Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə hərtərəfli islahatların həyata keçirilməsidir. Ölkəmizdə islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması məsələsinə toxunub. Prezident vurğulayıb ki, ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Dünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Davos Forumu dünyada bir nömrəli Forumdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyev son 16 ildə ölkəmizdə islahatlar kursunu daha da dərinləşdirib. 2003-cü ildən bəri Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
S.Adıgözəlli əlavə edib ki, ölkəmizdə struktur islahatları Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha aktiv fazaya daxil olub. Dövlət başçısı tərəfindən reallaşdırılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Bu islahatlar artıq müsbət nəticələrini göstərməkdədir. Siyasi islahatlarla yanaşı, həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər ölkəmizin daha da güclənməsini təmin edib. Bu gün ölkənin hər yerində iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Dövlətimizin başçısının vurğuladığı kimi, həyata keçirilən siyasətin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Dinamik inkişaf nəticəsində Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən güclü regional mərkəzə çevrilib.