Azər Həsrət: “Ölkənin hardasa 70 faizində vətəndaşlar öz deputatlarını tanımır”
“Bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır”. Bunu Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Ölkə başçısının fikrincə, parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir: “Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir. Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim”.
Həqiqətən bir sıra deputatlar seçildikdən sonra, ümumiyyətlə, öz dairələrindəki problemlərlə, əhalini narahat məsələlərlə maraqlanmırlar. Üst-üstə yığılan problemlərin həlli ilə bağlı hər hansı təşəbbüslə çıxış etmirlər.
Maraqlıdır, sonuncu parlamentdə təmsil olunan deputatların təxminən neçə faizi səslənən kriteriyalara uyğun fəaliyyət göstərməyib?
- “Hazırda sözügedən deputatların bir qismi yenidən öz namizədliyini irəli sürüb, bu isə cəmiyyətdə ikrah hissi yaradır”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert Azər Həsrət bununla bağlı bir sıra məqamlara toxundu: “İctimai sahədə fəal insan olaraq xüsusən də deputatlarla bağlı durumu müşahidə etmək üçün əlimdə unikal bir fürsət olub. O fürsətdən də yararlanaraq özümün müşahidələrimi, qənaətlərimi formalaşdırmışam. Demək olar ki, ölkənin hər tərəfindən vətəndaşlar, yaxud da ayrı-ayrı problemlərlə üzləşən vətəndaşlar az qala hər gün mənə sosial media üzərindən, mobil telefonla məlumat göndərirlər. Bu minvalla əlaqə saxlayır və problemlərinin həlli üçün kömək istəyirlər. Mən də dərhal onlardan soruşuram ki, deputatınız kimdir? Məlum olur ki, rayonlarda vətəndaşların çoxu deputatları tanımır. Bu, artıq bir göstəricidir. Təəssüflər olsun ki, bax, belə bir göstərici çox yüksəkdir. Ölkənin hardasa 70 faizində vətəndaşlar öz deputatlarını tanımırlar. Çünki onlar seçiləndən sonra dairələrdəki problemlərlə maraqlanmırlar. Məsələ ondadır ki, deputat yerində vətəndaşlarla təmasda olmadığına görə, seçildiyi rayona tez-tez gəlmədiyi üçün onu tanımırlar. Hətta Bakı şəhərinin özündə belə, elə deputatlar var ki, onları illərdir seçicilər axtarırlar, amma tapa bilmirlər. Bir çoxu deputatın qəbuluna belə düşə bilmir. Hazırkı parlamentdə olan deputatların hardasa 70 faizi bu qəbildəndir. Hazırda sözügedən deputatların bir qismi yenidən öz namizədliyini irəli sürüb, bu isə cəmiyyətdə ikrah hissi yaradır. Hesab edirəm ki, Prezidentin məlum çağırışı məhz o cür adamlara ünvanlanıb. Həmin adamlar islahatları tormozlamaq, hansısa formada bunu istəmirlərsə, öz şəxsi mənafelərini kənara qoyub meydandan çəkilməlidirlər. Mən özüm bölgələrə gedirəm. Soruşuram deputatınız kimdir, necə bir adamdır? Deyirlər ki, “filankəsin qohumudur, yaxşı yeyib-içən oğlandır”. Bax, belə hallar var. Yəni belə deputatların sayı təəssüf ki, həddən artıq çoxdur. Parlamentdə fəal deputatlar da var, amma onların sayı çox azdır. Düşünürəm ki, fevralın 9-da yenilənən parlamentdə artıq belə adamlar oturmayacaq. Oturacaqları təqdirdə islahatlar əngəllənmiş olacaq. Ona görə də biz hamımız elə etməliyik ki, ölkə başçısının çağırışına uyğun olaraq yeni parlament xalqla təmasda olan, ümumiyyətlə, hər kəslə danışmağı bacaran, eyni zamanda, Azərbaycanı beynəlxalq platformalarda layiqincə təmsil etməyi bacaran insanlardan ibarət olsun”.