“Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır”.
Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.
“Bu gün biz Bolqarıstan Prezidenti və Baş naziri ilə ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar aparmışıq, qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişik. Biz enerji və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrinə toxunduq. Bu sahələr bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür”, – İlham Əliyev qeyd edib.
Dövlətimizin başçısı deyib: “Təbii ki, biz sizi maraqlandıran məsələləri müzakirə edəcəyik. Çünki sizin bu görüşdə iştirakınız ondan xəbər verir ki, ölkəmizi yaxşı tanıyırsınız, inkişafımızı və apardığımız islahatları yaxşı bilirsiniz. Ümid edirəm ki, bu görüşdən sonra siz bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqsınız”.