maddi yardım almaq üçün nazirliyə dəfələrlə müraciət etsələr də, aldıqları cavab eyni olub: “Büdcədə pul yoxdur!”. Amma sonra gördülər ki, nazirlik milyonları necə “yeyib”. Yəni, bu qədər öz xalqın, millətinə, mədəniyyətinə qarşı vicdansızcasına yanaşıblar.

Mənə qarşı çox təzyiqlər oldu, hətta müəyyən qədər bu bir qədər də davam edir. Lakin buna baxmayaraq, həvəsdən düşmür, Azərbaycan həqiqətlərini nəhayət ki, beynəlxalq festivallara daşımağa çalışıram”.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …