Qlobal Bakı Forumu qısa müddət ərzində qlobal gündəlikdə olan vacib məsələlərin həlli üçün çox mühüm platformaya çevrilib.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bizim qonaqlarımız arasında 15-dən çox ölkədən 450-dən artıq nümayəndə var. Onların sırasında 47 fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, aparıcı siyasətçilər, dövlət xadimləri, ziyalılar və vətəndaş cəmiyyətinin üzvləri var. Əminəm ki, Forumun gedişində beynəlxalq münasibətlərin gündəliyində duran məsələləri geniş şəkildə müzakirə edəcəyik. Həmçinin əminəm ki, dünyada təhlükəsizliyin, sabitliyin və gözləntilərin təmin edilməsi və əməkdaşlıq üçün mühüm tövsiyələr irəli sürüləcək”.
İlham Əliyev bildirib ki, artıq Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilib:
“Onların arasında ənənəvi Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu var”.
Prezident həmçinin xatırladıb ki, Azərbaycanda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları keçirilib:
“Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər yaradır, müxtəlif ölkələrin nümayəndələri, müxtəlif dinlər və baxışlar arasında daha çox qarşılıqlı anlaşma yaradır”.
Dövlət başçısı əlavə edib ki, bu il BMT tərəfindən tam dəstəklənən və Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında unikal əməkdaşlıq platforması olan “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd olunur:
“Azərbaycan hər iki beynəlxalq təşkilatın üzvü kimi 2008-ci ildə Bakıda bu qurumların üzv ölkələrinin mədəniyyət nazirlərinin görüşünü təşkil etmişdi. Hazırda “Bakı Prosesi” beynəlxalq təşkilatlar, eləcə də xalqlar arasında daha yaxşı anlaşmanın təmin olunmasına yönəlmiş geniş fəaliyyət dairəsini əhatə edir”.
Prezident İlham Əliyev qeyd edib ki, bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi dinc və ləyaqətlə yaşayır: “Fikrimcə, bu, müasir dünyada çox qiymətli keyfiyyətdir. Biz həm də öz təcrübəmizi bölüşmək istəyirik və mən hesab edirəm ki, müasir Azərbaycanın bugünkü inkişafı onu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.
Azərbaycan Prezidenti deyib ki, inklüziv cəmiyyət hazırda qlobal gündəlikdə dayanan məsələlərdən biridir: “Əlbəttə, bizim bütün səylərimiz bütün dünyada, xüsusilə də regionumuzda ehtiyac olan təhlükəsizliyin təmin olunmasına yönəlib”.
İlham Əliyev bildirib: “Təəssüf ki, Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə və işğala məruz qalıb, bu ölkə Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal edib. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib”.
Dövlət başçısı xatırladıb ki, Ermənistan hərbi cinayət – Xocalı soyqırımını törədib: “Bu soyqırım 10-dan çox ölkə tərəfindən tanınıb. Xocalıda qətliam nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 1000-dən çox şəxs itkin düşüb. Bu cinayət insanlıq əleyhinə yönəlib və Azərbaycana qarşı təcavüz siyasətinin bir hissəsi olub”.