Polis əməliyyat keçirib, narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb.
Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar.
Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də 1 ədəd “Beretta” markalı tapança, həmin silaha aid 11 ədəd patron və sandıqça aşkar edilib.
Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə Ağamehdi Fərəcullayev narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 6 kiloqram heroin, 6 kiloqram metamfetamin və elektron tərəzilər aşkar edilib.
Suraxanı rayonunda keçirilən əməliyyat zamanı isə İlkin Abışov tutulub. Bu şəxsdən 3 kiloqramdan artıq heroin, metamfetamin, 2500 ədəd metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartları, elektron tərəzilər aşkar edilib. Adları sadalanan 4 nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə əsasən gənclər arasında yaymaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.
Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan ikisi qadın olmaqla daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 7 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Lənkəran şəhərində keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan əvvəllər məhkum edilmiş Əmirastan Bağırov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan artıq marixuana aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 43 kiloqram narkotik maddə və 3118 ədəd psixotrop tərkibli həb çıxarılıb.